Tariximizə sahib çıxaq! – Akademik Yaqub Mahmudov Səfəvilərdən yazır

16 Sentyabr 2026 22:42 (UTC+04:00)

Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir - XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Tarixinə sahib çıxan xalq yenilməzdir. Sayından asılı olmayaraq onu heç bir qüvvə məhv edə bilməz. Tarixinə yiyə durmayan xalq isə məhvə məhkumdur.

Biz dünyanın olduqca qədim və son dərəcə zəngin tarix yaratmış tək-tək xalqlarından biriyik.

Bu gün bizim bir xalq olaraq öz tariximizlə qürurlanmağa haqqımız var. Bu baxımdan mən də dövlətçilik tariximiz, səfəvilər və Şah İsmayıl Xətai şəxsiyyəti ilə bağlı kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə gedən uzunsürən müzakirələri, polemikanı diqqətlə izlədim, bir çox hallarda çox təəccübləndim, bəzən də dərin təəssüf hissi keçirdim. Bütün bu məsələlərlə bağlı mövqeyimi ötən əsrin 60-cı illərindən bəri müxtəlif dillərdə nəşr olunmuş əsərlərimdə dəfələrlə bildirmiş olsam da, bəzi məsələlər barədə fikirlərimi bir daha bölüşmək qərarına gəldim.

Hər şeydən əvvəl, dövlətçilik tariximiz barədə. Zəngin dövlətçilik tariximizə sayğısızlıq, qədim dövlətlərimizdən imtina etmək, hətta Səfəvilər dövlətini və Şah İsmayıl Xətaini də İran mollalarına “peşkəş vermək” meyli, doğrusu, məni çox ağrıtdı. İnkarolunmaz həqiqətdir ki, tarixi Azərbaycan torpaqları Babilistan, Misir, Hindistan, Çin kimi ümumdünya tarixində ən qədim dövlətlərin meydana gəldiyi tarixi məkanlardan biridir.

Tarixi Azərbaycan torpaqlarının əhatə etdiyi ərazidə dünya dövlətçilik mədəniyyətinin bütün formaları tarixi ardıcıllıqla bir-birini əvəz etmişdir. Biz bir xalq olaraq ən qədim tayfa birlikləri, oturuşmuş və nisbətən sabit ərazisi olan dövlətlər, mərkəzləşmiş dövlət, geniş ərazili imperiyalar, ən müasir dünyəvi, demokratik və hüquqi dövlət də daxil olmaqla bütün dövlət qurumlarını yaratmış və bununla dünya tarixində dərin iz qoymuşuq.

Azərbaycan dövlətçilik mədəniyyəti dünya dövlətçilik mədəniyyəti tarixində xüsusi yer tutur.

Azərbaycan xalqı və Azərbaycan dövlətləri müasir dünya mədəniyyəti və dövlətçilik tarixinin təkamülündə olduqca mühüm rol oynamışdır.

Bu da tarixi həqiqətdir ki, biz Gülüstan (1813) və Türkmənçay (1828) fəlakətlərindən sonra real tariximizdən ayrı salındıq. Şimalda velikorus, cənubda isə fars şovinistləri Azərbaycan xalqını öz içərilərində əridib yox etmək məqsədilə sistemli dövlət siyasəti yeritməyə başladılar. Bu siyasəti şimalda Kremlin imperiyapərəst şovinistləri, cənubda isə molla rejimi indi də müxtəlif formalarda davam etdirirlər.

Göstərilən siyasətin ən mühüm tərkib hissələrindən biri də Azərbaycanı özünün qüdrətli tarixi şəxsiyyətlərindən məhrum etmək, bu şəxsiyyətlərə sahib çıxmaq, bu mümkün olmadıqda isə belə tarixi şəxsiyyətləri ləkələyib gözdən salmaqdır.

