ABŞ və Çin süni intellekt sahəsində rəqabətlə yanaşı, bu texnologiyanın yaratdığı riskləri də müzakirə etmək üçün yeni təmaslara hazırlaşır.
ABŞ-nin maliyyə naziri Skott Bessent Çinin Baş nazirinin müavini He Lifeng ilə həftəsonu Nyu-Yorkda keçirəcəyi görüşlərdən əvvəl bildirib ki, Vaşinqton süni intellektlə bağlı ortaq risklərin müzakirəsinə açıqdır.
Süni intellekt gündəmin əsas mövzularından biri olacaq
Bessent “Axios”a açıqlamasında ABŞ-nin süni intellekt sahəsində liderliyini qoruduğunu bildirib. O, iki ölkənin süni intellekt sistemlərinin tamamilə bir-birindən ayrılmasının qarşısının alınması ilə bağlı müzakirələrə açıq olduqlarını deyib.
Görüşlərdə həm açıq mənbəli, həm də qapalı süni intellekt modellərinin müzakirə ediləcəyi gözlənilir.
ABŞ və Çin arasında süni intellekt sahəsində rəqabətdə xüsusilə qabaqcıl çip texnologiyalarına çıxış, model hazırlanması və təhlükəsizlik məsələləri önə çıxır. İki ölkənin texnologiyaya fərqli yanaşmaları da danışıqların əsas mövzuları arasında olacaq.
Nyu-Yorkda genişmiqyaslı görüşlər keçiriləcək
Bessent və He Lifengin Nyu-Yorkdakı görüşlərində süni intellektlə yanaşı, ticarət, nadir torpaq elementləri və digər iqtisadi məsələlərin də müzakirə olunması planlaşdırılır.
Görüşlərin bir neçə saat davam edəcəyi və gündəliyin müxtəlif sahələr üzrə danışıqlara imkan verəcək şəkildə çevik saxlanılacağı gözlənilir. Mənbələrə görə, təmasların bazar ertəsinədək davam etməsi ehtimalı var.
Tramp-Si sammitindən əvvəl təmas
Nyu-Yorkdakı görüşlər ABŞ Prezidenti Donald Tramp ilə Çin Prezidenti Si Cinpin arasında sentyabrın 24-də Vaşinqtonda keçirilməsi planlaşdırılan sammitdən əvvəl baş tutacaq.
Bessentlə yanaşı, ABŞ Ticarət Nümayəndəsi Ceymison Qriqin də Çinlə aparılan təmaslarda əsas fiqurlardan biri olduğu və görüşlərdə iştirakının planlaşdırıldığı bildirilir.
Mövsüm,
AzNews.az