"Dünyada həm iqtisadi, həm hərbi, həm də siyasi sahədə müəyyən xaos hökm sürür. Bu vəziyyətin əsas səbəblərindən biri dünyanın beynəlxalq hüquq normaları ilə deyil, güc faktoru və “güclüsənsə, haqlısan” prinsipi əsasında idarə olunmasıdır. Bu baxımdan ABŞ dünyada vahid güc mərkəzi yaratmaq və həmin sistemi öz nəzarətində saxlamaq prinsipi ilə xarici siyasət həyata keçirir. Bu strategiyanın nəticəsində müxtəlif regionlarda, o cümlədən Yaxın Şərqdə, Avropada və Sakit okean hövzəsində yaranan proseslər ABŞ-nin qlobal maraqları kontekstində qiymətləndirilə bilər. ABŞ-nin maraqlarına uyğun davranmayan dövlətlərin ətrafında müxtəlif təzyiq və qarşıdurmaların formalaşdırıldığı düşünülür. ABŞ-nin qlobal hegemonluğuna potensial təhlükə yaradan əsas güc mərkəzləri sırasında Rusiya, Çin və Avropa xüsusi yer tutur. Rusiya hərbi gücünə, Çin iqtisadi potensialına, Avropa isə maliyyə imkanlarına görə ABŞ üçün rəqib mərkəzlər hesab olunur. Bu baxımdan ABŞ-nin strategiyasının əsas istiqamətlərindən birinin həmin güc mərkəzlərinin imkanlarını məhdudlaşdırmaq olduğu qənaətindəyəm. İran ətrafında baş verən hadisələr də məhz bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Yaxın Şərqdə, xüsusilə İranla bağlı proseslərin ABŞ-nin strateji planları çərçivəsində formalaşan qarşıdurmanın tərkib hissəsi olduğu düşünülür".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Tehran və Pekin arasında diplomatik təmaslar son dövrlərdə yenidən intensivləşir. İranın xarici işlər naziri Abbas Əraqçinin sentyabrın 16-da Çinə etdiyi səfər də bu istiqamətdə atılan addımlardan biri kimi qiymətləndirilir. Görüşlər zamanı iki ölkə arasındakı münasibətlərlə yanaşı, Vaşinqtonla danışıqlar prosesi və Yaxın Şərqdə yaranmış təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Siyasi şərhçi qeyd edib ki, Çin iqtisadi gücünə görə ABŞ-nin əsas rəqiblərindən biridir.
"Çinin iqtisadi imkanlarını zəiflətmək üçün onun enerji resurslarına çıxışının məhdudlaşdırılması istiqamətində addımlar atıldığı iddia olunur. İranın enerji resurslarının böyük hissəsini Çinə satması da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Çinlə İran arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və iki ölkə arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlıq həyata keçirilir. Həm Şanxay Əməkdaşlıq Təşkilatı, həm də BRICS çərçivəsində İran və Çin arasında çoxtərəfli əməkdaşlıq imkanları mövcuddur. Çin öz iqtisadi və siyasi maraqlarını qorumaq baxımından İranla əməkdaşlıqda maraqlıdır. İranın xarici işlər nazirinin Çinə səfəri də bu baxımdan mühüm əhəmiyyət daşıyır. İranın üzləşdiyi təzyiqlər fonunda Çinlə siyasi məsləhətləşmələrin aparılması və iki ölkənin mövqelərinin müzakirə edilməsi Tehran üçün əhəmiyyətlidir. İran öz dövlət və milli maraqlarından çıxış edərək ABŞ-nin tələblərini qəbul etməməyə çalışır və beynəlxalq hüquq çərçivəsində öz mövqeyini qorumaq istəyir. Bu baxımdan İranın Çindən siyasi dəstək almağa çalışması təbii prosesdir. Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və beynəlxalq münasibətlər sistemində mühüm siyasi və iqtisadi çəkiyə malikdir. Buna görə də İranın xarici işlər nazirinin Çinə səfəri bu kontekstdə qiymətləndirilməlidir. Dünyada ABŞ-nin hegemon siyasətinə qarşı yeni güc mərkəzlərinin formalaşması prosesi də müşahidə olunur. Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS çərçivəsində əməkdaşlıq edən dövlətlərin sayının və təsir imkanlarının artması yeni qütbləşmənin əsaslarını formalaşdırır. Rusiya, Çin, Hindistan və İran kimi dövlətlərin müxtəlif platformalarda əməkdaşlıq etməsi yeni güc mərkəzinin formalaşması baxımından əhəmiyyətlidir. Çinlə İran arasında əməkdaşlığın genişlənməsi də məhz bu fonda gündəmə gəlir. ABŞ-nin siyasətinə qarşı ortaq mövqelərin formalaşdırılması üçün dövlətlərin siyasi və iqtisadi əməkdaşlığını gücləndirməsi vacibdir. İndiki mərhələdə bu məsələ İran üçün xüsusilə əhəmiyyətlidir. Çin kimi dünya siyasətində mühüm mövqeyə malik dövlətin İranın mövqeyinə siyasi dəstək verməsi Tehran üçün önəm daşıyır. Buna görə də İran xarici işlər nazirinin Çinə səfəri və çinli həmkarları ilə apardığı müzakirələr dövlətlərarası problemlərin həlli, eləcə də beynəlxalq proseslərə dair ortaq mövqelərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, İranın hazırkı vəziyyətdən çıxması üçün Çin, Rusiya və Türkiyə kimi dövlətlərin siyasi dəstəyinə ehtiyacı olduğu düşünülür. Burada söhbət ilk növbədə siyasi dəstəkdən və beynəlxalq hüquq prinsiplərinin müdafiəsindən gedir. İranın özünü müdafiə etmək üçün müəyyən addımlar atması, o cümlədən Hörmüz boğazı ilə bağlı mövqeyi də bu prizmadan qiymətləndirilə bilər. İranın öz müttəfiqləri ilə eyni platformadan çıxış etmək və onların siyasi dəstəyindən yararlanmaq hüququ var. Çinlə İran, eləcə də İranla Rusiya arasında strateji əməkdaşlıq mövcuddur. Çin və Rusiya ABŞ üçün əsas rəqib güc mərkəzləri hesab olunur. Bu baxımdan Çinin İranla əməkdaşlığını genişləndirməsi və Tehrana siyasi və diplomatik dəstək göstərməsi tərəflərin maraqlarının müəyyən məqamlarda üst-üstə düşməsi ilə əlaqələndirilə bilər. Nəticə etibarilə, İran xarici işlər nazirinin Çinə səfəri iki ölkə arasında siyasi və diplomatik əlaqələrin gücləndirilməsi, regional proseslərin müzakirəsi və mümkün ortaq mövqelərin müəyyənləşdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az