Bu baxımdan Şah İsmayıl Xətai şəxsiyyəti barədə. Birincisi: Xətai şəxsiyyətinin geniş ictimai müzakirəyə çıxarılmasının, o cümlədən sosial şəbəkələrdə bu qüdrətli şəxsiyyətin ünvanına heç bir ölçüyə gəlməyən hər cür ifadələrin işlədilməsi yolverilməzdir. Mən bunun əleyhinəyəm. Şah İsmayıl Xətai bir xalq olaraq, bir millət olaraq bizim milli dəyərimizdir. Biz bu cür qüdrətli şəxsiyyətlərimizi gənc nəslə örnək göstərməklə, onlara sevgi duyğuları yaratmaqla gələcək nəsillərə vətənpərvərlik hissi aşılayırıq. Belə tarixi qəhrəmanları əsla zədələmək olmaz. Əgər kimsə həqiqət axtarışına çıxırsa, buyursun, tarixi reallıqla dərindən tanış olsun. Reallıq isə belədir: hər bir qüdrətli tarixi şəxsiyyəti zaman, tarixi şərait yetişdirir. Ölkə üçün, xalqdan ötrü çıxılmaz tarixi şərait yarandıqda qüdrətli tarixi şəxsiyyətlər meydana atılır, qurtuluş savaşına qalxır və öz ölkəsini, xalqını fəlakət qəzasından qurtulmasına nail olur, “olum ya ölüm” savaşından qələbə ilə çıxarır. Bu baxımdan XV əsrin sonları Azərbaycan tarixinin son dərəcə ağır dövrlərindən biri idi. Əmir Teymur və Toxtamışın yürüşlərindən sonra bir-birinin ardınca hakimiyyətə gələn Azərbaycan sülalələrindən heç biri bütün ölkə ərazisini vahid, qüdrətli dövlət halında birləşdirə bilmədi. Böyük dövlət xadimi Uzun Həsənin də güclü, odlu silahlara malik olan vahid Azərbaycan dövləti yaratmaq siyasəti baş tutmadı. Hər biri hakimiyyət iddiasında olan, bir-biri ilə rəqabət aparan Azərbaycan-türk tayfalarını o zaman hərbi yolla – silah gücünə vahid dövlət halında birləşdirmək, demək olar ki, mümkün deyildi. Azərbaycan, artıq odlu silahlara – artilleriyaya və piyada hərbi qüvvələrə malik olan qüdrətli qonşularının tapdağı altına düşmək təhlükəsi ilə üz-üzə idi. Yeganə çıxış yolu bu mürəkkəb tarixi şəraitdə bütün ölkəni vahid, mərkəzləşmiş dövlət halında birləşdirməkdən ibarət idi. Şah İsmayıl Xətai məhz belə bir mürəkkəb tarixi şəraitin yetişdirdiyi tarixi şəxsiyyət idi. Məhz belə bir tarixi şəraitdə Ərdəbildə Azərbaycan türkü, doğma dildə çox qiymətli poeziya nümunələri yaratmış Şeyx Səfinin sufi ocağı real dini-siyasi mərkəzə çevrilməkdə idi. Şeyx Səfi və ardıcıllarının sufi ocağı, artıq olduqca geniş kütlələrin inanc yerinə – müqəddəs ziyarətgahına çevrilmişdi. Ərdəbil sufiləri cənub torpaqlarımızla yanaşı Şimal-Şərqi Azərbaycanda, Dağıstanda, Şimal-Qərbi Azərbaycanda, Şərqi Anadoluda da böyük nüfuz qazanmışdılar. Artıq Şeyx Heydər səfəvilərin bu inanc gücünə arxalanaraq hakimiyyəti ələ almaq yoluna çıxmışdı.

Yeri gəlmişkən, böyük dövlət xadimi Uzun Həsən ölkədə məzhəb ayrılığının baş verəcəyini görürdü və bunun dini parçalanmaya çevrilməsinin qarşısını almaq üçün bacısını Şeyx Cüneydə, qızını isə Şeyx Heydərə vermişdi.

Beləliklə, XV əsrin sonlarında Səfəvilərin Ərdəbildəki sufi ocağı dini-siyasi mərkəzə çevrildi. Səfəvilər başlarına 12 zolaqlı çalma bağlamaqla, həm də, “qızılbaşlar” adlanırdılar. Qızılbaşlar bütün imamları özlərinin dini müqəddəsləri sayırdılar. Bunun özü də ölkə əhalisinin səfəvilər ətrafında birləşməsində az rol oynamadı. Bütün bunlardan əlavə, özlərini birbaşa Həzrət Əlinin varisləri kimi qələmə verən Səfəvilər, çox keçmədən, geniş xalq kütlələri arasında böyük nüfuz qazandılar. Bununla, XV əsrin 90-cı illərində geniş xalq kütlələri Ərdəbil ziyarətgahında Səfəvilərin qanuni varisi olan yeniyetmə İsmayılın ətrafına toplaşmağa başladılar. 1498-1499-cu illərdə, artıq, Ərdəbilə – gənc İsmayılın görüşünə qərb diplomatları da axışmağa başladılar. Avropa diplomatları bu istedadlı yeniyetməni “İslamın yeni peyğəmbəri İsmayıl Sufi Sultan” adlandırır və onu Osmanlı İmperiyasına qarşı “ən etibarlı ümid yeri” kimi qiymətləndirməyə başlamışdılar.

