Bir daha Səfəvilər və danışdıqca batan o deputat barədə

7 Avqust 2026 13:13 (UTC+04:00)

Azərbaycan Respublikasının ən ali ordeni “Şah İsmayıl”dır.
Nazirlər Kabinetinin Qərarı ilə Şah İsmayıl Xətainin əsərləri dövlət varidatı elan edilib.
Ölkəmizdə Xətainin adını daşıyan rayon, prospekt, küçələr, metro stansiyası var.
Bütün bunlar dövlətimizin Şah İsmayıla münasibətidir.
2020-ci ilin martında Prezident İlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parka baş çəkib.
Dövlətimizin başçısı heykəlin önünə gül dəstələri qoyub.
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və şairi Şah İsmayıl Xətaiyə həsr edilmiş “Əbədiyyət xəzinəsi” adlı sərgi keçirilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgidə iştirak ediblər.
“Bu gün Böyük azərbaycanlının doğum günüdür! Səfəvi sülaləsinin ən böyük nümayəndəsi və ilk şahı, klassik Azərbaycan şairi, Azərbaycan türkcəsini tarixdə ilk dəfə dövlət dili kimi istifadə edən Şah İsmayıl Xətai iyulun 17-də doğulub. Azərbaycan tarixi haqqında biliklərə yiyələnmək, mədəniyyəti, adət-ənənələrinə olan sevgi bir adamı əsl azərbaycanlı edir”- deyə prezidentin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tam 12 il öncə Ulu Xaqanı doğum günündə ehtiramla anıb.
Bütün bunlar ölkənin birinci ailəsinin Şah İsmayıla sayğı və sevgi ilə yanaşmasının təzahürüdür.
İki il öncə Milli Azərbaycan Tarixi Muzeyində Şah İsmayıl Xətainin 1508-ci il tarixli fərmanının təqdimatı keçirildi. Şahın sağlığında yazılmış və dövrümüzə qədər gəlib çatmış 20 sənəddən biri olan fərman xaricdə bir hərracdan satın alınmış və Muzeyə bağışlanmışdı. Tədbirdə elmi ictimaiyyət böyük sevinc və qürurla iştirak etdi.
AMEA-nın prezidenti İsa Həbibbəyli, Nailə Vəlixanlı, Kərim Şükürov, Tofiq Nəcəfli kimi tarixçilər sənədin elmi əhəmiyyətindən danışıblar.
Ötən ilin payızında isə, 60 illik yubileyi münasibəti ilə Milli Məclisin deputatı və komitə sədri “Yaşadım” adlı bir özünütəbrik yazıb və orada Şah İsmayılı “məzhəb faşizminin qurucusu” adlandırıb.
Azərbaycan dövlətinin, hakimiyyətinin və elmi ictimaiyyətinin mövqeyi ilə Fazil Mustafanın illərdir Şah İsmayıla qarşı apardığı qarayaxma kampaniyası arasındakı ziddiyyətin nədən qaynaqlandığını araşdırmaq mənim işim deyil. Bunun üçün gərəkən ayrıca ünvanlar var.
Ancaq 31 ildir ki, peşəkar jurnalistika ilə məşğul olan bir şəxs kimi, Şah İsmayıl düşmənçiliyinin Azərbaycana Fətullah Gülən məktəbləri ilə gəldiyi barədə xəbərlərlə tanışam. Fazil Mustafanın həmin Fətullah Gülən məktəblərinin ölkəmizdə bağlanması qərarına qarşı “Ərdoğan Azərbaycanda 10 min uşaq güllələdi”, “Nursuzluq təhlükəsi” və digər bu kimi müsahibə və məqalələrini hər bir oxucu internetdən tapıb yenidən oxuya bilər. Biz isə Fətullah Gülənin hələ də aktiv olan rəsmi saytından Azərbaycan deputatının müsahibəsini bir daha oxuyaq: “Mən baş verənləri böyük bir cinayət kimi xarakterizə edirəm. Bu cinayətin başında Ərdoğan durur. Ərdoğan türk bayrağını Azərbaycanda ikinci dəfə endirdi. Ərdoğan Türkiyənin Azərbaycanda təhsil gətirən Türkiyə kimi deyil, dönər Türkiyəsi kimi təmsil olunmasına səbəb olacaq”.
