"Bilirik ki, bundan əvvəl də ABŞ Konqresi Trampın İrana qarşı hərbi əməliyyatları dayandırması ilə bağlı bir sıra qətnamələr qəbul etmişdi. Lakin Tramp həmin qətnamələri faktiki olaraq nəzərə almadı. Ona görə də hazırda bu müharibənin Trampın istədiyi istiqamətdə davam etdiyini görürük. Burada diqqətçəkən məqam qətnamənin 220 səs lehinə, 204 səs əleyhinə qəbul olunmasıdır. Yeddi respublikaçının da bu qətnaməni dəstəkləməsi artıq ABŞ daxilində, xüsusilə də Respublikaçılar Partiyasında müəyyən fikir ayrılıqlarının və siyasi parçalanmaların yarandığını göstərir. Əgər Respublikaçılar Partiyasının daxilində Trampın mövqeyinə qarşı səslərin artdığını görürüksə, bu, həm partiya daxilində, həm də ümumilikdə siyasi sistemdə müəyyən qırılmaların baş verdiyini göstərir. Bu isə təbii olaraq Trampın həm hazırkı, həm də gələcək siyasəti baxımından müəyyən risklər yaradır. Təbii ki, Konqresin qəbul etdiyi bu qətnamələrin Trampın qərarlarına nə dərəcədə təsir göstərəcəyi məsələsi də müzakirə mövzusudur. Çünki daha əvvəl də qeyd etdiyim kimi, Konqres Trampın siyasətinə qarşı bir neçə dəfə belə qətnamələr qəbul edib, lakin bunun ciddi nəticəsi olmayıb".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Mamedova deyib.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında İranla bağlı hərbi siyasətə dair qətnamə qəbul olunub. Sənəddə Prezident Donald Trampın İrana qarşı həyata keçirilən hərbi əməliyyatları dayandırması tələb edilir. Səsvermə zamanı 220 konqresmen qətnamənin lehinə, 204 nəfər isə əleyhinə mövqe bildirib. Sənədə Respublikaçılar Partiyasının yeddi üzvünün dəstək verməsi isə partiya daxilində məsələ ilə bağlı fərqli mövqelərin olduğunu göstərib.
Siyasi şərhçi qeyd edib ki, Tramp İranla müharibəni öz müəyyən etdiyi istiqamətdə davam etdirib.
"Hazırda Konqresin Trampa göstərə biləcəyi əsas təzyiq mexanizmləri büdcə və maliyyələşmə məsələləri ilə bağlıdır. Bu müharibəyə artıq 38 milyard dollardan çox vəsait xərcləndiyi nəzərə alınarsa, Konqres həmin xərclərə müəyyən məhdudiyyətlər tətbiq edə bilər. Yəni bu gün Trampa qarşı istifadə oluna biləcək əsas təsir imkanlarından biri məhz maliyyə məsələləridir. Digər tərəfdən, daxildə yaranan fikir ayrılıqları, ictimai reaksiyalar və Konqresdən gələn reaksiyalar gələcək seçkilərdə Trampın siyasi mövqeyinə də təsir göstərə bilər. Lakin hazırkı mərhələdə ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının gələcək istiqaməti daha çox Trampın özünün verəcəyi siyasi qərarlardan asılıdır. Əgər daxildə yaranan fikir ayrılıqları və siyasi təzyiqlər onun gələcək komandası üçün ciddi problemlər yaratsa, Tramp müharibənin dayandırılması, dondurulması və ya davam etdirilməsi ilə bağlı yeni qərar qəbul edə bilər. Eyni zamanda, İranla yenidən razılaşma əldə edilməsi və tərəflərin danışıqlar masasına qayıtması variantı da gündəmə gələ bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az