1501-ci ildə qızılbaşlar Təbrizi ələ keçirib yeniyetmə İsmayıl Səfəvini Azərbaycan taxtına əyləşdirdilər və şah elan etdilər. Azərbaycan taxtında yeni sülalənin – Səfəvilər sülaləsinin hakimiyyəti dövrü başlandı. Şiəlik məzhəbi dövlətin rəsmi dini etiqadı elan olundu. Uzun Həsənin nəvəsi olan Şah İsmayıl, həm də, dövlətin dini başçısı oldu. Bu amil, yəni şahın həm ana xəttilə Ağqoyunlu sülaləsinin varisi olması, həm də ölkənin dini rəhbəri olması Şeyx Səfi ocağına dərin etiqadı olan geniş xalq kütlələrinin və tayfa başçılarının gənc Şah İsmayılın ətrafında daha sıx birləşməsində mühüm rol oynadı. Beləliklə, vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti yaradılmasının önü açıldı.

Hələ uşaqkən ağır sıxıntılar və təqiblərə məruz qalmış gözüaçıq və cəsarətli yeniyetmə olan Şah İsmayıl hakimiyyətə bütün Azərbaycan torpaqlarının vahid dövlət halında birləşdirilməsindən başladı. Və tarixdə ilk dəfə olaraq qüdrətli, vahid, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradılmasına nail oldu. Yeni şah Azərbaycanın güclənməsindən ehtiyat edən və buna mane olmağa çalışan qüvvələr üzərində də parlaq qələbələr qazandı, Azərbaycan Səfəvi dövlətini geniş ərazili imperiyaya çevirdi. Doğma Azərbaycan-türk dilini böyük Səfəvi İmperiyasının dövlət dili səviyyəsinə ucaltdı. Şah İsmayıl “Xətai” təxəllüsü ilə öz doğma dilində orta əsr Azərbaycan poeziyasının nadir incilərini yaratdı. Azərbaycan mədəniyyətinin intibah zirvəsinə yüksəlişində mühüm rol oynadı.

Beləliklə, nəsillikcə Azərbaycan türkü olan Şah İsmayıl Xətai şimallı-cənublu bütün azərbaycanlıların, bütöv Azərbaycanın böyük dövlət xadimidir. Orta əsr poeziyamızın inkişafında böyük rol oynamış görkəmli Azərbaycan şairidir. Mərkəzləşdirilmiş Azərbaycan dövlətini yaradan və 235 ilə qədər ömür sürmüş böyük Azərbaycan Səfəvi İmperiyasının əsasını qoymuş qüdrətli tarixi şəxsiyyətdir.

Şah İsmayıl Xətai, eyni zamanda, Azərbaycan tarixində ilk dəfə öz doğma dilini böyük Səfəvi İmperiyasının dövlət dili səviyyəsinə ucaldan misilsiz tarixi şəxsiyyətdir.

Şah İsmayıl Xətai, eyni zamanda, təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının böyük dövlət xadimlərindən biridir. Şah İsmayıl ümumtürk tarixində 235 ilə qədər ömür sürmüş böyük bir türk imperatorluğunun – Azərbaycan Səfəvi Türk İmperatorluğunun banisidir. Şah İsmayıl böyük türk imperatorları içərisində doğma türk dilini yaratdığı böyük imperiyanın dövlət dili səviyyəsinə ucaltmış olan tarixi şəxsiyyət, doğma Azərbaycan-türk dilində nadir poeziya inciləri yaratmış görkəmli şairdir.

