Zahid Oruc namizədliyini geri götürəcək? - Açıqlama

30 Sentyabr 2013 09:38 (UTC+04:00)
Prezidentliyə namizədliyi müstəqil şəkildə irəli sürülmüş Zahid Orucun İctimai Televiziyada yayımlanan debatlardakı çıxışlarında diqqət çəkən məqamlardan biri budur ki, o, seçicilərə ona səs vermələri barədə heç bir müraciət etməyib. Bu da onun seçkilərin sonuna az qalmış prezidentliyə namizəd İlham Əliyevin xeyrinə namizədliyini geri götürəcəyi və xalqı ona səs verməyə çağıracağı ehtimalını doğurur.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Z.Oruc bildirib ki, namizədliyini heç kimin xeyrinə geri götürmək fikrində deyil. Prezidentliyə namizəd deyib ki, onun üçün ən vacib şey ideyalarının uğur qazanmasıdır. Prezidentliyə namizədin sözlərinə görə, onların platformasının əsas bazasını Azərbaycan dövlətçiliyinin müdafiəsi təşkil edir. Buna səbəb isə bəzi namizədlərin dövlətçiliklə bağlı sərgilədikləri mövqedir:
"Buna görə də seçiciləri müraciət etməyə imkan olmayıb. Ancaq qarşıda hələ 3 debat var və seçiciləri müraciətlərimiz olacaq. Görəcəksiniz ki, mənim üçün Heydər Əliyev ideyaların qalib gəlməsi elə özü böyük nailiyyət olacaq".

Seçiciləri prezidentliyə namizəd İlham Əliyevə səs verməyə çağırıb-çağırmayacağı ilə bağlı suala cavabında isə Z.Oruc zamanı qabaqlamamağı məsləhət görüb: "Bizim şüarımız "bugünə dəyər, sabaha səs ver"dir. Bugünə dəyər vermədən sabahı təyin edə bilmərik. Mənim üçün ən başlıca hədəf bu kursun yaşarlılığıdır. Dəfələrlə demişəm ki, seçkilərə rəqib qiyafəsində yanaşmaq lazım deyil. Heydər Əliyev dövləti formalaşdırıb. Yeni yenisini meydana çıxarmağa ehtiyac yoxdur".

Z.Orucun sözlərinə görə, onun seçicilərə müraciətinin əsas mövzusu ideyalarının reallaşması ilə bağlı olacaq.

Anar
AzNews.az