Dünyanın ən inadkar və bəxtli qadını - FOTO

28 Sentyabr 2013 12:15 (UTC+04:00)
O, indiyədək yüzlərlə müsabiqədə, yarışda qalib gəlib və ümumi məbləği 100 min funt-sterlinqdən artıq mükafatlara yiyələnib.
Onu "dünyanın ən inadkar və bəxtli qadını" adlandırırlar.

Britaniyanın Uels bölgəsindəki Povis şəhərində yaşayan Kim Sirpl 20 ildən bəri hər gün müxtəlif yarışlara, müsabiqələrə qatılır. Daha doğrusu, özünün dediyinə görə, gündə təxminən 100 müsabiqədə iştirak edir.

Əri ilə birlikdə onlayn kitab satışı biznesinə malik olan Kim Sirlin qazandığı 100 min funtluq mükafatlar arasında televizorlar, mebel, Havay adaları və Disneylendə tətil göndərişləri, geyim, oyuncaqlar, kitablar, disklər var.

Kimin dediyinə görə, hər şey qəzetlərdən birindəki müsabiqədə mikrodalğalı soba udmasından sonra başlandı.

"Həmin uduşdan sonra sanki bəxt üzümə güldü. Hər gün qəzetlər, telekanallar, saytlar və radiostansiyalarda müxtəlif müsabiqələrə qatılmağa başladım. Artıq 20 ildir yarışıram. Çox mükafatlar udmuşam", - 50 yaşlı Kim deyir.

Sirli ailəsinin mənzili belə uduşlarla doludur. Mətbəxdə isə əməlli-başlı darısqallıqdır: uduşların əlindən az qala tərpənməyə yer yoxdur.

Dəhliz, qonaq və yataq otaqlarında da eyni vəziyyətdir.

"Müsabiqələrdə əldə etdiyim uduşların əksəriyyəti mənə heç gərək də deyil. Amma dayana bilmirəm. Yarışlara qatılmaqdan sanki asılı vəziyyətə düşmüşəm", - deyən Kim bundan sonra da bəxtini sınamaq fikrində olduğunu deyir.(milli.az)

AzNews.az