YAP seçki ilə bağlı statistika açıqladı

27 Sentyabr 2013 15:19 (UTC+04:00)
Yeni Azərbaycan Partiyası (YAP) seçki kampaniyasının ilkin mərhələsi barədə statistik məlumatları açıqlayıb.

YAP icra katibinin müavini Siyavuş Novruzov Trend-ə bildirib ki, partiya seçki kampaniyasını 3 mərhələyə bölmüşdü.

Onun sözlərinə görə, birinci mərhələ sentyabrın 16-dan 24-dək davam edib: "Birinci mərhələ artıq başa çatıb və hesabatlar hazırdır. İkinci mərhələ hazırda gedir və sentyabrın 30-na qədər davam edəcək. Üçüncü mərhələ isə oktyabrın 1-dən 7-dək davam edəcək".
S.Novruzov bildirib ki, YAP hər bir rayon mərkəzində böyük zirvə görüşləri keçirib: "Zirvə görüşləri sentyabrın 20-dən başlayıb və bu günə qədər rayon mərkəzlərində qanunla ayrılmış yerlərdə 24 zirvə görüşü keçirilib".

YAP rəsmisi əlavə edib ki, ümumilikdə birinci mərhələdə kənd rayonları üzrə 821 görüş keçirilib: "Görüşlərdə 850 minə yaxın insan iştirak edib. Birinci mərhələdə Bakı şəhəri üzrə 12 rayonda qanunla ayrılmış yerlərdə 100-dən artıq görüş keçirilib və bu görüşlərdə 10 mindən çox insan iştirak edib".

S.Novruzovun sözlərinə görə, ümumilikdə birinci mərhələdə təqribən bir milyondan çox seçici ilə görüş keçirilib və burada əsasən Milli Məclisin deputatları, YAP Siyasi Şurasının üzvləri, alimlər, ziyalılar, elm adamları, yaradıcı insanlar iştirak ediblər.

O, əlavə edib ki, görüşlərdə insanların iştirak sayının aşağı həddi 60, yuxarı həddi isə 18 mindir: "Yəni müxtəlif saylarda insanların iştirakı ilə görüşlər keçirilib. Nəzərdə tutmuşuq ki, respublikanın bütün kəndlərində bu cür görüşlər keçirək. Hazırda ikinci mərhələ gedir, hər gün seçicilərlə 150 görüş keçirilir və bu proses davam edir. İkinci mərhələ başa çatan kimi onun da statistik hesabatını ictimaiyyətə açıqlayacağıq".

YAP rəsmisi müxalifətin də bu istiqamətdə fəaliyyətinə münasibət bildirib: "Bizdən fərqli olaraq, digər alternativlərin görüşləri barədə hələ məlumat yoxdur. Müxalifət hələ bir görüşdən başqa heç bir görüş keçirməyib".

AzNews.az