40 yaşlı qadın özünü yandırdı- TƏFƏRRÜAT

27 Sentyabr 2013 11:51 (UTC+04:00)
Bakının Yasamal rayonu ərazisində 40 yaşlı qadın özünü yandırıb. Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, Yasamal rayon sakini olan 1973-cü il təvəllüdlü Allahverdiyeva Lamiyə Cəmil qızı üstünə neft tökərək özünə od vurub. Yaxınlıqdakı şəxslər qadının həyatını xilas edib. Dərhal hadisə yerinə təcili yardım çağrılıb və qadın xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində məlum olub ki, L.Allahverdiyeva bir neçə il Sabunçu rayon Zabrat qəsəbə sakini, 1968-ci il təvəllüdlü Yoldaşov Ceyhun Firudin oğlu ilə qeyri-rəsmi nikahda yaşayıb. Bu izdivacdan onun 6 ay əvvəl oğlu dünyaya gəlib. Lakin sonradan cütlüyün münasibətləri pozulub və onlar ayrılıb. Uşaq isə anasında qalıb.

Bir neçə gün əvvəl isə C. Yoldaşov övladını görmək istədiyini deyib. Onlar "Nizami" metrostansiyası yaxınlığında görüşüblər. Burada C. Yoldaşov azyaşlı oğlunu da götürərək maşınla uzaqlaşıb. Sonra isə əlaqə saxlayaraq həyat yoldaşı ilə barışmaq istədiyini deyib.

C.Yoldaşovla barışmağı qəbul etməyən və oğlunu geri istəyən qadın isə çarəni özünü yandırmaqda tapıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az