“Xərçəngdən qorxmaq yox, xərçəngi anlamaq lazımdır” – Nərmin Məcid Talıbova

24 Avqust 2026 17:50 (UTC+04:00)

Xərçəngin erkən aşkarlanması, müasir müalicə imkanları və xəstələrin diaqnoza münasibəti onkologiyanın əsas müzakirə mövzularındandır.

Onkologiya və Hematologiya üzrə mütəxəssis Nərmin Məcid Talıbova AzNews.az-a müsahibəsində xərçəngin yaranma və artma səbəblərindən, genetik risklərdən, skrininqdən, alternativ müalicələrin təhlükələrindən və müasir onkologiyanın imkanlarından danışıb.

-Nərmin xanım, onkologiyada “erkən diaqnoz” ifadəsini tez-tez eşidirik. Bəs praktikada xəstələrin həkimə gec müraciət etməsinin əsas səbəbi nədir: məlumatsızlıq, qorxu, yoxsa simptomların əhəmiyyətsiz hesab edilməsi?

-Bu məsələ düşündüyümüzdən daha mürəkkəbdir. Çünki xəstənin həkimə gec müraciət etməsi ilə xərçəng diaqnozunun gec qoyulması eyni şey deyil. Onkologiyada biz bunu iki mərhələyə ayırırıq. Məsələn, “patient interval” – xəstə intervalı adlanan bir termin var. Bu, insanın ilk simptomu hiss etməsindən həkimə müraciət etməsinə qədər keçən müddətdir. Digəri isə səhiyyə intervalıdır. Yəni ilk müraciətdən diaqnozun təsdiqlənməsinə və müalicəyə başlanmasına qədər keçən müddətdir. Xəstə intervalı baxımından maraqlı məqam budur ki, çox vaxt problem simptomun olmaması deyil. İnsan həmin simptomu necə interpretasiya etməli olduğunu bilmir. Bununla bağlı böyük meta-analizlər də göstərib ki, xərçəngin simptomları haqqında məlumatlılığı daha yüksək olan insanlar həkimə daha tez müraciət edir və xərçəng daha erkən aşkarlanır. Qorxu da burada mühüm rol oynayır. Bəzi insanlar simptomun ciddi bir xəstəliyə işarə edə biləcəyindən qorxaraq həkimə daha tez müraciət edir. Digərləri isə “birdən xərçəng çıxar” qorxusu ilə əksinə, müayinədən qaçırlar. Amma bütün məsuliyyəti xəstənin üzərinə qoymaq da doğru deyil. Bəzən xəstə gec gəlmir, səhiyyə sistemi diaqnozu gec qoyur. Bu baxımdan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında da fərqlər mövcuddur. Yüksək gəlirli ölkələrdə skrininq, görüntüləmə, patoloji və digər diaqnostik imkanlar daha yaxşı olduğundan xəstələrə erkən mərhələdə daha tez diaqnoz qoyulur. Amma inkişaf etmiş ölkələrdə belə səhiyyəyə çıxış, növbələrin olması və müayinələrin gecikdirilməsi kimi problemlər yarana bilər. Aşağı və orta gəlirli ölkələrdə isə səhiyyəyə çıxış daha böyük problemdir. İnsan simptomunu düzgün tanıyıb həkimə müraciət etmək istəsə belə, maddi maneələr, səhiyyə sisteminin zəifliyi, mütəxəssis çatışmazlığı, keyfiyyətli patoloji və diaqnostika imkanlarının məhdudluğu diaqnozun gec qoyulmasına səbəb ola bilər. Yəni burada müxtəlif faktorlar önəmlidir.

-Bu gün xərçəng xəstələrinin sayının artması ilə bağlı ciddi narahatlıq var. Sizcə, həqiqətən xəstəliyin yayılma səviyyəsi artır, yoxsa diaqnostikanın və tibbi imkanların inkişafı daha çox xəstənin aşkarlanmasına səbəb olur?