1993-сü ildə Heydər Əliyev Azərbaycan Bayrağının ikinci dəfə endirilməsinin qarşısını aldı və dövlətçiliyi xilas etdi. Respublikamızın mövcudluq fəlsəfəsinin əsasını Azərbaycançılıq ideologiyası təşkil edir. Fazil Mustafa öz Facebook səhifəsində “Azərbaycançılıq çöküş sürəcinə girməyə başlamışdır” yazmış Güntay Tölgənin statuslarını paylaşır. Hələ deputat mandatını, siyasi məsuliyyətini bir kənara qoyuram, bir Azərbaycan vətəndaşı bu cür paylaşımları re-post etməyi özünə necə rəva görə bilər? Azərbaycan konstitusiyasının ilk cümləsində respublikamızın çoxəsrlik dövlətçilik ənənələrinin davamçısı və daşıyıcısı olduğu bəyan edildiyi halda, Fazil Mustafanın 1918-ci ildən öncə “Azərbaycan” adlı bir dövlət olmaması barədə açıqlamaları Ermənistan mediasında tirajlanıb. Bütün bunlar onun qarşısına fakt kimi qoyulanda isə, söyüşə, təhqirə, böhtana keçir.
Yox, mən onun səviyyəsinə enməyəcəm. Enməyəcəm ona görə ki, tarixi də, fəlsəfəni də, hüququ da ondan qat-qat yaxşı bildiyim halda, məni çəkmək istədiyi müstəvidə pozitiv elm yoxdur. “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunumuz var. Bu qanuna görə, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən kobud, təhqiramiz söz və ifadələrə yol verməməlidir. Əlavətən, deputat vicdanlı davranış nümayiş etdirməli, Milli Məclisin nüfuzuna və deputat adına xələl gətirə biləcək davranışa yol verməməli, ictimai çıxışlarında nəzakətli və təmkinli olmalıdır. Sual edirəm: parlamentin Etika Komissiyası nədən Fazil Mustafanın bir deputat kimi sözügedən qanuna əməl edib-etmədiyini niyə sorğulamır. Ona kim ixtiyar verib ki, Şah İsmayılın və Səfəvilərin timsalında dövlətçilik ənənələrimizin, dövlətin, konstitusiyanın, milli ideologiyamız olan Azərbaycançılığın, Azərbaycançılıq məfkurəsi üzərində formalaşmış İlham Əliyev hakimiyyətinin keşiyində duranları “savadsız”, “qanmaz”, “nadan”, “cahil” adlandırsın, məhkəmə hökmü olmadan müxtəlif cinayətlərdə suçlasın?
Zənnimcə, son bir neçə gündə Fazil Mustafa gündəm nə olursa-olsun az qala hər həftə bir neçə dəfə kin püskürdüyü Səfəvilərin və Şah İsmayılın qüdrətini gördü. Azərbaycan cəmiyyətinin ən sağlam kəsimləri aralarında deputat həmkarları, siyasi xadimlər, vətəndaş cəmiyyəti liderləri, elm adamları, ictimai rəy yaradıcıları da olmaqla Fazil Mustafanın anti-Səfəvi kampaniyasına “yetər” dedilər. SEPAH komandiri Yəhya Rəhim Dehkürdinin mənbəyini Google-nin tapa bilmədiyi sitatından, Güntay Tölgənin çərənləmələrindən, Aqşin Yeniseyin dördündən bircəciyi elmi olmayan nəsihətlərindən yapışaraq Səfəvi dövlətini Azərbaycandan tarixindən qoparmaq kimi cəhdləri böyük ictimai qınaq doğurdu. Fazilin bir siyasətçi olaraq, obrazlı desəm, Aşqabad kimi necə batdığını izləmək, açığını, mənə xoş deyil. Ancaq bunun səbəbləri üzərində düşünəndə, belə qənaətə gəlirəm ki, o, bu xalqın igid övladlarının “Şah mənəm” deyə döyüşlərdə özünü niyə qılıncın qarşısına atdığını yetərincə təhlil etməyib. Ümumiyyətlə, Səfəvilər dövrü ilə bağlı biliklərinə, araşdırmalarına, təhlillərinə güvənsəydi, bu mövzunu ictimai debatlarda qarşılıqlı müzakirə etməkdən yayınmazdı. Əgər gələcək qurucuğumuza yön verən tarix şüurumuza qarşı çıxışları davam etsə və debatdan yayınmasa, ona “Azərbaycan” kəliməsinin toponimdən politonimə çevrilməsində Səfəvilərin rolu barədə ustad dərsi keçəcəm. Söz!

Taleh ŞAHSUVARLI