"İran və Ukrayna arasında hər hansı bir müharibənin baş verməsi hazırda real görünmür. Çünki belə bir müharibəyə başlamaq niyyətləri olsa belə, tərəflərin harada döyüşəcəyi sual doğurur. Əgər söhbət lokal zərbələr endirməkdən gedirsə, bunun üçün də coğrafi baxımdan real imkanlar yoxdur. Çünki İran və Ukraynanın bir-birinə zərbə endirməsi, xüsusilə də uzaqmənzilli raketlərdən istifadə olunması Türkiyə, Gürcüstan və ya Ermənistanın hava məkanının və ya ərazi bütövlüyünün pozulması riskini yarada bilər. Yəni istər Ukrayna, istərsə də İran qarşı tərəfə zərbə endirmək üçün bu ölkələrin ərazisindən və ya hava məkanından keçməli olacaq. Bu isə, mənə elə gəlir ki, hazırda hər iki tərəf üçün məqbul hal deyil. Çünki bu addımı ilk atan tərəf özünə əlavə düşmən qazanmış olacaq, beynəlxalq təzyiqlərlə üzləşəcək və onsuz da çətin vəziyyətdə olduğu mövcud geosiyasi şəraiti daha da mürəkkəbləşdirəcək. Birbaşa toqquşma, yəni canlı qüvvələrin müdaxiləsi ehtimalına gəlincə, əraziyə baxdıqda görürük ki, İran və Ukrayna arasında birbaşa sərhəd qonşuluğu yoxdur. Eyni zamanda, Ukrayna və İran qoşunlarının bir-biri ilə müharibə apara biləcəyi hər hansı tampon ərazi də mövcud deyil. Bəs onlar hansı ərazidə qarşılaşacaqlar? Dənizdəmi? Ukraynanın İran sahillərinə göndərə biləcəyi güclü donanması yoxdur. Eyni şəkildə, İranın da Qara dənizə göndərə biləcəyi hərbi donanması yoxdur".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Xəzər dənizində baş verən insident İran-Ukrayna münasibətlərində yeni gərginlik yaradıb. İran tərəfi Ukraynanın zərbəsi nəticəsində gəmisinə ziyan dəydiyini bildirərək Kiyevdən kompensasiya tələb edir. Tehran Ukraynanın hadisənin təsadüfi xarakter daşıması ilə bağlı açıqlamalarına da şübhə ilə yanaşır. İranın məsələ ilə bağlı sərt mövqe nümayiş etdirməsi iki ölkə arasında diplomatik təmasların və qarşılıqlı münasibətlərin gələcək istiqamətini də gündəmə gətirib. Xüsusilə də tərəflərdən hər hansı birinin növbəti addımının vəziyyəti daha da gərginləşdirə biləcəyi ehtimal olunur. Xəzər kimi strateji əhəmiyyət daşıyan məkanda baş verən bu insident isə regionda təhlükəsizlik risklərinin artması baxımından diqqət çəkir.
Siyasi şərhçi qeyd edib ki, bu dövlətlərin belə bir qarşıdurmaya birbaşa cəlb olunmaq üçün hərbi imkanları və qlobal təsir gücü kifayət qədər böyük deyil.
"Burada nə baş verə bilər? Ukrayna ABŞ-nin tərəfində, yəni İrana qarşı mümkün zərbələrdə iştirak edə bilər. Yaxud gələcəkdə canlı qüvvə ilə müdaxilə məsələsi gündəmə gələrsə, bu əməliyyatlara müəyyən formada dəstək göstərə bilər. Amma bunun nə dərəcədə real olduğu sual altındadır. Çünki Ukraynanın özü hazırda müharibə vəziyyətindədir və öz müdafiəsi üçün ciddi maddi-texniki resurslara və canlı qüvvəyə ehtiyacı var. Belə bir vəziyyətdə olan ölkənin canlı qüvvəsini başqa bir ölkədəki əməliyyata göndərməsi nə dərəcədə məntiqli olar? Əgər Ukraynanın belə resursları varsa, həmin qüvvələrdən öz müdafiəsini gücləndirmək üçün istifadə etməsi daha məqsədəuyğun olmazmı? Digər tərəfdən, İranın Rusiyanın tərəfində Ukraynadakı əməliyyatlara qoşulmaq üçün canlı qüvvə göndərməsi də real görünmür. Çünki İran özü hazırda ona qarşı hərbi müdaxilənin, xüsusilə də canlı qüvvə ilə müdaxilənin olub-olmayacağını dəqiq bilmir. Əgər belə bir müdaxilə baş verərsə, İranın öz ərazisini müdafiə etmək üçün kifayət qədər insan resursuna və hərbi qüvvəyə ehtiyacı olacaq. Tehran özünü ABŞ və onun formalaşdıracağı mümkün koalisiyaya qarşı müdafiə etmək qabiliyyətini gücləndirməlidir. Ona görə də bu tip qarşıdurmalar, əsasən, birbaşa hərbi müharibə formasında deyil, diplomatik qarşıdurma və dolayı mübarizə şəklində davam edəcək. Tərəflərdən biri digərinə qarşı mübarizə aparan qüvvələri silahlandırmaqla və texniki imkanlarla dəstəkləməklə prosesə təsir göstərə bilər. Məsələn, İran Rusiyaya öz texniki imkanları ilə dəstək göstərməyə çalışa bilər. Lakin bu, birbaşa hərbi müdaxilə və ya müharibə demək deyil. Eyni zamanda, Ukrayna pilotsuz uçuş aparatları sahəsində hazırda kifayət qədər ciddi təcrübə toplayıb və bu istiqamətdə sənayesi inkişaf etməkdədir. Ukrayna ordusunun müharibə müddətində əldə etdiyi döyüş təcrübəsi də İrana ötürülə və müəyyən texniki dəstək göstərilə bilər. Bu da İrana qarşı mümkün hərbi addımların effektivliyini artıra bilər. Yəni əsasən bundan söhbət gedə bilər. Birbaşa qarşıdurma və müharibə isə, tərəflər istəsə belə, hazırkı coğrafi və hərbi şərtlər səbəbindən real görünmür".
Rəfiqə Namazəliyeva,
AzNews.az