Vatikan Moskva ilə dialoq kanalının yaradılmasını təklif edib

17 Sentyabr 2026 13:28 (UTC+04:00)

Vatikanın dövlət katibi (hökumət başçısı) kardinal Pietro Parolin Moskva ilə dialoq kanalının yaradılmasına çağırıb. O, Avropa İttifaqının da bütün tərəflərin təhlükəsizliyi və rifahının təmin olunması üçün qarşılıqlı faydalı həllər prinsipinə əsaslanan dialoqu dəstəkləməli olduğunu bildirib.

“Rusiya təcrid olunmamalıdır. Müəyyən dialoq kanalı yaradılmalıdır. Çünki yalnız dialoq yolu ilə, o cümlədən Ukrayna böhranının həlli ilə bağlı çıxış yolları tapmaq mümkündür”, - deyə “Vatican News” onun sözlərini sitat gətirib.

“Bu, bizim diplomatiyamızda tez-tez müdafiə etdiyimiz yoldur - qarşılıqlı faydalı həll. Yəni hər bir həll həqiqətən hər iki tərəfə fayda verməlidir. Hesab edirəm ki, bu yolla getsək, artıq bir tərəfin digərinə qalib gəldiyi və ya bir tərəfin digəri tərəfindən məhv edildiyi vəziyyət yaranmaya bilər”, - deyə kardinal əlavə edib.

Parolin qeyd edib ki, Vatikan diplomatiyası dərhal nəticələr əldə etməyə yönəlməyib.

O, İtaliya Yepiskoplar Konfransının prezidenti kardinal Matteo Zuppinin ayın sonunda Moskvaya planlaşdırılan səfərinin dəqiq tarixlərini açıqlamayıb. Bununla belə, tərəflərin yaxınlaşmasına, atəşkəsə nail olunmasına, danışıqların və dialoqun təşviqinə kömək məqsədilə humanitar məsələlər üzrə işlərin davam etdiriləcəyini təsdiqləyib.

Avqust ayında Vatikanın Dövlətlərlə Münasibətlər üzrə katibi arxiyepiskop Pol Riçard Qallager Rusiya paytaxtına səfər edib.

Avropa İttifaqının Rusiyaya münasibətdə siyasətinə toxunan Parolin “dialoq kanalının yaradılmasının” vacibliyini vurğulayıb.

ANSA agentliyi onun sözlərini belə çatdırıb: “Hər kəsin təhlükəsizliyini təmin edəcək və hansısa həll yolunun hazırlanmasına imkan verəcək platforma tapılmalıdır”.

Mövsüm,

AzNews.az