"Sabit internet tarifləri üzrə vahid minimum qiymətin tətbiqi iqtisadi baxımdan müəyyən arqumentlərə söykənə bilər. Telekommunikasiya operatorları şəbəkələrin yenilənməsi, avadanlıqların alınması, enerji, texniki xidmət və yeni infrastrukturun qurulması üçün davamlı gəlirə ehtiyac duyurlar. Xüsusilə optik internet şəbəkəsinin genişləndirilməsi və köhnə infrastrukturun yenilənməsi əlavə investisiya tələb edir. Bu baxımdan çox aşağı tariflərin uzun müddət saxlanılması operatorların investisiya imkanlarını məhdudlaşdıra bilər.
Amma burada əsas məsələ minimum tarifin hansı səviyyədə müəyyənləşdirilməsidir. Əgər 18 manat və daha aşağı tarifdən istifadə edən abonentə faktiki ehtiyacından asılı olmayaraq 25 manatlıq paket təklif edilirsə, bu, sadəcə tariflərin vahidləşdirilməsi deyil, müəyyən istehlakçılar üçün məcburi xərc artımı deməkdir".
Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Qeyd edək ki, Azərbaycanda sabit internet tarifləri ilə bağlı yeni dəyişiklik abonentlərin aylıq xərclərinə təsir göstərə bilər. Oktyabrın 1-dən qiyməti 18 manat və ya daha aşağı olan bəzi tariflərin 25 manatlıq minimum tarifə keçirilməsi nəzərdə tutulur. Dəyişikliyin internet tariflərinin vahidləşdirilməsi və telekommunikasiya infrastrukturunun inkişafı ilə əlaqələndirildiyi bildirilir. Lakin tariflərin artırılması fonunda internet xidmətlərinin keyfiyyəti və abonentlərin seçim imkanları ilə bağlı suallar yaranır. Xüsusilə daha aşağı sürətə ehtiyacı olan və ya daha ucuz paketlərdən istifadə edən abonentlərin daha yüksək ödəniş etməsi bu dəyişikliyin sosial-iqtisadi təsirlərinin müzakirəsini aktuallaşdırır.
A. Nəsirli qeyd edib ki, abonent daha yüksək internet sürətinə və əlavə xidmətlərə ehtiyac duymursa, onun daha bahalı tarif paketinə keçirilməsinin sosial baxımdan əsaslandırılması vacibdir.
"Tarif artımının qarşılığında xidmətin sürəti, sabitliyi, texniki dəstəyin səviyyəsi və fasiləsizliyi də real şəkildə yaxşılaşmalıdır.
Burada bazar rəqabəti də mühüm əhəmiyyət daşıyır. Əgər bütün operatorlar faktiki olaraq eyni minimum tarifə keçirlərsə, aşağı gəlirli abonentin daha ucuz alternativ seçmək imkanı azalır. Rəqabətin əsas üstünlüklərindən biri müxtəlif gəlir səviyyəsinə və müxtəlif istehlak ehtiyaclarına uyğun paketlərin mövcud olmasıdır. Ona görə də vahid minimum tarif tətbiq edilərkən sosial tariflərin, aşağı sürətli və daha ucuz paketlərin saxlanılması məsələsi ayrıca nəzərdən keçirilməlidir.
Əhali büdcəsinə təsir baxımından 7 manatlıq artım ilk baxışdan böyük məbləğ kimi görünməyə bilər, amma bunu yalnız bir abonent üzrə hesablamaq düzgün deyil. Məsələn, aylıq internet xərci 18 manatdan 25 manata qalxırsa, illik əlavə xərc 84 manat təşkil edir. Ailədə internetlə yanaşı mobil rabitə, televiziya, kommunal xidmətlər və digər məcburi ödənişlər də nəzərə alındıqda bu cür kiçik artımlar yığılaraq ailənin sərbəst gəlirini azalda bilər. Xüsusilə aşağı və orta gəlirli ailələr üçün məsələ daha həssasdır. Çünki belə ailələrdə internet artıq lüks deyil, təhsil, iş, elektron dövlət xidmətləri, bank əməliyyatları və gündəlik kommunikasiya üçün zəruri xidmətə çevrilib. Buna görə internet tarifinin artımını adi kommersiya məhsulunun bahalaşması ilə eyniləşdirmək düzgün olmaz. İnternetin qiyməti əhalinin digər məcburi xərcləri ilə birlikdə qiymətləndirilməlidir. Digər tərəfdən, internet tariflərinin süni şəkildə aşağı saxlanılması da uzunmüddətli perspektivdə problem yarada bilər. Operatorun gəliri xərclərini və investisiya ehtiyaclarını qarşılamırsa, bunun nəticəsi şəbəkənin keyfiyyətinin zəifləməsi, yeni ərazilərə internetin çəkilməsinin ləngiməsi və xidmət səviyyəsinin aşağı düşməsi ola bilər. Buna görə məqsəd sadəcə ucuz internet deyil, münasib qiymətə keyfiyyətli və dayanıqlı internet olmalıdır.
Ən sağlam yanaşma bütün abonentləri eyni tarifə məcbur etməkdən daha çox, qiymət ilə xidmət keyfiyyəti arasında açıq əlaqə yaratmaqdır. Abonentə seçim verilməlidir: daha aşağı sürətə ehtiyacı olan şəxs daha ucuz paketdən istifadə edə bilməli, daha yüksək sürət və əlavə xidmət istəyən isə bunun üçün daha çox ödəməlidir. Tarif artımı zəruridirsə, onun qarşılığında abonent konkret hansı əlavə keyfiyyəti əldə etdiyini görə bilməlidir. Bu baxımdan 25 manatlıq minimum tarifin iqtisadi səmərəliliyi təkcə operatorların gəlirlərinin artması ilə ölçülməməlidir. İnfrastruktur investisiyalarının nə qədər artacağı, internetin keyfiyyətinin nə dərəcədə yaxşılaşacağı, bazarda rəqabətin qorunub-qorunmayacağı və aşağı gəlirli abonentlərin əlavə yükünün necə kompensasiya ediləcəyi də qiymətləndirilməlidir. Əks halda tariflərin vahidləşdirilməsi operatorların maliyyə dayanıqlığını gücləndirsə belə, istehlakçı baxımından əlavə xərc yaradan inzibati qiymət artımına çevrilə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az