Bakı-Quba yolunda ağır qəza; ana və iki uşağı öldü

29 Sentyabr 2013 15:20 (UTC+04:00)
Sentyabrın 29-da günorta saatlarında Bakı-Quba yolunda 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 109-cu km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.

90 NZ 488 dövlət nömrə nişanlı, "Shackman" markalı yük maşını 53 BA 721 dövlət nömrə qeydiyyatlı "VAZ 2106" markalı avtomaşının üstündən keçib.

Qəza nəticəsində "VAZ 2106"-nın sərnişinləri - ana və 2 övladı dünyasını dəyişib. Ailənin başçısı, Siyəzən rayonu, Yenikənd kənd sakini, 1976-cı il təvəllüdlü İsgəndərov Eldəniz İsrafil oğlu və minik maşının sürücüsü, Siyəzən şəhər sakini, 1988-ci il təvəllüdlü Orucov Samir Malik oğlu müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırılır.

AzNews.az