Bütün yuxarıda göstərilənlərlə yanaşı, Şah İsmayıl dünya tarixində iz qoymuş İskəndər, Atilla, Böyük Karl, Çingiz xan, Əmir Teymur, Fatih Sultan Mehmet, Böyük Pyotr, Nadir şah və başqaları kimi qüdrətli simaların sırasında layiq olduğu yeri tutmuş tarixi şəxsiyyətdir. Dünya ölkələrində müxtəlif dillərdə olan nadir ilk mənbələrdə, arxiv sənədlərində Şah İsmayıl barədə və onun yaratdığı Səfəvilər dövləti haqqında olduqca zəngin məlumatlar vardır. Bu baxımdan Şah İsmayıl Xətai dünya ölkələrinin tarixşünaslığında da öz yerini tutmuş ən nadir tarixi şəxsiyyətlərdən biridir.

İkincisi: Fikrimcə, bu günkü ölçülər və öz arşınımızla uzaq tarixi keçmişin olduqca həssas problemlərinə müdaxilə etməyimiz qətiyyən doğru deyil. Əgər biz yaşadığımız dövrün reallıqlarından çıxış edərək, həm də öz emosional duyğularımızla və intellektual hazırlıq səviyyəmizlə 500 il bundan əvvəlki tarixi hadisələrə qiymət vermək niyyətinə düşürüksə, son dərəcə ehtiyatlı davranmalıyıq.

Şah İsmayılı şiəliyi hakim məzhəb elan etməkdə suçlayanlar o dövrün reallıqları ilə dərindən tanış olsalar özləri də əmin olarlar ki, hökmdar bu addımı qarşısına qoyduğu çətin tarixi vəzifəni yerinə yetirmək üçün, daha doğrusu ölkəni güclü dövlət halında birləşdirməkdən ötrü atmış, şiəlikdən məqsədinə nail olmaq üçün ideoloji vasitə kimi faydalanmışdı. Şeyx Səfi ocağına dərin inamı olan geniş kütlələri və ipə-sapa yatmayan tayfaları o zaman ancaq bu yolla hakimiyyət ətrafında birləşdirmək mümkün idi. Vətəninin təəssübünü çəkən və doğma yurdunun ayaq altında qalmasına imkan verməməyə çalışan Şah Xətainin başqa yolu yox idi. Digər tərəfdən, qüdrətli tarixi şəxsiyyətləri qiymətləndirərkən onların öz qarşılarına qoyduqları tarixi missiyanı yerinə yetirib-yetirməməsi əsas götürülməlidir. Gənc hökmdar bu tarixi vəzifənin öhdəsindən gəldi: Vahid, mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətini yaratdı və çox keçmədən onu qüdrətli imperiyaya da çevirə bildi. Onun yaratdığı böyük Azərbaycan imperiyası 235 il sürən uzun bir zaman kəsiyində dünyanın aparıcı dövlətlərindən biri oldu.

Bir məsələni də unutmayaq. Tarixi şəxsiyyətlərimizə qiymət verərkən, dünyanın müxtəlif ölkələrində eyni proseslərin necə baş verdiyini və həmin ölkələrdə belə tarixi şəxsiyyətlərə necə qiymət verildiyini də diqqətdən qaçırmamalıyıq. Bu gün Kazan türklərini qan içində boğan IV İvana və ya “xalqlar həbsxanası” olan Rusiya İmperiyasını yaradan Pyotra rusların necə münasibət bəslədikləri, almanların Bismarkı və ya fransızların, ingilislərin öz tarixində eyni tarixi vəzifəni həll etmiş şəxsiyyətləri necə qiymətləndirdikləri bizi düşündürməlidir. Dünyanın hər yerində qüdrətli şəxsiyyətlərə qiymət verərkən, tarixin onların qarşısına qoyduğu missiyanı yerinə yetirə bilib-bilməmələri əsas götürülür. Başqa sözlə, tarixi şəxsiyyətin öz xalqı üçün, Vətənindən ötrü həll etdiyi çətin tarixi vəzifənin əhəmiyyəti qabardılır, ön plana çəkilir. İskəndərin, IV İvanın, Pyotrun, Napoleonun, Bismarkın və başqalarının axıtdığı qanlar, səhvləri qabardılmır. Bu baxımdan, bəs nə üçün biz tariximizdə mərkəzləşdirilmiş dövlət və böyük bir imperiya yaradanın, doğma dilimizi böyük bir imperiyanın dövlət dilinə çevirənin, görkəmli şairimizin bütün bu uğurlarını ön plana çəkməyək?! Əksinə yol verdiyi xətanı qabardaq?!

