V Milli Yaylaq Festivalı çərçivəsində baş tutan “Türksoylu Xalqların Elat Mədəni İrsi” Beynəlxalq Forumunda yaradılmış platforma alimlərin əlaqələrini genişləndirməkdədir.
Etnoqrafik Tədqiqatlara Dəstək İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən forumda Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Qaqauziya, Macarıstan, Borçalı, Təbriz, Şiraz, Xorasan, Qaşqay və digər türk coğrafiyalarından olan etnoqraflar, folklorşünaslar, tarixçilər, aşıqlar, sənətkarlar və yaradıcı şəxslər bir araya gəldilər.
Forumda türk xalqlarının yaylaq və elat həyatı, çadır mədəniyyəti, milli geyimləri, xalq sənətləri, folkloru, aşıq yaradıcılığı və ortaq mədəni dəyərləri ilə bağlı fikir və təcrübə mübadiləsi aparıldı.
Türk dünyasının ortaq mədəni yaddaşında çadır – yurd, alaçıq və otaq anlayışları xüsusi yer tutur. Əsrlər boyu yaylaq-qışlaq həyatı sürən türk xalqları üçün çadır sadəcə daşınan yaşayış məkanı deyil, ailə və ocaq, el və yurd, təsərrüfat və mərasim, ictimai münasibətlər və dövlətçilik ənənələrinin formalaşdığı mühüm mədəni məkan olmuşdur. Çadırın quruluşundan daxili təşkilinə, ocağından istifadə qaydalarına qədər hər bir detal ənənəvi türk dünyagörüşünün müəyyən elementlərini özündə yaşadır.
Arxeoloji materiallar, yazılı mənbələr və etnoqrafik məlumatlar çadır mədəniyyətinin qədimliyini və geniş coğrafiyasını təsdiqləyir. Çadırın mərkəzində yerləşən ocaq ailənin və nəslin davamlılığının simvolu sayılırdı. Azərbaycan dilində bu gün də işlənən “Ocağın gur olsun!”, “Allah ocağını söndürməsin!” kimi alqışlar həmin dünyagörüşünün izlərini qoruyur. Tarixi mənbələrdə əhalinin bəzən insan sayı ilə deyil, çadır və ya ocaq sayı ilə ifadə edilməsi də çadırın ailə-təsərrüfat vahidi kimi qəbul edildiyini göstərir.
Bu baxımdan “çadır” sözünün etimologiyası üzərində düşünmək maraqlıdır. Bəzən müxtəlif tədqiqatçılar bu sözün mənşəyini başqa dillərdə axtarmağa çalışırlar. Halbuki Azərbaycan türkcəsinin canlı danışıq dili belə bu sözün köklərinin türk dilində formalaşdığını göstərən maraqlı nümunələrlə zəngindir.
Çadırların əhəmiyyəti "Kitabi-Dədə Qorqud" dastanında da geniş şəkildə əks olunmuşdur. Demək olar ki, hər böyük toy və ya el şənliyi çadırların qurulması ilə başlayır. Dastanda belə deyilir:
"Ala çadırı yer üzünə dikdirgil, atdan ayğır, dəvədən buğra, qoyundan qoç öldürgil..."
Bu ifadə göstərir ki, ilk növbədə çadırlar qurulur, daha sonra qurbanlıqlar hazırlanır, yeməklər bişirilir və böyük ziyafətlər təşkil edilirdi.
Dastanda çadırların rənglərinin də xüsusi rəmzi mənası olduğu göstərilir. Bayındır xanın məclisində oğlu olanlar ağ çadıra, qızı olanlar qırmızı çadıra, övladı olmayanlar isə qara çadıra yerləşdirilir. Bu nümunə çadır rənglərinin sosial və simvolik məna daşıdığını göstərir.
Oğuznamələr və orta əsr tarixi mənbələri də türk xalqlarının çadır mədəniyyətini aydın şəkildə əks etdirir. Maraqlı məqamlardan biri odur ki, həmin dövrdə əhalinin sayı insanların fərdi hesabı ilə deyil, çadırların sayı ilə müəyyən edilirdi. Bunun əsas səbəbi ailə həyatının məxfi və toxunulmaz hesab olunması idi. Çadır ailənin simvolu sayılırdı və bir çadır bir ailəyə bərabər qəbul edilirdi. Buna görə də salnamələrdə və tarixi qaynaqlarda əhalinin sayı göstərilərkən “çadır”, “ocaq” və ya “ev” anlayışlarından istifadə olunurdu.
Məsələn, mənbələrdə bildirilir ki, 960-cı ildə Qaraxanlılar dövründə təxminən 200 min çadırlıq türk elatının İslam dinini qəbul etdiyi qeyd edilir. Burada söhbət Qaraxanlı dövlətinin hakimiyyəti altında yaşayan türk tayfalarından gedir. Bu məlumat həmin dövrdə türk elatlarının nə qədər böyük və təşkilatlanmış olduğunu göstərən mühüm faktlardan biridir.
Maraqlıdır ki, Qafqazın Rusiya imperiyası tərəfindən işğalından sonrakı dövrə aid rəsmi sənədlərdə də əhalinin sayılması zamanı fərqli, lakin mahiyyət etibarilə eyni prinsipi əks etdirən “tüstü” anlayışından istifadə olunurdu. Burada “tüstü” bacadan çıxan tüstünü ifadə etsə də, əslində bir ailənin, bir evin göstəricisi idi. Çünki ailənin daxili həyatı toxunulmaz sayılırdı və insanların sayı deyil, hər ocaqdan qalxan tüstü əsas götürülürdü.
