Paşinyanın Qarabağ separatçıları ilə bağlı yeni addımı: Sülhə yol açılır?

18 Sentyabr 2026 14:05 (UTC+04:00)

"Əslində, Baş nazir Nikol Paşinyan erməni separatizminin sıxışdırılması istiqamətində kifayət qədər qətiyyətli və prinsipial addımlar atır. Bu sıraya Qarabağ separatçılarının qondarma qurumunu təmsil edən binanın dövlətə qaytarılması ilə bağlı qərarı da daxil etmək olar. Təbii ki, bu, Paşinyan hakimiyyətinin Ermənistanın sərhədləri daxilində iki fərqli dövlət strukturunun və ya hakimiyyət formasiyasının mövcudluğuna qarşı atdığı addımlardan biridir. Ermənistan dövlətinin qanunlarına aidiyyəti olmayan separatçı bir dəstənin özünü hökumət adlandırdığı strukturun ləğvi kifayət qədər böyük əhəmiyyət daşıyır. Bu, yalnız Paşinyan hakimiyyətinin Ermənistan daxilində paralel hakimiyyət və ya paralel dövlət strukturunun mövcudluğuna qarşı mübarizəsi deyil, eyni zamanda Cənubi Qafqazdakı sülh prosesinə də müsbət təsir göstərə biləcək addımdır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanda keçmiş Qarabağ separatçılarının nümayəndəliyinə aid binanın dövlətə veriləcəyini açıqlaması ölkə daxilində siyasi və hüquqi müstəvidə diqqət çəkən mesaj kimi qiymətləndirilir. Paşinyanın Ermənistan ərazisində paralel dövlət və ya hökumət strukturlarının yaradılmasına imkan verməyəcəyini bildirməsi, eyni zamanda, onun Qarabağ məsələsində əvvəlki yanaşmadan fərqli siyasi xəttini davam etdirdiyini göstərir. Bu açıqlamanın Ermənistanın daxili siyasi prosesləri və Azərbaycanla sülh gündəliyi baxımından hansı mesajları ehtiva etdiyi maraq doğurur.

Siyasi şərhçi qeyd edib ki, rəsmi Bakı erməni separatizminin tamamilə aradan qaldırılmasını dəstəkləyir.

"Azərbaycan və Ermənistan arasında sülh prosesinə mane ola biləcək əsas qüvvələrdən biri də məhz erməni separatizmini maliyyələşdirən və ideoloji baxımdan dəstəkləyən qüvvələrdir. Paşinyan hakimiyyəti bu qüvvələrin sıradan çıxarılması istiqamətində də müəyyən addımlar atır. Burada əsas nümunə kimi Azərbaycan ərazisində hərbi cinayətlər törətməkdə ittiham olunan və sonradan Ermənistan prezidenti olmuş şəxslər – Robert Köçəryan və Serj Sarkisyanla bağlı cinayət işlərinin açılması istiqamətində atılan addımları göstərmək olar. Bu proses erməni terrorizmi və separatizminin siyasi dayaqlarının zəiflədilməsi baxımından əhəmiyyət daşıyır və eyni zamanda Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesinin önünü aça bilər. Çünki həmin şəxslər və onlarla bağlı Qarabağ klanı sülh sazişinin əsas əleyhdarları və müqavimət bazası kimi çıxış edirdilər. İndi Paşinyan hakimiyyəti bu qrupları və onların formalaşdırdığı siyasi şəbəkələri zəiflətməyə çalışır. Digər tərəfdən, Ermənistan hakimiyyəti erməni separatizminin əsas siyasi-ideoloji dayaqlarından biri kimi təqdim olunan erməni kilsəsinin təsir imkanlarını da məhdudlaşdırmağa çalışır. Bütün bunlar göstərir ki, Paşinyan hakimiyyəti Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesinin qarşısındakı maneələrin aradan qaldırılmasına yönəlmiş mövqe nümayiş etdirir. Təbii ki, onun bu istiqamətdə atdığı addımların nə dərəcədə uğurlu və effektiv olacağı yaxın vaxtlarda daha aydın görünəcək. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, hazırda Baş nazir Nikol Paşinyanın və Ermənistan hakimiyyətinin sıradan çıxarmağa çalışdığı terrorçu-separatçı qruplaşmaların Rusiyanın təsir dairəsində olduğu və Kremlin təlimatları ilə fəaliyyət göstərdiyi barədə yanaşmalar mövcuddur. Bu baxımdan Kremlin prosesə müdaxilə edərək Ermənistandakı təsir imkanlarını qorumağa cəhd göstərə biləcəyi də istisna edilmir. Bu baxımdan, Paşinyan hakimiyyətinin atdığı addımların Rusiyanın Ermənistandakı maraq və təsir imkanlarına da təsir göstərdiyini söyləmək mümkündür. Yəni, kifayət qədər mürəkkəb siyasi proses davam edir. Bu prosesin necə nəticələnəcəyi isə həm Paşinyan hakimiyyətinin gələcək siyasi kursuna, həm də Cənubi Qafqazda sülh prosesinin perspektivlərinə təsir göstərə bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az