Bəli, Səfəvilərin 1501-ci ildə şiəliyi dövlətin rəsmi dini etiqadı elan etməsi vahid, güclü mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradılmasında mühüm rol oynasa da, nəticə etibarilə məzhəb ayrılığının dərinləşməsinə də səbəb oldu. Azərbaycanın Şah II İsmayıl Səfəvi, Nadir şah kimi dövlət xadimlərinin ölkədə məzhəb ayrılığına son qoymaq üçün göstərdikləri cəhdlər arzu olunan nəticəni vermədi. Bu da bizim tariximizdir. Lakin, unutmayaq ki, zaman, tarix də öz işini gördü. Məzhəb ayrılığına baxmayaraq Azərbaycançılıq, azərbaycanlılıq, geniş mənada türkçülük qələbə çaldı. Məzhəb ayrılığı vahidliyimizi poza bilmədi, qardaş xalqlarımızı bir-birindən ayrı salmadı.

Molla rejiminin və fars şovinistlərinin öz siyasi məqsədlərinə nail olmaq üçün Şah İsmayıla və Səfəvilər dövlətinə “sahib çıxmaq” cəhdlərinə gəldikdə bu, müstəqil dövləti olan, üçrəngli müqəddəs bayrağı altında qələbədən-qələbəyə qovuşan Azərbaycan xalqının zəfər yolunda iflasa uğrayacaq molla rejiminin miskin düşüncəsindən başqa bir şey deyildir. Müasir fars şovinistləri Azərbaycanın tarixi keçmişinə yiyə durmaq iştəhasına düşməkdənsə “Traktor”un bütün Azərbaycan türklərinin azadlıq arzularını dilə gətirən çağırışlarını dinləsələr daha yaxşı olar!..

Üçüncüsü: Bu gün biz yeni dünya nizamının formalaşmaqda olduğu çox mürəkkəb bir tarixi dövrdən keçirik. Türk dünyası böyük oyanış dövrünə qədəm qoyub. Türk Dövlətləri Təşkilatı müasir dünyanın parlaq gələcəyi olan hərtərəfli əməkdaşlıq birliyinə, qardaşlıq ittifaqına çevrilməkdədir. Azərbaycan bu müqəddəs işdə çox mühüm rol oynayır. İndi sıx birləşmək zamanıdır. Müasir türk gəncliyi və gələcək nəsillər tarixdən ibrət dərsi almalıdır. Bu baxımdan, yaşadığımız mürəkkəb tarixi dövrdə yüzillərlə bundan əvvəl baş vermiş məzhəb ayrılığını, “sünni-şiə məsələsi”ni qurdalamaq və qabartmaq yolverilməzdir və çox eyibli bir işdir. Unutmayaq ki, düşmənlərimiz tarix boyu Türk dövlətlərini bir-biri ilə vuruşdurmaq üçün məzhəb qarşıdurmasından həmişə istifadə etmişlər. Eyni zamanda Əmir Teymur-İldırım Bayazid, Uzun Həsən-Fatih Sultan Mehmet, Şah İsmayıl-Yavuz Sultan Səlim, Şah Təhmasib-Sultan Süleyman qarşıdurmalarına, Ağqoyunlu-Osmanlı və Səfəvi-Osmanlı müharibələrinə biz qardaş qırğınları kimi yanaşmalıyıq. Gələcək tariximizdə heç zaman Çaldıran fəlakəti kimi qardaş qırğınlarının baş tutmasına yol verməməliyik. Belə qarşıdurmaların yolunu kəsməliyik. Qardaş türk xalqlarının və Türk dövlətlərinin bu günkü gəncliyi və gələcək nəsilləri Əmir Teymuru və İldırım Bayazidi, Uzun Həsəni və Fatihi, Şah İsmayılı və Yavuzu, Şah Təhmasibi və Sultan Süleymanı bütün Türk Dünyasının ümumi dəyərləri kimi qiymətləndirməlidir. Türk dünyasının gələcəyi tarixdən ibrət dərsi almaqdan keçir. Tarixdən ibrət dərsi alaq və daha sıx birləşək!