-Ümumiyyətlə, xərçəng halları statistik olaraq həqiqətən artır. Proqnozlara görə, 2050-ci ildə dünyada təxminən 35 milyon yeni xərçəng hadisəsinin qeydə alınacağı gözlənilir. Amma bu artımın mühüm hissəsi əhalinin sayının artması və xüsusilə əhalinin yaşlanması ilə əlaqəlidir. Ümumiyyətlə, xərçəng müəyyən mənada yaşlanma ilə əlaqəli xəstəlikdir. Yaş artdıqca hüceyrələrdə müəyyən somatik mutasiyalar və epigenetik dəyişikliklər daha çox rast gəlinir və bunlar müxtəlif xərçəng xəstəliklərinin yaranmasına səbəb ola bilər. Amma təbii ki, burada başqa mühüm faktor da var: biz xərçəngi əvvəlkindən daha yaxşı aşkarlayırıq. Görüntüləmə metodlarının – MRT, KT, PET-KT, endoskopiya və digər müayinə üsullarının – inkişafı, eləcə də patoloji müayinələrin daha detallı aparılması nəticəsində həm daha dəqiq diaqnoz qoyulur, həm də daha çox xərçəng hadisəsi aşkarlanır. Elmi cəhətdən ən düzgün cavab budur: müşahidə etdiyimiz bu artım həm real epidemioloji artımın, həm demoqrafik dəyişikliklərin, həm də daha həssas diaqnostik metodların inkişafının nəticəsidir.

-Genetik faktorlar xərçəng riskində nə qədər böyük rol oynayır? Ailəsində xərçəng xəstəsi olan hər bir insan mütləq genetik müayinədən keçməlidirmi?

- Oxucularımızın daha yaxşı anlaması üçün iki termini bir-birindən fərqləndirmək vacibdir: somatik mutasiya və irsi mutasiya. Demək olar ki, bütün xərçənglər genetik dəyişikliklər nəticəsində yaranır. Amma bu, heç də bütün xərçənglərin irsi olması demək deyil. Bəzən xəstənin özündə somatik mutasiya baş verir və bunun nəticəsində xərçəng yarana bilər. Klassik yanaşmaya görə, xərçənglərin təxminən 5-10 faizində irsiyyət önəmli rol oynayır və bu, bəzi şiş növlərində daha yüksəkdir. Xüsusi əhəmiyyət daşıyan irsi mutasiyalar var. Məsələn, BRCA1, BRCA2 və TP53 mutasiyalarını qeyd etmək olar. Amma ailədə bir nəfərin xərçəng olması avtomatik olaraq genetik riskin göstəricisi deyil. Burada xəstənin yaşı, şişin növü, ailədə neçə nəfərin xəstələnməsi, xəstəliyin nəsillər arasında necə ötürülməsi və ya müəyyən şiş növlərinin birlikdə görülməsi vacibdir. Ona görə də xərçəng xəstəsi bizə müraciət edəndə ailə anamnezini mütləq soruşuruq. Xəstənin şəxsi xərçəng anamnezi və ailə anamnezi bizim üçün çox önəmlidir. Amma maraqlı tərəfi odur ki, yeni genomik məlumatlar göstərir ki, klassik ailə anamnezi düşündüyümüz qədər həssas göstərici deyil. Çünki bəzən müəyyən patogen irsi mutasiyalar ola bilər ki, onlar klassik meyarlara uyğun gəlməsin. Mən bu barədə həmişə deyirəm ki, düzgün prinsip hamını test etmək deyil. Yəni ailəsində bir nəfər xərçəng olan hər kəsi irsi mutasiyalar baxımından test etmək doğru yanaşma deyil. Riskə və şişin növünə əsaslanaraq genetik konsultasiya aparılmalı və şübhələnilən irsi xərçəng sindromuna uyğun test təklif edilməlidir. Amma təkcə test təklif etmək kifayət deyil. Testin nəticəsindən asılı olaraq hansı addımların atılacağını da xəstə ilə əvvəlcədən müzakirə etmək lazımdır. Çünki bəzi hallarda profilaktik əməliyyatlar, bəzi hallarda isə daha erkən yaşda skrininq təklif oluna bilər. Nəticənin mümkün nəticələrinin və sonrakı addımların əvvəlcədən xəstə ilə müzakirə edilməsini həmişə tövsiyə edirəm. Çünki bunlar bahalı testlərdir və xəstə çox vaxt xərci özü qarşılayır. Eyni zamanda, əgər testin nəticəsinə uyğun tövsiyələrə, xüsusilə də profilaktik tədbirlərə əməl edilməyəcəksə, bunu əvvəlcədən bilmək vacibdir. Əks halda nəticə xəstə üçün əlavə stress yarada bilər.

- Pasiyentlər bəzən internetdə müxtəlif “möcüzəvi” müalicə üsulları taparaq tibbi müalicədən uzaqlaşırlar. Alternativ müalicə adı altında yayılan hansı yanaşmalar onkoloji xəstələr üçün xüsusilə təhlükəlidir?

