Sentyabr istisi nə vaxt bitəcək? – Ekoloqdan hava ilə bağlı açıqlama

18 Sentyabr 2026 21:46 (UTC+04:00)

"İyun ayından başlayaraq havaların istiləşməsi müşahidə olundu və uzun müddət ərzində isti, quraq hava şəraiti hökm sürdü. Qısa müddətli yağışları nəzərə almasaq, yağıntıların demək olar ki, olmaması torpağın daha çox qızmasına səbəb oldu. Günəşdən daxil olan qısa dalğalı elektromaqnit şüalanma yer səthinin qızmasına təsir göstərdi. Hazırda isə günəş şüalarının düşmə müddətinin tədricən azalması ilə axşam saatlarında havalar sərinləşir, gündüzlər isə isti hava davam edir".

Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Qeyd edək ki, təqvim üzrə payız fəslinin başlamasına baxmayaraq, Azərbaycanda temperaturun hələ də yüksək olması gündəmin diqqət çəkən hava mövzularından biridir. Xüsusilə son dövrlərdə fəsillərin gedişində müşahidə olunan fərqlər bu istilərin səbəbləri ilə bağlı müxtəlif suallar yaradır. Hazırkı hava şəraitinin nə dərəcədə mövsümi xarakter daşıdığı, iqlim proseslərinin temperatur dəyişikliklərinə təsiri və qarşıdakı günlərdə ölkədə hava şəraitinin necə dəyişəcəyi maraq doğurur.

Ekoloq qeyd edib ki, sentyabr keçid ayı olduğundan, havaların bu cür dəyişkən keçməsi normal haldır.

"Yaxın müddətdə yağışlı havaların müşahidə ediləcəyi gözlənilir. Çünki havanın isti keçməsi buxarlanmanı artırır və bunun da yağıntılarla nəticələnməsi mümkündür. Ümumiyyətlə, isti hava kütlələri əsasən İran ərazisindən daxil olur. Aralıq dənizi hövzəsindən hərəkət edən isti hava siklonlarının təsiri hazırda da davam edir. Lakin payız yaxınlaşdıqca şimaldan daxil olan soyuq hava kütlələri havanın tədricən soyumasına şərait yaradacaq. Hazırkı hava şəraiti isti keçməsinə baxmayaraq, sentyabr ayı üçün normal hesab edilə bilər. Qarşıdakı dövrdə yağışların və bunun ardınca havanın sərinləşməsinin müşahidə olunması gözlənilir".

Rəfiqə Namazəliyeva,

AzNews.az