Orta əsr mənbələri çadırın dövlətçilik və diplomatiya ilə əlaqəsini də əks etdirir. Türk hökmdarları yaylaq mövsümündə dövlət işlərini çadırlarda həyata keçirir, elçiləri qəbul edir, toy və digər böyük mərasimləri burada təşkil edirdilər. Ağqoyunlu hökmdarı Həsən Padşah Bayandurun yaylaq həyatı və çadır mərasimləri haqqında məlumatlar bu ənənənin xüsusilə parlaq nümunələrindəndir.
Bu barədə maraqlı məlumatlardan birini venesiyalı diplomat və səyyahlar Ağqoyunlu dövlətinə səfərləri zamanı qeyd etmişlər. Onların yazdıqlarına görə, Ağqoyunlu hökmdarı Həsən Bayandurun Təbrizdə möhtəşəm sarayı olsa da, ilin çox hissəsini yaylaqlarda keçirir, xalqı ilə görüşür, dövlət işlərini də burada idarə edirdi. Hətta Avropadan gələn səfirlər hökmdarı paytaxtda tapa bilmədikləri üçün onun yerləşdiyi yaylaqlara üz tuturdular.
Belə görüşlər zamanı böyük çadırlar qurulur, mərasimlər təşkil olunurdu. Aşıqlar dastan söyləyir, zurna və nağara səslənir, milli rəqslər ifa edilir, pəhləvanların güləşləri nümayiş etdirilir, zəngin ziyafətlər verilirdi. Bütün bu tədbirlər xüsusi qurulmuş möhtəşəm çadırlarda keçirilirdi. Bu fakt bir daha göstərir ki, çadır yalnız yaşayış məkanı deyil, həm də dövlət hakimiyyətinin, diplomatik münasibətlərin və türk qonaqpərvərliyinin mühüm atributu olmuşdur.
Çadırla bağlı mühüm faktlardan biri də 1736-cı ildə baş tutan Muğan qurultayı türk dövlətçilik və çadır mədəniyyətinin ən möhtəşəm nümunələrindən biri olmuşdur. Mənbələrə əsasən, Qurultay üçün təxminən 12 min çadır qurulmuş, qamış və ağacdan evlər, hətta məscid tikilmişdi. Orucluq bayramı günü Nadir xan özünün 12 sütunlu, zərlə bəzədilmiş möhtəşəm çadırında Osmanlı və Rusiya səfirlərini, eləcə də minə yaxın nüfuzlu qonağı qəbul etmişdi. Bu fakt göstərir ki, türk dünyasında çadır sadəcə yaşayış yeri deyil, həm də dövlət idarəçiliyinin, diplomatiyanın və beynəlxalq münasibətlərin mərkəzi olmuşdur.
Bu baxımdan elat mədəniyyətini yalnız köçəri həyat və çadırla məhdudlaşdırmaq doğru olmaz. Elat irsi yaylaq-qışlaq sistemi ilə yanaşı, ənənəvi təsərrüfat biliklərini, ailə və qohumluq münasibətlərini, milli geyimləri, xalçaçılıq və keçəçiliyi, xalq musiqisini, aşıq sənətini, folkloru, mərasimləri və digər maddi-mənəvi irs nümunələrini əhatə edən bütöv mədəni sistemdir. Onun mühüm xüsusiyyəti isə bu elementlərin bir-birindən ayrı deyil, vahid həyat tərzi daxilində formalaşmasıdır.
Məhz bu zəngin irsin araşdırılması və müxtəlif türk xalqları arasında mövcud olan ortaq və regional xüsusiyyətlərin elmi müstəvidə müzakirəsi məqsədilə forum iştirakçıları tərəfindən bir platforma yaradılması təklif olundu. Festivaldan sonra formalaşan bu platformada türk dünyasının müxtəlif bölgələrindən olan etnoqraflar, folklorşünaslar, tarixçilər, aşıqlar, sənətkarlar, muzey mütəxəssisləri yer alıblar. Belə əməkdaşlıq müxtəlif türk toplumlarında yaşayan ortaq mədəni kodların müəyyənləşdirilməsi ilə yanaşı, hər bir bölgənin özünəməxsus irsinin qorunmasına da xidmət edə bilər.
Göygöldə Xan Çadırında başlanan bu əməkdaşlıq, əslində, çadırın tarixi funksiyasının müasir dövrdə simvolik davamıdır. Vaxtilə çadır bir ailəni və eli bir araya gətirirdisə, bu gün həmin çadır türk dünyasının müxtəlif coğrafiyalarından olan elm və sənət adamlarını ortaq irsin öyrənilməsi ətrafında birləşdirən mədəni məkan rolunu oynadı.
Çadırdan başlayan bu mədəni yaddaş bu gün artıq yeni bir mərhələyə – beynəlxalq elmi və mədəni əməkdaşlıq platformasına keçir.
Günay Çapay Həsənova
Etnoqraf, tarix üzrə fəlsəfə doktoru
Etnoqrafik Tədqiqatlara Dəstək İctimai Birliyinin idarə heyətinin sədri