-Bununla bağlı xüsusi qeyd etmək istəyirəm. Çünki bu mövzu təkcə Azərbaycanda onkoloji xəstələr arasında deyil, çalışdığım Almaniyada da kifayət qədər geniş yayılıb. Biz onkoloqlar iki termindən istifadə edirik: komplementar təbabət və alternativ təbabət. Bu iki anlayışı bir-birindən fərqləndirmək çox vacibdir. Komplementar metodlar standart onkoloji müalicəyə əlavə olaraq tətbiq olunan üsullardır. Məsələn, xəstə standart kimyaterapiya və ya radioterapiya alır, eyni zamanda psixoloji dəstək, xüsusi qidalanma rejimi və ya fiziki aktivliklə müalicə prosesini dəstəkləyə bilər. Burada təhlükəli bir məqam yoxdur. Amma alternativ metod effektivliyi sübut olunmuş müalicənin əvəzinə istifadə olunur. Əsas təhlükə məhz buradadır. Bununla bağlı çox maraqlı tədqiqatlar aparılıb. Araşdırmalar göstərir ki, sağalma potensialı olan bəzi xərçəng növlərində yalnız alternativ müalicəni seçən xəstələrdə ölüm riski ənənəvi müalicə alanlarla müqayisədə təxminən 2-5 dəfə daha yüksək ola bilər. Burada məsələ alternativ müalicənin özünün mütləq zərərli olması deyil. Əsas problem effektiv müalicənin alternativ müalicəyə görə gecikdirilməsi və ya ümumiyyətlə rədd edilməsidir. Bu, çox təhlükəlidir. İkinci məsələ də budur: biz kimyaterapiya aparırıqsa, xəstə əlavə olaraq hər hansı bitki tərkibli dərman qəbul edə bilərmi? Mən bunu əksər hallarda tövsiyə etmirəm. Çünki bitki tərkibli preparatların bizim verdiyimiz dərmanlarla qarşılıqlı təsirini heç də hər zaman bilmirik. Bəzi bitki tərkibli preparatlar qaraciyərin dərmanları metabolizə etmə prosesinə təsir göstərə bilər. Nəticədə qəbul etdiyimiz dərmanlarla qarşılıqlı təsir yarana və onların effektivliyi arta və ya azala bilər. Ona görə də kimyaterapiya və ya radioterapiya zamanı həkimlə məsləhətləşmədən bitki tərkibli preparatlar, yüksək dozada vitaminlər, antioksidantlar və digər əlavələr qəbul etməyi tövsiyə etmirik. Əgər xəstə alternativ və ya komplementar bir metoddan istifadə etmək istəyirsə və ya artıq istifadə edirsə, bunu mütləq həkimi ilə müzakirə etməlidir. Bəzi xəstələr həkimin reaksiyasından çəkinərək bunu demək istəmirlər. Amma bunu gizlətmək doğru deyil. Həkimlə açıq şəkildə danışmaq çox vacibdir.

- Xərçəng müalicəsində son illərdə dərmanların seçimi getdikcə daha fərdi xarakter alır. Gələcəkdə analiz nəticələrinə əsasən hər xəstə üçün tamamilə fərqli müalicə sxeminin hazırlanması mümkün olacaqmı?

-Bu, artıq gələcəyin deyil, bugünkü onkologiyanın reallığıdır. Əvvəllər biz ilk növbədə xərçəngin hansı orqanda yarandığını müəyyənləşdirir, daha sonra həmin xərçəngin histoloji növünü təyin edirdik. Bu gün isə artıq molekulyar təsnifat deyilən yanaşma var. Məsələn, əvvəllər deyirdik ki, xəstədə ağciyər xərçəngi var. Bu gün isə, məsələn, “ROS1-pozitiv ağciyər xərçəngi” deyə bilərik. Yəni şişdəki müəyyən mutasiyaları və molekulyar xüsusiyyətləri müəyyən edərək diaqnozu dəqiqləşdirir və buna uyğun müalicə təyin edirik. Amma bu, hər mutasiyaya uyğun dərmanın olduğu və ya həmin dərmanın mütləq klinik fayda verəcəyi demək deyil. Çünki xərçəng çox heterogen xəstəlikdir. Bəzən müəyyən mutasiya aşkar olunur, biz ona uyğun dərman təyin edirik, daha sonra isə başqa bir mutasiya meydana çıxır və şiş həmin dərmana qarşı rezistentlik qazanır. Bu halda müalicəni dəyişmək məcburiyyətində qalırıq. Burada immun sisteminin də rolu var. Yəni, bu, kifayət qədər kompleks bioloji prosesdir. Hazırda çalışdığım xəstəxanada ənənəvi müalicə metodlarından fayda görməyən xəstələrdə tam genom analizləri aparılır. Orada aşkar olunan mutasiyalara uyğun olaraq müəyyən dərmanlar təyin edilə bilər. Amma dediyim kimi, bu, həmin müalicənin hər xəstədə mütləq fayda göstərəcəyi anlamına gəlmir. Bununla belə, bu sahə gündən-günə inkişaf edir. Gələcəkdə mutasiyaları, genomik və immunoloji profili, həmçinin klinik faktorları birlikdə interpretasiya edərək xəstəyə daha dəqiq fərdiləşdirilmiş müalicə təyin edə biləcəyik.

