Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın maliyyə dayaqlarının gücləndirilməsi istiqamətində yeni təşəbbüs irəli sürülüb. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri Kürşad Zorlu bildirib ki, türk dövlətləri üçün ortaq İnkişaf Bankının yaradılmasına dair layihə hazırlanıb və sənəd digər üzv dövlətlərə, eləcə də Türk Dövlətləri Təşkilatının Baş Katibliyinə təqdim ediləcək. Təşəbbüsün əsas məqsədlərindən biri Orta Dəhliz üzrə layihələrin və biznes təşəbbüslərinin maliyyələşdirilməsi, türk dövlətlərinin beynəlxalq maliyyə bazarlarına çıxış imkanlarının genişləndirilməsidir.
Bu təşəbbüsün əhəmiyyəti ilk növbədə mövcud Türk İnvestisiya Fondu ilə birlikdə qiymətləndirilməlidir. Türk İnvestisiya Fondu 2023-cü ildə təsis edilib, yaradılması haqqında saziş 2024-cü ilin fevralında qüvvəyə minib və hazırda 600 milyon ABŞ dolları həcmində səlahiyyətli kapitala malikdir. Fondun fəaliyyət istiqamətlərinə infrastruktur, nəqliyyat və logistika, enerji, sənaye, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və kiçik və orta biznesin maliyyələşdirilməsi daxildir.
Bu baxımdan ayrıca inkişaf bankının yaradılması mövcud maliyyə mexanizmlərinin sadəcə təkrarı deyil, daha geniş maliyyələşdirmə arxitekturasının formalaşdırılması kimi nəzərdən keçirilə bilər. İnvestisiya fondu əsasən kapital qoyuluşlarının səfərbər edilməsi və layihələrin maliyyələşdirilməsi üçün platforma rolunu oynayırsa, inkişaf bankı uzunmüddətli kreditlər, layihələrin birgə maliyyələşdirilməsi, zəmanət mexanizmləri və beynəlxalq maliyyə institutlarından resurs cəlbi kimi daha geniş alətlərə malik ola bilər. Bununla belə, belə bir strukturun iqtisadi səmərəliliyi onun kapitalının həcmi ilə yanaşı, kredit siyasətinin, risk idarəetməsinin və layihələrin seçilməsi mexanizmlərinin necə qurulmasından asılı olacaq.
Təşəbbüsün ən mühüm iqtisadi istiqamətlərindən biri Orta Dəhlizdir. Azərbaycan, Qazaxıstan və Gürcüstan üzərindən Çin və Avropa bazarlarını birləşdirən bu marşrut son illərdə beynəlxalq maliyyə institutlarının diqqətindədir. Dünya Bankının hesablamalarına görə, zəruri investisiyalar və səmərəlilik tədbirləri həyata keçirildiyi halda Orta Dəhliz üzrə yük axınlarının 2030-cu ilədək üç dəfəyə qədər artırılması, daşınma müddətinin isə yarıya endirilməsi mümkündür. Bank həmçinin dəhliz üzrə dəmir yollarının, intermodal terminalların, limanların və rəqəmsal logistika sistemlərinin inkişafını əsas investisiya istiqamətləri kimi göstərir.
Dəhlizin maliyyələşdirilməsinə qlobal marağın artması bu potensialın yalnız nəzəri xarakter daşımadığını göstərir. Məsələn, Dünya Bankı 2024-cü ildə Qazaxıstanda Orta Dəhlizin bir hissəsi üzrə nəqliyyat infrastrukturunun inkişafına 650 milyon dollar maliyyələşmə təsdiqləyib. 2026-cı ilin fevralında isə Qazaxıstanın dəmir yolu şəbəkəsinin Orta Dəhliz üzrə genişləndirilməsi üçün 846 milyon dollarlıq Dünya Bankı zəmanəti 1,41 milyard dollar həcmində uzunmüddətli kommersiya maliyyəsinin səfərbər edilməsinə imkan yaradıb.