Nəhayət. Şah İsmayıl Xətai, səfəvilər və dövlətçilik tariximiz barədə uzunsürən müzakirələr, bəzi məqamlar istisna edilməklə, bütövlükdə faydalı oldu. Bununla bağlı həm cəmiyyətdə mövcud olan prinsipial mövqe məlum oldu, həm də müxtəlif baxışlar üzə çıxdı. Bu, elmimizin gələcək inkişafı və müxtəlif yanaşmaların təkamülü, cilalanması üçün müsbət haldır. Bununla belə, müzakirələr zamanı qabarıq nəzərə çarpan bəzi məqamlar narahatlıq doğurur. Fikrimcə bu məqamlar aşağıdakılardır:

Unutmayaq ki, xalq öz tarixi şəxsiyyətlərini hamıdan yaxşı tanıyır, onları sevir, övladlarına adlarını qoymaqla onları əbədiləşdirir, müqəddəsləşdirir. Belə şəxsiyyətlər bizim milli dəyərlərimizdir. Biz bu dəyərlərimizlə gələcək nəsillərimizi tərbiyə edirik. Bu baxımdan xalqın sevdiyi tarixi şəxsiyyətlərin ictimai müzakirəyə çıxarılıb gözdən salınması yolverilməzdir. Biz böyük tarixi şəxsiyyətlərimizdən bəhs edərkən onların xalqımızın taleyində mühüm rol oynayan tarixi xidmətlərini önə çəkməliyik, yol verdikləri xətaları qabartmaqdansa bunun səbəblərini araşdırmağa daha çox diqqət yetirməliyik. Tarixi şəxsiyyətlərimizə qiymət verərkən bununla bağlı dünya təcrübəsindən faydalanmalıyıq, başqa xalqların öz tarixi şəxsiyyətlərini necə qiymətləndirdiklərini nəzərə almalıyıq.

Müzakirələr bir həqiqəti də ortaya qoydu. Nə qədər ağır olsa da, qeyd etmək lazım gəlir ki, bizim hələ də maariflənməyə böyük ehtiyacımız var. Müzakirələrdə iştirak edənlərin xeyli hissəsinin Şah İsmayıl, Səfəvi dövləti və dövlətçilik tariximizlə bağlı ölkəmizdə, habelə xarici ölkələrdə aparılan tədqiqatlardan, çap olunmuş işlərdən xəbərsiz olduqları, bəzən də ən adi məsələlərdən belə baş çıxara bilməmələri təəssüf doğurur. Hiss olunur ki, informasiya sistemimizdə tarixi keçmişimizin bir çox məsələsi ilə bağlı maarifləndirici materiallara geniş yer verilməlidir.

Narahatlıq doğuran hal bir də budur ki, bəzən indiyədək görülən işlərin üstündən xətt çəkmək meyli nəzərə çarpır, hətta alimlərimiz, o cümlədən də tarixçilərimiz “savadsızlıqda” təqsirləndirilir. Məlumat üçün bildirim ki, hələ sovet rejiminin hökmranlığı dövründə alimlərimiz Şah İsmayılın, bütövlükdə Səfəvi dövlətinin məhz Azərbaycana məxsus olduğunu sübut etmək üçün ağır döyüşlərdən keçiblər. Mən bunların bir çoxunun şahidiyəm. Necə unutmaq olar ki, sovet dövründə tarix elminin önündə gedən akademik İsmayıl Hüseynov kimi bir nəhəng o zaman Azərbaycanda fəaliyyət göstərən tanınmış şərqşünas İ.P.Petruşevskidən təkidlə tələb etdi ki, Şah İsmayıl və Səfəvilər dövləti barədə mövqeyini bildirsin. Və İ.P.Petruşevski 1949-cu ildə səfəvi dövrünə həsr olunmuş məqalələrindən birində, nəhayət, Şah İsmayılı “Azərbaycan hökmdarı” adlandırdı. Bu, o zaman elmimizin gələcəyi üçün mühüm qələbə idi. Bundan sonra da davam edən uzun müzakirələr nəticəsində 1961-ci ildə O.Əfəndiyevin “XVI əsrin əvvəlində Azərbaycan Səfəvi dövlətinin meydana gəlməsi” (rus dilində) kitabı çapdan çıxdı. Və yaxud Venesiya arxivlərində və Vatikanda tariximizlə bağlı arxiv sənədlərinin saxlanılmasından bir kəşf kimi bəhs etmək dəb düşüb. Lakin “yaddan çıxarılır” ki, ortaəsrşünaslığımızın banilərindən biri və bir çox qərb dillərinin mahir bilicisi prof. Ə.M.Şahmalıyev hələ ötən əsrin 50-ci illərində həmin sənədlər və digər qərb mənbələri əsasında çox qiymətli tədqiqatlar ortaya qoyub, məqalələr nəşr etdirib, doktorluq dissertasiyası müdafiə edib. Rejim alimi “kosmopolitizm”də günahlandıraraq onun doktorluq dissertasiyasını ləğv edib. Lakin görkəmli alim yolundan dönməyərək həmin materiallar əsasında ikinci dəfə doktorluq dissertasiyası müdafiə edib. Elə həmin dövrdə göstərilən sənədlər və qərb mənbələri əsasında başqa bir alim Ağqoyunlu dövlətinin Venesiya ilə əlaqələrinə həsr olunmuş dissertasiya müdafiə edib. Həmin alimə də doktorluq elmi dərəcəsinin verilməsi qərara alınıb. Lakin bu qərar da ləğv olunub. Göstərilən dissertasiyanın müəllifi də yolundan dönməyib, Moskva Dövlət Universitetində yenidən doktorluq dissertasiyasını müdafiə edib, əsərlər nəşr etdirib. Məhz o zaman biz bütün orta məktəb proqramlarına və dərsliklərinə Səfəvi dövlətini mərkəzləşdirilmiş Azərbaycan dövləti kimi daxil etdik. Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri Azərbaycan dövləti, Şah İsmayıl isə Azərbaycan hökmdarı kimi təqdim olundu. İndi informasiya kanallarında gənc tarixçilərimiz tərəfindən təbliğ olunan xəritələri böyük mütəfəkkirimiz Rəsul Rzanın təşəbbüsü və qardaş Ukrayna şairi Mikola Bajanın köməyi ilə Kiyevin xəritə fabrikində çap etdirə bildik. 1972-ci ildə, nəhayət, 1920-ci il Aprel işğalından əvvəlki dövrə dair tarix xəritələrimiz işıq üzü gördü. O vaxta qədər Azərbaycanın nəinki tarix atlası, heç tarix xəritələri də işıq üzü görməmişdi. İlk tarix atlasımız isə Prezident İlham Əliyevin köməyi ilə 2007-ci ildə nəşr olundu. Bütün bunlar tarix elmimizin uğurları deyilmi?!

