İcra başçısı dostluq etdiyi müavinini işdən azad etdi: AzNews.az–ın xəbəri təsdiqləndi

30 Sentyabr 2013 14:52 (UTC+04:00)
Ağdam rayon icra başçısı Nizami Sadıqovun təhsil və səhiyyə üzrə müavini ilə konflikti ikincinin vəzifəsini itirməsi ilə nəticələnib.
AzNews.az-a daxil olan məlumata görə, icra başçısı özünə təhsil və səhiyyə üzrə yeni müavin təyin edib. Həmin vəzifəni sözügedən şöbədə çalışmış Ağa Zeynalov tutub.

Faktı rayon icra başçısının köməkçisi Eldəniz Abdullayev də təsdiq edib.
Onun sözlərinə görə, Ağa Zeynalov artıq 3-4 aydır ki, müavin vəzifəsinə təyin olunub.
Qeyd edək ki, AzNews.az may ayında Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovun təhsil və səhiyyə üzrə müavini Rövşən Hüseynovu tutduğu vəzifədən azad etməsi barədə xəbər yaymışdı. Həmin xəbərdə müavinin vəzifəsindən uzaqlaşdırılmasına səbəb icra başçısıyla aralarında olan narazılıq göstərilirdi. Lakin sözügedən xəbəri Ağdam icra başçısının köməkçisi Eldəniz Abdullayev də, keçmiş müavin Rövşən Hüseynov da təkzib edərək, müavinin işə çıxmamasını onun müalicə alması ilə izah etmişdi.

R.Hüseynov AzNews.az-a icra başçısı ilə dostluğunu, rayonda böyük nüfuz sahibi olduğunu, icra başçısının istəsə də, onu vəzifəsindən kənarlaşdıra bilməyəcəyini demişdi.

Ruhiyyə
AzNews.az