“Space”də kütləvi qovulma; Vaqif Mustafayev etirazçıları “təmizlədi”

28 Sentyabr 2013 08:52 (UTC+04:00)
"Space"i televiziyasının texniki işçiləri kanaldan istefa verib. Bu barədə AzNews.az-a telekanaldakı mənbələrdən məlumat verilib. Məlumatda bildirilir ki, kanalın baş operatoru Əlövsət Aslanov başda olmaqla, operatorlar qrupu artıq işə çıxmır.

Qeyd edək ki, bir müddət öncə Əlövsət Aslanov telekanal prezidenti Vaqif Mustafayevlə yeni iş şərtləri barədə görüş keçirmişdi. Həmin görüşdən sonra kanal rəhbərliyinə bir müddət vaxt verən texniki heyət işçiləri yekun qərarlarını veriblər. Mənbənin sözlərinə görə, "Space" kanalı boş qalan texniki heyət işçilərinin yerinə ANS-in Jurnalist Akademiyasının kadrlarını götürür: "Akademiyanı uğurla bitirən kadrlar həmin telekanalın özündə yerləşdirilir. Qalanları isə "Space"ə gəlib. Lakin bununla da "Space"dəki gərginlik aradan qalxmayıb. Vaqif Mustafayev özü isə Gürcüstana gedib. Orada film çəkir".

Qeyd edək ki, bir müddət öncə "Space" telekanalında əmək haqqı tələbi ilə təxminən 20 nəfər texniki işçi istefa ərizələrini telekanal rəhbərliyinə təqdim etmişdi. Bildirilir ki, Vaqif Mustafayevin baş operator Əlövsət Aslanovla görüşündən sonra əldə olunan razılıq qüvvəsini itirib. Mənbənin sözlərinə görə, əslində sözügedən razılaşmada məqsəd işçilərin öz istəyi ilə gedişinin qarşısını almaq olub. Ara sakitləşəndən sonra rəhbərlik onların işdən çıxarılması barədə əmr imzalayıb.

AzNews.az-ın məlumatına görə indi baş operator vəzifəsinə Ramin Cəfərov təyin edilib.

Ruhiyyə
AzNews.az