Zəngin tarixi keçmişimiz bizə ulularımızın müqəddəs əmanətidir. Gülüstan və Türkmənçay fəlakətlərindən əvvəl bütöv Azərbaycan, qüdrətli dövlətlərimiz, o cümlədən böyük Azərbaycan imperiyaları ümumdünya tarixi inkişaf prosesində fəal iştirak edib, xalqımız dünya xalqlarının mədəniyyət xəzinəsinə nadir incilər bəxş edib. Biz bu tarixin hər bir dövrünü, hər bir hadisəsini dərindən araşdırıb bugünkü və gələcək nəsillərə təqdim etməliyik. Azərbaycan iki imperiya arasında bölüşdürüldükdən sonra isə tarixi torpaqlarımız tikə-tikə parçalanıb. Rusiya müstəmləkəçiləri Qərbi Azərbaycana yeni bir xristian etnosunu – erməniləri köçürüb gətirdi və onlara dövlət yaratdı. Soyqırımlarına və repressiyalara məruz qaldıq. Tariximizin bu dövründə də dərindən araşdırılmalı problemlər çoxdur. Bu gün biz tarixi şəxsiyyətlərimizdə qüsur axtarmaqdansa diqqətimizi həmin istiqamətlərə, həmin məsələlərə yönəltməliyik. Tarix ancaq keçmiş, olub-keçənlər deyil, həm də gələcək yolumuzun başlanğıcıdır. Tarixdən ibrət dərsi almadan, doğru-düzgün nəticələr çıxarmadan uğurlu gələcəyə qovuşmaq mümkün deyil: Yolumuzu düz tutaq, tariximizə sahib çıxaq!

P.S. Şah İsmayıl, Səfəvi dövləti və dövlətçilik tariximizlə bağlı müzakirələrdə prinsipial mövqe nümayiş etdirən Tofiq Mustafazadə, Taleh Şahsuvarlı, Zabil Bayramlı, Boran Əziz, Sevinc Məlikzadə, Elnur Nəciyev, Nazim Xəlilov və başqa həmkarlarıma, yetirmələrimə, kütləvi informasiya vasitələrindəki dostlarımıza dərin minnətdarlığımı bildirirəm.

Yaqub Mahmudov, AMEA-nın həqiqi üzvü