"Amnesty International" təşkilatı "Qadın, həyat, azadlıq" etiraz aksiyalarının yatırılması zamanı insanlığa qarşı cinayətlər törətmiş 87 iranlı məmur və komandirin təqib olunmalı olduğunu açıqlayıb.
Bu barədə təşkilatın baş katibi Aqnes Kalamar çərşənbə axşamı Londonda keçirilən mətbuat konfransında bildirib.
Kalamar qeyd edib ki, təşkilat təhlükəsizlik qüvvələrinin komanda strukturunu və onların etirazların yatırılmasındakı rolunu sənədləşdirib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri və Daxili İşlər Nazirliyinin rəsmilərinin daxil olduğu bu siyahı yekun deyil və adı çəkilənlərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər sübut mövcuddur.
O bildirib ki, Amnesty International İranda ali rəhbərə və digər rəsmi şəxslərə hesabatda müəyyən edilmiş şəxslərlə bağlı məktub ünvanlasa da, heç bir cavab almayıb.
Kalamar BMT Baş Assambleyasını cinayət məsuliyyətinin təmin edilməsi üçün beynəlxalq mexanizm yaratmağa çağırıb, həmçinin dövlətləri İranın vəziyyətinin BMT Təhlükəsizlik Şurası tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinə göndərilməsinə nail olmağa səsləyib. O, həmçinin dünya prokurorlarını universal yurisdiksiya prinsipi əsasında adıçəkilən İran rəsmilərini təqib etməyə çağırıb.
Baş katib əlavə edib ki, İranda daxili repressiyalar güclənib, ictimai məkanlar getdikcə daha çox militarizasiya olunub və siyasi motivli edamların sayı artıb. O, hökumətləri etirazçılara qarşı daha genişmiqyaslı yeni basqı dalğasının qarşısını almaq üçün diplomatik tədbirlər görməyə çağırıb.
Mövsüm,
AzNews.az