"ABŞ-nin bu təşəbbüsdə vasitəçi kimi rolu kifayət qədər mühüm ola bilər. Çünki Moskva da, Kiyev də Vaşinqtonun vasitəçiliyini prosesin əsas kanallarından biri kimi qəbul edir və 2025-ci ilin martında enerji obyektləri və Qara dəniz üzrə müzakirələrdə də ABŞ tərəfi konkret mexanizmlərin formalaşdırılmasında iştirak etmişdi. Lakin hazırkı vəziyyətdə əsas məsələ sadəcə siyasi razılaşmanın əldə olunması deyil, həmin razılaşmanın icrasına nəzarət mexanizminin yaradılmasıdır. Vaşinqton bunun üçün kifayət qədər alətə malikdir. ABŞ həm Moskva, həm də Kiyev üzərində siyasi və iqtisadi təsir imkanlarını eyni vaxtda istifadə edə bilər. Burada ən real model tərəflərin hansı obyektlərin enerji infrastrukturu hesab edildiyini əvvəlcədən dəqiq müəyyənləşdirməsi, hücumların dayandırılması üçün konkret müddət müəyyən olunması, pozuntuların qeydə alınması və hər iki tərəfin ABŞ-a məlumat təqdim etməsidir. Beləliklə, “kim birinci pozdu?” tipli qarşılıqlı ittihamların yerinə daha ölçülə bilən və yoxlanıla bilən mexanizm yaradıla bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsində tərəflərin enerji infrastrukturuna zərbələri dayandırması ilə bağlı mümkün razılaşma yenidən gündəmə gəlib. Təşəbbüs ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülüb və Moskva ideyanı müsbət qiymətləndirib. Bununla yanaşı, Rusiya yalnız enerji obyektlərinin hədəfə alınmamasını deyil, kommersiya gəmilərinin təhlükəsizliyi və ölkəyə qarşı tətbiq olunan sanksiyalarla bağlı məsələlərin də müzakirə edilməsini istəyir. Ukrayna isə prosesə ehtiyatlı yanaşır və razılaşmanın hələ hüquqi və rəsmi formada təsdiqlənmədiyini bildirir. Kiyev Rusiyanın da öz üzərinə düşən öhdəlikləri yerinə yetirməsi üçün konkret təminatların vacib olduğunu vurğulayır. Belə bir şəraitdə əsas diqqət mümkün atəşkəsin hansı şərtlərlə reallaşacağına və tərəflərin razılaşmaya əməl etməsini təmin edəcək mexanizmlərin necə müəyyənləşdiriləcəyinə yönəlir.
Siyasi şərhçi qeyd edib ki, prosesin qarşısında ciddi siyasi maneələr də mövcuddur.
"Moskva enerji atəşkəsini yalnız elektrik stansiyaları və digər enerji obyektləri ilə məhdudlaşdırmaq istəmir, kommersiya gəmilərinin təhlükəsizliyi və Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını da gündəmə gətirir. Kiyev isə əvvəlcə Rusiyanın real və yoxlanıla bilən addım atmasını tələb edir. Yəni tərəflərin razılaşmadan gözləntiləri hazırda tam üst-üstə düşmür. Üstəlik, son günlər enerji obyektlərinə zərbələrin davam etməsi göstərir ki, siyasi bəyanatla praktiki atəşkəs arasında ciddi məsafə var. Rusiya və Ukraynanın qarşılıqlı enerji infrastrukturu hücumları davam etdirdiyi barədə məlumatlar Vaşinqtonun elan etdiyi təşəbbüsün hələ tam işlək mexanizmə çevrilmədiyini göstərir. Ona görə ABŞ-nin əsas rolu tərəfləri sadəcə masaya gətirməkdən daha çox, razılaşmanın texniki və siyasi arxitekturasını qurmaq ola bilər. Əgər Vaşinqton enerji obyektlərinin dəqiq siyahısı, monitorinq sistemi, pozuntu hallarının müəyyənləşdirilməsi və qarşılıqlı məsuliyyət mexanizmi üzrə Moskva və Kiyev arasında razılıq əldə etdirə bilsə, enerji atəşkəsi daha geniş diplomatik proses üçün ilkin mərhələyə çevrilə bilər. Əks halda, bu təşəbbüs tərəflərin bir-birindən güzəşt tələb etdiyi, lakin real öhdəlik götürmədiyi növbəti diplomatik platforma olaraq qala bilər. Burada əsas məsələ də budur: enerji atəşkəsi müharibənin bitməsi deyil, etimadın yoxlanılması üçün mexanizm ola bilər. Tərəflər ən azı məhdud bir sahədə razılaşmanı davamlı şəkildə icra edə bilsələr, bu, daha geniş atəşkəs və sülh danışıqları üçün müəyyən praktiki baza yarada bilər. ABŞ-nin vasitəçilik imkanlarının real çəkisi də məhz bu razılaşmanı kağız üzərindəki siyasi bəyanatdan işlək və yoxlanıla bilən mexanizmə çevirə bilməsindən asılı olacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az