"Ümumi olaraq qeyd edə bilərəm ki, demək olar, əksər dünya ölkələrində dövlət dili digər dillərlə müqayisədə üstün tutulur və həmin dildə tədris əsas istiqamət kimi götürülür. Azərbaycanda da bu yanaşma eyni şəkildə davam edir. Çünki Konstitusiyanın müvafiq maddəsinə əsasən, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Əgər Azərbaycanda xarici dildə tədris aparılan təhsil müəssisəsi varsa və həmin müəssisəni bitirən gənclər ölkədə təhsillərini davam etdirmək istəyirlərsə, onlar Azərbaycan dili üzrə dövlət imtahanı verməlidirlər. Dövlət dili üzrə müvafiq nəticə əldə etdikdən sonra ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqəyə buraxıla bilirlər. Dünya ölkələrinin təcrübəsinə nəzər saldıqda da görürük ki, dövlətlər öz dillərinin inkişafına və həmin dildə təhsilin təşviqinə xüsusi diqqət ayırırlar. Məsələn, Almaniyada alman dili əsas tədris dillərindən biridir. Bu, dövlətlərin öz dilini qorumasına, inkişaf etdirməsinə və yayılmasına prioritet verdiyini göstərir. Çində və digər ölkələrdə də oxşar yanaşmalar mövcuddur".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili fənni üzrə dərs saatlarının artırılması təhsil sistemində ana dilinin tədrisi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Elm və təhsil naziri Emin Əmrullayevin açıqlamasına görə, birinci sinifdən doqquzuncu sinfədək Azərbaycan dili üzrə həftəlik dərs saatlarının sayı 3-dən 4-ə çatdırılacaq. Dəyişikliyin əsas məqsədi şagirdlərin Azərbaycan dilində anlama, danışma, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsidir. Xüsusilə rus dilində təhsil alan şagirdlər üçün Azərbaycan dilinin mənimsənilməsi həm gündəlik ünsiyyət, həm də təhsil və gələcək əmək fəaliyyəti baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan əlavə bir dərs saatının nəticələrə nə dərəcədə təsir göstərəcəyi, mövcud tədris proqramının necə dəyişəcəyi və bu addımın praktiki bacarıqların formalaşmasına hansı töhfəni verəcəyi maraq doğurur.
Ekspert qeyd edib ki, Azərbaycanda əsas məqsədlərdən biri Azərbaycan dilinin inkişaf etdirilməsi və onun daha geniş şəkildə öyrənilməsinin təmin olunmasıdır.
"Xarici ölkə vətəndaşları Azərbaycanda yaşayırsa, onların Azərbaycan dilində ünsiyyət qurmasına şərait yaradılması, eləcə də ölkəmizdə xarici dildə təhsil alan vətəndaşlarımızın Azərbaycan dilini yaxşı bilməsinin təmin edilməsi vacibdir. Bu o demək deyil ki, Azərbaycanda vətəndaşlar başqa dildə ali təhsil ala bilməzlər. Əlbəttə, ingilis, rus və digər dillərdə təhsil almaq mümkündür. Lakin Azərbaycanda orta təhsil alan şagirdlər üçün Azərbaycan dilinin lazımi səviyyədə tədris olunması və onların dövlət dilini mənimsəməsi vacibdir. Şagird ali təhsilə müraciət edirsə, Azərbaycan dili üzrə dövlət imtahanında tələb olunan nəticəni göstərərək müsabiqə şərtlərini ödəməlidir. Məhz bu baxımdan əvvəlki illərdə Azərbaycan dili üzrə dövlət imtahanında 50 faiz nəticə göstərə bilməyən şagirdlərin ali təhsilə qəbul prosesində müəyyən məhdudiyyətlərlə üzləşdiyini görürdük. Buna görə də həm Azərbaycan dilinin inkişaf etdirilməsi, həm xarici dildə təhsil alan vətəndaşlarımızın, həm də müxtəlif milli mənsubiyyətlərə aid şagirdlərin dövlət dilini daha yaxşı öyrənməsi üçün müəyyən addımların atılması məqsədəuyğun hesab olunub. Bu istiqamətdə xarici dildə tədris aparılan orta təhsil müəssisələrində Azərbaycan dili fənninin dərs saatlarının bir saat artırılması nəzərdə tutulub. Hesab edirəm ki, bu, həmin uşaqların Azərbaycan dilində daha rahat danışmasına və dil biliklərini inkişaf etdirməsinə imkan yaradacaq. Məsələn, şagird həftədə üç saat Azərbaycan dili dərsi keçirdiyi halda müəyyən nəticə göstərirsə, dərs saatlarının dördə çatdırılması onun dil biliklərinin daha da yaxşılaşmasına kömək edə bilər. Bu da, təbii ki, mühüm amildir. Azərbaycanda müxtəlif millətlərin nümayəndələri yaşayır və müxtəlif dillərdə danışan vətəndaşlarımız var. Lakin onlar dövlət məktəbində təhsil aldıqları təqdirdə Azərbaycan dilini öyrənməli və dövlət dilini mənimsəməlidirlər".
Rəfiqə Namazəliyeva,
AzNews.az