ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirmək niyyətindədir, lakin Ukrayna lideri Volodimir Zelenskinin adı potensial həmsöhbətlər siyahısına daxil edilməyib.
Aznews.az xəbər verir ki, bu barədə "Public News" nəşri mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, jurnalistlər Tramp və Zelenski arasında mümkün danışıqların hələ təsdiqlənmədiyini diqqətə çatdırıblar. Bildirilir ki, Ukrayna tərəfi və ABŞ nümayəndələri Nyu-Yorkda təmasların təşkili imkanlarını nəzərdən keçirsələr də, rəsmi Vaşinqtonun görüş qrafikində Zelenskinin adı hələlik yer almayıb.
Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası ötən həftə Nyu-Yorkda işinə başlayıb. Tədbir çərçivəsində ənənəvi olaraq yüksək səviyyəli həftə keçiriləcək və ümumi müzakirələr 22-26 sentyabr, eləcə də 28 sentyabr tarixlərində baş tutacaq. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək və onun çıxışı sentyabrın 26-na planlaşdırılır. Diplomatın tədbir zamanı ABŞ dövlət katibi Marko Rubio ilə də ikitərəfli görüş keçirməsi gözlənilir.