Sülh gündəliyi, milli-mənəvi birlik və Avropa Parlamentinə əxlaq dərsləri

17 Sentyabr 2026 17:17 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları ilə görüşündə bir çox istiqamətdə mühüm mesajlar verdi, əməkdaşlığımızın və birliyimizin inkişafının yol xəritəsini müəyyən etdi. Bu vacib çağırışların üçü üzərində dayanmaq istərdim.

Milli-mənəvi birlik.

Nə qədər ki, dünyada ikili standartlar mövcuddur və bu ayrı-seçkilik açıq-aşkar bizə qarşı yönəlib, biz də öz haqqımızı müdafiə etmək üçün adekvat addımlar atmalıyıq. İkili standartlara, milli, dini zəmində ayrı-seçkilik təşəbbüslərinə qarşı öz standartlarımızı yaratmalıyıq. Bizim gücümüz bizim birliyimizdədir. Birliyimizin əsasında milli və mənəvi dəyərlərimiz dayanır və bu dəyərləri qorumalıyıq, yaşatmalıyıq, gələcək nəsillərə sağlam mənəvi örnək olaraq çatdırmalıyıq. Türk və müsəlman xalqlarının çox zəngin elm, incəsənət, mənəviyyat xəzinəsi vardır və Bakıda keçirilən Seyid Yəhya Bakuvi konfransı da bu xəzinənin müasir cəmiyyətə tanıdılmasında böyük bir imkandır.

Bu tədbirlərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərindən başqa, Gürcüstan və Suriya dini liderlərinin, Şimali Qafqaz respublikaları nümayəndələrinin, Dağıstandan, Çeçenistandan olan dini rəhbərlərin iştirakı Azərbaycanın Qafqazda birləşdirici bir güc olmasının ifadəsidir. Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Avropa Parlamenti şər yuvasıdır.

Təəssüf ki, son dövrlər Qərbdə islamofobiya meyillərinin getdikcə güclənməsi müşahidə edilir və bu çirkin kampaniyanın başında Avropa Parlamenti dayanır. Bu siyasi qurum demokratiklik görüntüsü yaradıb irqçilik toxumu səpir, mələk libasında iblisin əməlləri ilə məşğuldur. Dini icma üzvləri ilə görüşdə cənab Prezident İlham Əliyev Avropa Parlamentinin çirkin sifətini bir daha dünyaya bəyan etdi: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o, Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb. Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır".

İndi ay həyasız Avropa Parlamenti, cavab ver bu tutarlı ittihamlara, duruş gətir bu dəmir məntiqin qarşısında. Və birdəfəlik anla: Dəmir məntiq sahibinin dəmir yumruğu da var. Və bizim xalqımızla şər, böhtan, şantaj və zor dili ilə danışmaq olmaz! Biz 44 günlük müharibədən qalib çıxmış tərəfik, biz milli suverenliyimizi 23 saatlıq əməliyyatla təmin etmiş müzəffər xalqıq! Bizim heç bir dövlətin ərazisində gözümüz yoxdur, heç bir dövlətə də bir qarış torpağımızı verməyəcəyik.

Azərbaycanın sülh gündəliyi.

Biz bölgəmizdə sülh istəyirik, sabitlik, əməkdaşlıq və tərəqqi istəyirik. Biz Sülh Gündəliyini elan etmişik və həyata keçirəcəyik!
Cənab Prezidentin görüşdə söylədiyi fikirlər həm də yaxın tarixin dərslərini unutmamağa, ondan nəticə çıxarmağa çağırır:
"Azərbaycan müharibədə qalib gəlmişdir. Ermənistan tam məğlub edilmişdir, kapitulyasiya aktına imza atmışdır və əlbəttə ki, biz istənilən gündəliyi diktə edə bilərdik. Ancaq biz sülh gündəliyini seçdik və bu seçimin nə qədər müdrik olması bu gün bütün dünyaya, necə deyərlər, aydındır və bütün dünya bunu görür. Çünki bu qarşıdurma, bu müharibə nə vaxtsa dayanmalı idi və onu biz dayandırmasaq, onu heç kim dayandıra bilməzdi. Biz onu dayandırmasaydıq, bu, elə əbədi davam edəcəkdi, qan töküləcəkdi, şəhidlər veriləcəkdi və ölkəmizin normal inkişafı mümkün olmayacaqdı".

Bəli, müharibəni biz başlamadıq, ancaq biz bitirdik. Ədalətli, ləyaqətli müharibə apardıq, güclü birliyimizlə qalibiyyətlə bitirdik. Təkcə işğalçı Ermənistana deyil, 30 il ona dəstək verən, bizi təkləyən bütün şər qüvvələrə qalib gəldik. Amma qan yaddaşımız da, ağrı yaddaşımız da yerindədir. Amma yenə də sülh tərəfdarıyıq, sülh istəyirik və sülhü əldə edəcəyik! Biz sülhə birliyimizlə nail olacağıq.

Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz.

Musa Urud,

Mill Məclisin deputatı