Məhz bu mərhələdə ortaq inkişaf bankının yaradılması ideyası iqtisadi baxımdan əlavə əhəmiyyət qazana bilər. Çünki Orta Dəhlizin rəqabət qabiliyyətini yalnız magistral yolların və dəmir yollarının tikintisi müəyyən etmir. Liman infrastrukturu, gömrük və sərhəd prosedurlarının rəqəmsallaşdırılması, logistika mərkəzləri, yük terminalları, sığorta, lizinq və digər xidmətlər də vahid zəncirin tərkib hissəsidir. Bu sahələrdə koordinasiyalı maliyyələşdirmə mexanizminin olması müxtəlif ölkələrdə həyata keçirilən layihələrin bir-birini tamamlamasına şərait yarada bilər.
Türkiyənin Orta Dəhlizi Fars körfəzinə bağlamaq, İraq üzərindən İnkişaf Yolu ilə əlaqələndirmək və Suriya istiqamətində Hicaz Dəmir Yolu layihəsini gündəmə gətirməsi isə məsələyə daha geniş logistika şəbəkəsi prizmasından yanaşıldığını göstərir. Beləliklə, Mərkəzi Asiyadan Xəzər dənizi və Azərbaycan vasitəsilə Türkiyəyə uzanan marşrutların Yaxın Şərqdəki nəqliyyat dəhlizləri ilə əlaqələndirilməsi nəzərdə tutulur. Bu yanaşma reallaşdığı təqdirdə yük axınlarının alternativ istiqamətlər üzrə bölüşdürülməsi və regionlararası ticarət əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər.
Digər tərəfdən, inkişaf bankının yaradılması üçün üzv ölkələrin kapital qoyuluşları ilə yanaşı, beynəlxalq maliyyə bazarlarından resurs cəlb etmək qabiliyyəti də əsas məsələ olacaq. İnkişaf banklarının beynəlxalq səviyyədə uğurlu fəaliyyəti adətən onların kapital bazası, kredit reytinqi, şəffaf idarəetmə sistemi və risklərin bölüşdürülməsi imkanları ilə sıx bağlıdır. Bu səbəbdən yeni bankın yalnız təsis edilməsi deyil, onun beynəlxalq maliyyə institutları ilə birgə maliyyələşdirmə mexanizmləri qurması daha böyük iqtisadi effekt verə bilər.
Türk İnvestisiya Fondunun da beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını genişləndirməsi bu istiqamətdə müəyyən baza formalaşdırır. Fond 2026-cı ildə Dünya Bankının inkişaf yönümlü beynəlxalq maliyyə qurumları üçün nəzərdə tutulan RAMP tərəfdaşlığına qoşulub. Bu, türk dövlətləri arasında yaradılan maliyyə institutlarının qlobal maliyyə ekosisteminə inteqrasiyasının artıq praktik mərhələyə keçdiyini göstərən nümunələrdən biridir.
Azərbaycan üçün belə maliyyə mexanizmlərinin inkişafı xüsusilə Orta Dəhliz, tranzit-logistika, enerji, sənaye və rəqəmsal bağlantı layihələri baxımından əhəmiyyətlidir. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Transxəzər marşrutunun digər elementləri Azərbaycanın regional nəqliyyat şəbəkəsindəki rolunu gücləndirən əsas infrastrukturlardır. Bu infrastrukturun yeni maliyyə imkanları ilə tamamlanması isə yalnız tranzit gəlirlərinin deyil, logistika, xidmət və istehsal sahələrində əlavə iqtisadi dəyərin formalaşmasına imkan verə bilər.
Nəticə etibarilə, ortaq İnkişaf Bankı ideyası türk dövlətləri arasında iqtisadi əməkdaşlığın institusional mərhələsini dərinləşdirə biləcək maliyyə mexanizmi kimi çıxış edir. Əsas məsələ yeni qurumun mövcud Türk İnvestisiya Fondu ilə funksional şəkildə tamamlanması, iri regional layihələrə uzunmüddətli kapital cəlb etməsi və özəl sektor üçün maliyyə imkanlarını genişləndirməsidir. Orta Dəhliz üzrə investisiya tələbinin yüksəlməsi, beynəlxalq maliyyə institutlarının regiona artan marağı və türk dövlətləri arasında maliyyə əməkdaşlığının genişlənməsi belə bir struktur üçün iqtisadi zəminin getdikcə möhkəmləndiyini göstərir.
Nuray,
AzNews.az