“Məktəb avtobusu” və Bakının tıxac problemi - Video

27 Sentyabr 2013 17:15 (UTC+04:00)
Paytaxtın son günlərdə ən aktual problemi tıxacdır. Bunun da ki, bir çox səbəbləri var. Bu dəfə toxunacağımız səbəb isə təhsil ocaqlarının yaratdığı tıxaclardır. Söhbət övladlarını avtomobmlləri ilə məktəbə gətirən və sonra aparan valideynlərin yaratdığı tıxacdan gedir. Əgər məktəblərin xüsusi avtobusları olarsa bu yarana biləcək tıxacların aradan qaldırılmasına nə dərəcədə yardımçı olar?

Dəfələrlə Bakı Şəhər Dövlət Yol Polis idarəsi də məktəbə uşaq aparan valideynləri daha çox ictimai nəqliyyatdan istifadə etməyə çağırıb.Yalnız valideynlər ictimai nəqliyyata etibar etmir və övladlarının avtobusla sağ-salamat mənzil başına çatmasına şübhə ilə yanaşırlar. Onları qınamaq da olmur. Çünki, dəfələrlə şəhəriçi avtobusların qəza törətdiyinin şahidi olmuşuq. Hamı bu xoşagəlməz sonluqdan sığortalanmaq istəyir. Bəs nə etmək lazımdır ki, həm şagirdlər məktəbə salamat çatsın, həm də tıxacdan yaxa qurtarmış olaq. Beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki, xarici dövlətlərdə əksər məktəblərin şagirdlərini daşımaq üçün xüsusi nəqliyyat vasitəsi var. "School Bus" yəni məktəb avtobusları adlanan bu nəqliyyat vasitəsi ilə hər səhər müxtəlif ərazilərdə yaşayan şagirdləri toplayıb məktəbə gətirir, dərs bitəndə isə eyni qayda evə aparırlar. Bu xidmətdən istifadə edən valideyn övladının məktəbə necə gedəcəyi qayğısından azad olur. Bəlkə elə bizim məktəblərində "School Bus"a ehtiyacı var. Əgər hər bir orta məktəbin şagirdləri daşımaq üçün öz nəqliyyat vasitəsi olsa valideynə şəxsi avtomobilindən istifadəyə ehtiyac qalmaz. Nəticədə də tıxac azalar.

Beynəlxalq təcrübədə istifadə olunan "School Bus"lardan paytaxtda fəaliyyət göstərən bəzi özəl məktəblər istifadə edir. Və bu avtobuslar şagirdlərin tam təhlükəsiz mənzil başına çatmalarını təmin edir.
30 şagirdi daşımağa hesablanan bu avtobuslarda xüsusi kameralar da yerləşdirilib. Valideyn bu kameralar vasitəsi ilə canlı olaraq övladının məktəbə çatdığı ana qədər avtobusun içərisində baş verənləri izləyə bilər.

"School Bus"da şagirdlərə nəzarət etmək üçün sürücüdən başqa bir bələdçi xanımda olur. Məsafədən asılı olaraq bir aylıq "School Bus"a ödənilən məbləğ 60-manatdan 100 manata qədərdir. Bu məbləğ isə valideynin hər gün şəxsi avtomobilində məktəbə gedib gəlməsinə çəkilən xərcdən azdır. Deməli "School Bus"dan istifadə həqiqətən məqsədəuyğundur.

Ümid edək ki, Təhsil Nazirliyi bu təklifin həlli üçün tez bir zamanda lazımı tədbirlər görəcək. Bəlkə ondan sonra qızıl hesab edilən vaxtı tıxaclarda itirmərik. (ANS PRESS)