-Bəzi xərçəng növləri uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilir. İnsan hansı yaşdan etibarən və hansı hallarda onkoloji skrininqlərə xüsusi diqqət göstərməlidir?

-Ümumiyyətlə, burada ümumiləşdirmə aparmaq düzgün olmaz. Skrininq xərçəngin növünə, şəxsin yaşına, cinsinə və fərdi risk faktorlarına görə dəyişə bilər. Almaniyada skrininq proqramları aktiv şəkildə tətbiq olunur. Uşaqlıq boynu xərçəngi üçün skrininq 20 yaşdan, süd vəzi xərçəngi üçün klinik müayinə 30 yaşdan, mammoqrafiya 50 yaşdan, dəri xərçəngi skrininqi 35 yaşdan, prostat xərçəngi üçün skrininq 45 yaşdan, kolorektal xərçəng üçün isə 50 yaşdan başlayır. Amma bunlar orta riskli populyasiya üçün nəzərdə tutulan yanaşmalardır. Yüksək riskli insanlarda bu yaş hədləri tətbiq olunmaya bilər. Məsələn, güclü ailə anamnezi olan, məlum irsi xərçəng sindromu daşıyan və ya əvvəllər döş qəfəsinə şüalanma almış xəstələrdə skrininq daha erkən yaşda və fərqli proqramla həyata keçirilə bilər. Burada çox vacib bir məqamı qeyd etmək istəyirəm: skrininq sağlam, simptomsuz insanlar üçün aparılan müayinələrdir. Yəni heç bir simptomu olmayan populyasiyada xərçəngi erkən aşkarlamaq məqsədi daşıyır. Əgər artıq simptom varsa, bu, skrininq deyil, erkən diaqnostika mərhələsidir. Həmçinin hər xərçəng növü üçün skrininq aparmaq düzgün deyil. Skrininqin faydalı olması üçün xəstəlik kifayət qədər geniş yayılmış olmalı, erkən aşkarlanması proqnozu ciddi şəkildə yaxşılaşdırmalı və istifadə olunan testlərin faydası mümkün zərərlərindən daha çox olmalıdır. Məsələn, skrininqin çatışmazlıqlarından biri yalnış pozitiv nəticələrdir. Bu halda xəstəni əlavə müayinələrə, hətta biopsiyaya göndərə bilərik və insan lazımsız invaziv prosedurlara məruz qala bilər. Buradan izləyicilərimizə və oxucularımıza vermək istədiyim əsas mesajlardan biri də budur: “Mən hər il bütün şiş markerlərimi yoxlatdırıram” demək xərçəng skrininqi demək deyil. Sağlam populyasiyada onkomarkerlərin ümumi xərçəng skrininqi kimi istifadəsinin elmi əsaslandırılmış faydası yoxdur.

- Bir onkoloq kimi sizi daha çox düşündürən nədir: xəstəliyin özünün mürəkkəbliyi, yoxsa insanların xərçəng diaqnozuna münasibəti? Sizcə, cəmiyyətdə xərçəng haqqında düşüncə tərzini dəyişmək üçün ilk növbədə nə etmək lazımdır?

