Trampın qarşısında çətin seçim: İsrail, yoxsa Türkiyə? - TƏHLİL

16 Sentyabr 2026 17:34 (UTC+04:00)

"24 sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası başlanacaq. Sessiyaya İsrail və Türkiyə dövlət başçıları da qatılacaq. Həmçinin sessiya çərçivəsində ABŞ Prezidenti ilə həm Netanyahu, həm də Ərdoğanın ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub. Bu görüşlərdə, təbii ki, tərəfləri narahat edən məsələlər milli maraqlar perspektivindən müzakirə olunacaq. İsrail və Türkiyə ABŞ-nin strateji tərəfdaşları, Türkiyə isə həm də NATO çərçivəsində ABŞ-nin ən mühüm müttəfiqlərindən biridir. ABŞ Yaxın Şərq siyasətini əsasən bu iki regional aktor üzərindən formalaşdırır. Lakin müəyyən məqamda bu iki regional gücün maraqları bir-biri ilə toqquşur və real hərbi eskalasiya riski yaranır. Ankara və Tel-Əviv arasında fikir ayrılıqları xüsusilə Qəzza (Türkiyənin HƏMAS-a dəstəyinə görə), Suriya (Türkiyənin burada hərbi baza yaratmaqla İsrail üçün təhdid formalaşdırması səbəbindən) və regional təhlükəsizlik məsələlərində (İsrailin regiondakı destabilizəedici rolunun Türkiyə tərəfindən daim tənqid edilməsi, Türkiyənin daima əks tərəfdə yer almasına görə) dərinləşməkdədir. O cümlədən, Türkiyənin artan hərbi gücü, Trampın son NATO Zirvəsində bəyan etdiyi kimi, Türkiyəyə F-35 qadağasının aradan qaldırılması, Türkiyənin Yaxın Şərqin yeni geosiyasi və təhlükəsizlik arxitekturasında rolu İsraili narahat edir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfəri Yaxın Şərqdə gərginliyin davam etdiyi və Qəzzadakı vəziyyətin beynəlxalq gündəmdə qaldığı bir dövrə təsadüf edir. İsrail və ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri nəzərə alındıqda, Netanyahunun Vaşinqtonla təmasları yalnız ikitərəfli əlaqələr baxımından deyil, həm də İsrailin regiondakı siyasətinin gələcək istiqaməti baxımından diqqət çəkir. Xüsusilə ABŞ-nin İsrailə siyasi və hərbi dəstəyi, Qəzzadakı proseslərə yanaşması, Türkiyə ilə İsrail arasında münasibətlərin gərginləşməsi və Vaşinqtondakı siyasi mühitin dəyişməsi səfərin gündəliyini daha da aktuallaşdırır. Bu baxımdan Netanyahunun ABŞ səfərindən hansı siyasi mesajların gözlənildiyi və görüşlərin regiondakı proseslərə necə təsir göstərə biləcəyi sual doğurur.

Siyasi şərhçi qeyd edib ki, İsrail sözügedən məsələlərdə ABŞ administrasiyasının qərarlarına təsir göstərməyə çalışır.

"Lakin vitse-prezident J.D. Vens bu günlərdə müvafiq məsələlərlə bağlı açıqlamasında qeyd etdi ki, ABŞ hər iki ölkə ilə əməkdaşlığı əhəmiyyətli hesab edir və münasibətlərini İsrailin diqtəsi və maraqları üzərində qurmur. Başqa sözlə, Netanyahu nə qədər ABŞ-dən Türkiyəyə qarşı təzyiq siyasətinə geri dönülməsini tələb etsə də, hazırkı geosiyasi konyunkturda ABŞ balansı qorumağı üstün tutur. Lakin paradoks yaradan məqam odur ki, İsrailə hərbi dəstək davam edir. Elə bu günlərdə 2,8 milyard dollarlıq hərbi satışın həyata keçirilməsi qərara alındı. Lakin F-35-lərin Türkiyəyə verilməsinə dair konsensus hələ də əldə olunmayıb. Həmçinin qarşıdakı dövrdə Türkiyə-İsrail arasında hərbi konfliktin Suriya torpaqlarında yaşanma ehtimalı fonunda, bunun NATO-nun 5-ci maddəsi ilə kollektiv müdafiə öhdəliyi doğurmadığına dair fikir analitiklərin dili ilə aydın ifadə olunur. Başqa sözlə, ABŞ bir tərəfdən İsrailin təhlükəsizlik prioritetlərini önəmsəyir, digər tərəfdən regionda yeni nizam quruculuğunda Türkiyənin rolunu vacib hesab edir və qarşıdakı dövr balanslı siyasətin qorunması baxımından mühüm sınaq mərhələsi hesab oluna bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az