Fransada mərkəz sağçı “Rönesans” Partiyasının prezidentliyə namizədi Qabriel Attal gələn il keçiriləcək seçkilər çərçivəsində ölkə daxilində səfərlərini davam etdirir.
Keçmiş baş nazir Attal dünən Reyms şəhərində keçirdiyi mitinqdə 27 üzv dövlətdən ibarət Avropa İttifaqının (Aİ) hazırkı sərhədlərinə çatdığını bildirib.
“DİQQƏTÇƏKƏN ÇIXIŞ ETDİ”
Attal mövcud sistemlə daha irəli gedə bilməyəcəklərini vurğulayaraq, öz nəslinin Avropanın süqutunu görməyə məhkum edilməsini qəbul etmədiyini deyib.
“İstəmirəm ki, mənim nəslim Avropanın ABŞ-nin 51-ci ştatına və ya Çinin 24-cü əyalətinə çevrildiyini görsün”, - Attal deyib.
O, Avropanı hər yerdə tənəzzülə sürükləyən millətçilərin təsirindən xilas etməyin vaxtının çatdığını bildirib.
“Düşünürəm ki, mənim nəslimin qarşısında duran ən böyük vəzifə Avropa arzusunu tamamlamaq və Avropa Birləşmiş Ştatlarını reallaşdırmaqdır”, - Attal bildirib və bu layihənin həyata keçirilməsinə çağırış edib.
“VAHİD DÖVLƏTİN YARADILMASINI TƏKLİF ETMİRƏM”
Attal layihənin həyata keçirilməsi üçün “Avropa Birləşmiş Ştatları”nın tərkibinə daxil olacaq bütün dövlətlərdə eyni vaxtda referendum keçirilməsini təklif etdiyini bildirib.
“Əlbəttə ki, vahid dövlətin yaradılmasını təklif etmirəm”, - o deyib.
Attal əvvəlcə layihə çərçivəsində bir qrup Avropa ölkəsindən ibarət möhkəm nüvənin iqtisadiyyat və ekologiya sahələrində birləşməsini istədiyini bildirib.
Onun sözlərinə görə, layihə həyata keçirilərsə, dövlətlər öz suverenlik səlahiyyətlərini, dillərini və institutlarını qoruyub saxlayacaqlar.
Qabriel Attal təklif etdiyi “Avropa Birləşmiş Ştatları” çərçivəsində “iqtisadi sərhədlərin” tamamilə aradan qaldırılmasını istəyir.
Fransada prezident seçkilərinin ilk turu 18 aprel, ikinci turu isə 2 may 2027-ci ildə keçiriləcək.
Mövsüm,
AzNews.az