Daha bir futbolçu Azərbaycan millisindən imtina etdi

27 Sentyabr 2013 16:33 (UTC+04:00)
Türkiyənin "Çaykur Rizəspor" klubunun futbolçusu Sercan Kaya Azərbaycan milli komandasından aldığı dəvəti rədd edib. Lent.az-ın məlumatına görə, bu barədə 25 yaşlı hücumameylli yarımmüdafiəçi "Anadolu" agentliyinə açıqlama verib.

O, Türkiyə yığmasında oynamaq istəyini səbəb göstərib: "Babam əslən azərbaycanlıdır. Bu səbəbdən, Azərbaycan millisinə dəvət almışdım. Hətta bu ölkə yığması ilə aramızda get-gəl olmuşdu. Rəsmi danışıqların ardından düşünmək üçün vaxt istəmişdim. Ötən ay toplanışa çağırılarkən, təklifi qəbul etməməyi qərara aldım. Azərbaycan milli komandası dəftəri mənim üçün qapanıb. Hazırkı formamı davam etdirsəm, Türkiyə yığmasına çağırıla bilərəm. Hədəfim "ay-ulduzlu" formanı geyinməkdir".

Azərbaycan millisinin baş inzibatçısı İslam Abbasov isə Lent.az-a açıqlamasında Sercan Kaya adlı futbolçuya heç vaxt dəvət göndərilmədiyini söyləyib.

Qeyd edək ki, Sercan Kaya 15 mart 1988-ci ildə Türkiyənin İzmir şəhərində anadan olub. O, futbola 1999-cu ildə "Bucaspor"da başlayıb və 2007-ci ildə bu klubla peşəkar müqavilə bağlayıb. 2011-ci ildə Sercan "Trabzonspor"a keçib və 1 il sonra "Trabzon 1461"ə icarəyə verilib. 1,74 m boya malik pleymeker bu mövsümdən "Çaykur Rizespor"da çıxış edir. Kaya 2008-ci ildə Türkiyənin 20 yaşadək yığmasına dəvət olunub və 2 oyunda iştirak edib. Bu mövsüm isə o, 5 oyuna 4 qol vuraraq, "Çaykur Rizespor"un 12 xalla Türkiyə Superliqasında "Beşiktaş" və "Fənərbağça"nın liderliklərinə şərik olmasında önəmli pay sahibi olub. Daha öncə Rusiya çempionatında çıxış edən Aleksandr Səmədov və Emin Mahmudov millimizdən imtina ediblər. Onlar da səbəb kimi Rusiya yığmasında oynamaq istəklərini göstəriblər.

AzNews.az