Ali məktəblərə qəbulla bağlı dəyişiklik edildi

27 Sentyabr 2013 10:46 (UTC+04:00)
Gələn ildən etibarən Azərbaycanda ali təhsil müəssisələrinə və rezidenturaya qəbul imtahanlarının keçirilmə tarixlərində dəyişikliklər edilib.


APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, 2014-cü tədris ilində əvvəlki illərin məzunları ali məktəblərə qəbul imtahanlarını aprel ayında verəcək: "Biz nəzərdə tutmuşuq ki, əvvəlki illərin məzunları qəbul imtahanlarını yayda deyil, apreldə versinlər. Onların balları apreldə də məlum olacaq. Təbii ki, əvvəlki illərin məzunları müsabiqədə bu ilin məzunlarla birgə iştirak edəcəklər. Bu ilin məzunlarının balları məlum olduqdan sonra müsabiqə yerləri elan ediləcək və onlar müsabiqədə iştirak edəcəklər. Beləliklə, biz imtahan prosesini yay prosesində daha çevik keçirə biləcəyik".

TQDK sədri qeyd edib ki, üçüncü sınaq imtahanından sonra əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək. Bunların təşkilatçılıq nöqteyi-nəzərdən yeniliklər olduğunu deyən M. Ababszadə bildirib ki, yeniliklər elan olunur, hər kəs indidən öz planlarını qurmalıdır.

M. Abbaszadə Azərbaycanda rezidenturaya keçiriləcək qəbul imtahanının vaxtının dəyişiləcəyini də açıqlayıb: "Hazırda rezidenturaya qəbul imtahanlarının 1-ci və 2-ci mərhələsi ardıcıl şəkildə iki gün ərzində keçirilir. Səhiyyə Nazirliyinin razılığı ilə rezidenturanın birinci mərhələsinin də martda keçirilməsi, fevralda isə sənəd qəbulunun aparılması planlaşdırılır. Rezidenturanın ikinci mərhələsinin isə yay aylarında keçirilməsi nəzərdə tutulur. Rezidenturanın ilk mərhələsi baza fənləri üzrə keçirilir. Baza fənərin tədrisi isə I, II və III kursda başa çatır. Ona görə də onların martda imtahan verməsində hansısa çətinliklər olmayacaq".

AzNews.az