Fərhad Əliyev tibb məntəqəsinə yerləşdirildi - ÖZƏL

27 Sentyabr 2013 16:37 (UTC+04:00)
Hazırda həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin saxlandığı Cəzaçəkmə Müəssisəsində ürəyi tutub və onu təcili şəkildə müalicə müəssisəsinə köçürüblər.

Bu barədə AzNews.az-a sabiq nazirin məhbus həyatı yaşadığı 2 saylı Cəzaçəkmə Müəssisəsindəki mənbələrdən məlumat daxil olub.

Məlumatda bildirilir ki, iki gün öncə qəfildən F.Əliyevin ürəyində ağrılar baş qaldırıb və sabiq nazir həbsxanada ilkin müayinənin ardınca müalicə müəssisəsinə aparılıb.

Hazırda o, ciddi həkim nəzarəti altında saxlanılır. Mənbə onu da qeyd edir ki, həbsxana rəhbərliyi hadisənin ictimailəşməsinin qarşısını almağa çalışır.

Xəbəri dəqiqləşdirmək üçün F.Əliyevin vəkili Eltom Quliyevlə əlaqə saxladıq. Vəkil AzNews.az-a açıqlamasında bildirib ki, bir neçə gündür həbsxanaya F.Əliyevlə görüşməyə getmir, buna görə də belə bir hadisənin baş verib-vermədiyi barədə məlumatı yoxdur. Bununla belə, vəkil qeyd edib ki, F.Əliyevlə bağlı xüsusi bir hal olsaydı ailəsi ona məlumat verərdi: "Mən onunla son günlərdə danışmamışam. Ailəsi də bu barədə mənə heç nə deməyib".

E.Quliyev onu da bildirib ki, F.Əliyevin ürək-damar sistemində bir neçə ildir problemlər var.

Onu da xatırladaq ki, F.Əliyev və qardaşı Rafiq Əliyev ötən ay ölkə başçısı İlham Əliyev əfv ərizəsi ilə müraciət etmişdi. Hər iki məhkumun prezident seçkilərindən sonra azadlığa buraxılacağı gözlənilir.

Azər
AzNews.az