Xəzər dənizinin sahil zolağında iməclik keçirildi

28 Sentyabr 2013 10:45 (UTC+04:00)

Dünyada hər il ənənəvi olaraq qeyd olunan "Beynəlxalq dəniz günü" ərəfəsində ölkəmizdə də "Xəzər həftəsi" çərçivəsində müxtəlif kütləvi tədbirlər keçirilir. Bu barədə AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Tədbir insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini də cəlb etmək məqsədi daşiyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Xəzər həftəsi"nin keçirilməsi məqsədi ilə hazırlanmış müvafiq tədbirlər planına əsasən 28 sentyabr 2013-cü il tarixində ETSN-nin müvafiq qurumlarının əməkdaşları, ali məktəb tələbələri, yerli icra strukturları, bələdiyyələr və ictimaiyyət ilə birgə Buzovna qəsəbəsi ərazisində Xəzər dənizinin sahil zolağında iməclik keçirilib.

Ümumilikdə 200-ə yaxın insanın iştirak etdiyi iməclikdə Xəzər dənizinin sahil zolağının 20 hektar ərazisi 15 m3-dən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Xəzər həftəsi" çərçivəsində sahilzolağı rayonların yerli icra strukturlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini bu kimi tədbirlərdə fəal iştirak etməyə çağırır.

Qeyd edək ki, "Xəzər həftəsi" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilmiş bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəlib.

AzNews.az