Nazirlər 36 ildən sonra bir araya gəldilər - Video

27 Sentyabr 2013 21:12 (UTC+04:00)
BMT-nin Baş Assambleyanın çərçivəsində ABŞ-ın Dövlət Katibi Con Kerri ilə İranın xarici islər naziri Cavad Zərif arasında ilk rəsmi görüş keçirilib.

Gözləntilərin əksinə olaraq, Ruhani-Obama görüşü baş tutmadı. Bununla belə hər iki lider ABŞ-İran münasibətlərində dəyişiklik etmək niyyətini nümayiş etdirdi.

Dəyişikliklər isə özünü çox gözlətmədi. Elə BMT-nin İranın nüvə proqramına dair tədbirində ABŞ və İranın Xarici İşlər Nazirləri 36 ildən sonra bir araya gəldilər. Tədbirdən sonra bir neçə dəqiqəlik görüşən nümayəndə heyətləri 3 həftə sonra İsveçrədə yenidən danışıqlar aparmağa razılıq verdilər. Danışıqların səfir, müşavir deyil, xarici siyasət idarəsinin başçıları səviyyəsində aparılması dialoqa verilən əhəmiyyətin göstəricisidir. ABŞ-ın Milli Təhlükəsizlik Şurasının keçmiş müşaviri David Merkel rəsmi Tehranın Cavad Zərif-Con Kerri görüşünə razılıq verməsini cəsarətli qərar hesab edir.

ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş müşaviri, David Merkel: "İranın yeni prezidenti Obama ilə görüş barədə "Müşkül məsələdir" deyəndə, səmimi idi. Amerika uzun illər İranı şeytanın oxucusu hesab edib odur ki, bu qədər baş verənlərdən sonra əl sıxıb, danışmaq asan deyil".

İllər uzunu davam edən qarşıdurma və düşmənçilikdən sonra Vaşinqtonun Tehranla danışıqlara getməsinə ABŞ-da müxalifət də az deyil. Münasibətlərin istiləşməsinə etiraz edənlərin bir qismi BM yaxınlığında piket keçirən Amerika iranlılarıdır.

Amerikanın İran icmasının nümayəndəsi, Fatma Səda: "ABŞ-a ar olsun ki, danışıqlar aparır. ABŞ onu bura buraxmamalı, cıxış etməsinə yol verməməli idi. ABŞ-a ar olsun!".

Bununla belə,müşahidəçilər razılaşırlar ki, 2 ölkə arasında münasibətlərin bərpası həm ABŞ, həm də İranın milli maraqlarına uyğundur.