İlham Əliyev və xanımı açılışda- Foto

28 Sentyabr 2013 17:02 (UTC+04:00)
Bu gün Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarı, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Tezliklə bu layihə çərçivəsində Azərbaycan-Rusiya sərhədində yerləşən, Samur çayı üzərindəki Baş Hidroqovşaq, Baş Suqəbuledici və Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsi əsaslı təmir edilmiş, həmçinin ən müasir standartlara cavab verən Xanarx kanalı, Baş Sudurulducu Qurğu və 188 kilometr uzunluğunda təsərrüfatlararası beton kanallar inşa olunub.

2007-ci ildə isə Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşasına başlanıb. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sifarişçisi olduğu həmin layihəni "Azərkörpü" – indi Avropa-Asiya İnşaat Korporasiyası "Yevraskon" Açıq Səhmdar Cəmiyyəti adlanan iqtisadi qurumun rəhbərlik etdiyi konsorsium həyata keçirmişdir. Cəmi bir neçə il ərzində Vəlvələçaydan Ceyranbatan gölünə qədər uzanan və mürəkkəb relyefi ilə seçilən ərazidə böyük həcmdə işlər görülüb. İlk növbədə Vəlvələçay-Taxtakörpü kanalının təxminən 11 kilometrlik hissəsi istismara hazır olmuş, 2011-ci il avqustun 15-də rəsmi açılış mərasimi keçirilib. Vəlvələçay-Taxtakörpü kanalının tikintisinin ilk mərhələsi İslam İnkişaf Bankının vəsaiti hesabına aparılmışdır. Ən müasir inşaat işlərində olduğu kimi, burada da kanalın beton üzlüyü xüsusi betondöşəyən maşınlar vasitəsilə qoyulub.

2013-cü il iyulun 19-da isə 34 kilometr uzunluğunda Vəlvələçay-Taxtakörpü kanalının ikinci hissəsinin istismara buraxılması və Taxtakörpü su anbarına suyun verilməsinə başlanması münasibətilə növbəti rəsmi mərasim keçirilibmişdir. Vəlvələçay-Taxtakörpü kanalının 24 kilometr uzunluğunda ikinci hissəsi və onun sutullayıcı qurğusu Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına inşa edilib. Olduqca çətin və mürəkkəb relyefli ərazilərdən keçən bu kanal üzərində 57 mükəmməl hidrotexniki qurğu quraşdırılıb. Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür.

Prezident İlham Əliyev su elektrik stansiyasını işə salıb. Bununla da Taxtakörpü-Ceyranbatan kanalına suyun verilməsinə başlanıb.

Sonra Prezident İlham Əliyev Şabran rayon ictimaiyyətinin nümayəndələri, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin əməkdaşları, konsorsiuma daxil olan tikinti şirkətlərinin mütəxəssisləri və inşaatçılar ilə görüşüb.

AzNews.az