- Ümumiyyətlə, elmi baxımdan xərçəng inanılmaz dərəcədə mürəkkəb xəstəlikdir. Hətta bir xərçəng növünün çoxsaylı alt tipləri və onların hər birinə fərqli müalicə yanaşmaları var. Xərçəng, əslində, bir xəstəlik deyil, çoxsaylı və bir-birindən fərqlənən molekulyar xəstəliklərin ümumi adıdır. Hazırda Almaniya kimi inkişaf etmiş bir ölkədə xərçəngin özündən çox, insanların xərçənglə bağlı düşüncəsi məni düşündürür. Çünki elm inkişaf edir və xəstəliyin diaqnostikası və müalicəsi ilə bağlı ən son yeniliklərə çıxışımız kifayət qədər yaxşıdır. Biz buna “xərçəng fatalizmi” deyirik. Yəni, insan düşünür ki, xərçəng diaqnozu qoyulubsa, artıq heç nə etmək mümkün deyil. Bu, təkcə psixoloji problem deyil, həqiqətən də klinik nəticələrə təsir edə bilər. Psixoloji faktorun önəmini həm Azərbaycandakı, həm də Almaniyada müalicə etdiyim xəstələrdə çox görmüşəm. Hansı xəstələr ki, diaqnozunu qəbul edir, həkimin tövsiyələrinə düzgün şəkildə əməl edir və müalicə prosesində fəal iştirak edir, onların xəstəliyinin gedişatının daha yaxşı olduğunu praktikada görürük. Bununla bağlı elmi tədqiqatlar da var. Mən buradan cəmiyyətə demək istəyirəm: xərçəngdən qorxmaq yox, xərçəngi anlamaq lazımdır. Bilmək lazımdır ki, xərçəng artıq tək bir xəstəlik kimi qəbul edilmir. Bu, çoxsaylı və bir-birindən fərqlənən xəstəliklərin ümumi adıdır. Xərçəng xəstəliyi sağala bilər və xüsusilə erkən diaqnostika zamanı çox yüksək sağqalım göstəricilərinə nail olmaq mümkündür. Müasir onkologiyanın məqsədi artıq yalnız sağqalımı uzatmaq deyil. Məqsəd həm də xəstələrin daha uzun və daha keyfiyyətli həyat sürməsini təmin etməkdir. Məsələn, Azərbaycanda işlədiyim dövrdə xəstələrdən ən çox eşitdiyim suallardan biri “Nə qədər ömrüm qalıb?” olurdu. Almaniyada isə yanaşmanın bir qədər fərqli olduğunu görürəm. Xəstələr daha çox xəstəliyin biologiyası, hansı mərhələdə olduğu, hansı müalicə imkanlarının mövcudluğu və proqnozla bağlı suallar verirlər. Mən də istəyərdim ki, xəstələrimiz artıq yalnız “Nə qədər ömrüm qalıb?” sualına fokuslanmasınlar. Çünki hər xərçəngin gedişatı bir-birindən fərqlidir. Düşünürəm ki, xəstələrin bu xəstəliyi daha yaxşı anlaması, müalicəyə daha pozitiv və real yanaşması və həkimin tövsiyələrinə riayət etməsi müasir onkologiyanın qarşısında duran ən mühüm hədəflərdən biridir. Təbii ki, burada səhiyyə sisteminə çıxış məsələsini də nəzərə almaq lazımdır. Almaniya kimi onkoloji sistemi daha inkişaf etmiş ölkələrdə xəstələrin diaqnozunu qəbul etməsi müəyyən mənada daha asan ola bilər. Çünki onlar səhiyyə sisteminə güvənərək müasir müalicə metodlarına çıxış əldə edə biləcəklərini bilirlər. Azərbaycanda isə müasir dərmanlara və bəzi müalicə imkanlarına çıxışla bağlı müəyyən çətinliklər mövcuddur. Bu narahatlıqları bir həkim kimi başa düşürəm və qəbul edirəm. Amma bütün bunlara baxmayaraq, onkoloji savadlılığın artırılması çox vacibdir. İnsanlara üç əsas mesaj vermək istəyirəm: risk faktorlarını azaltmaq mümkündür. Uyğun skrininqlər xərçəngi erkən aşkarlamağa kömək edə bilər. Xərçəng diaqnozu qoyulduqda isə müasir tibbdə çoxsaylı müalicə imkanları mövcuddur. Bir onkoloq kimi istəyirəm ki, insan “xərçəng” sözünü eşidən kimi “hər şey bitdi” düşünməsin. İlk sualı bu olsun: “Bu hansı xərçəngdir, hansı mərhələdədir və mənim üçün hansı müalicə imkanları var?” Məncə, cəmiyyətdə onkoloji savadlılığın ən vacib göstəricilərindən biri də məhz bu sualları verə bilməkdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması sahəsi üzrə hazırlanmışdır.