I Türk Dünyası Bəstəkarlarının Qurultayı yaradıcı potensialları birləşdirməyə, gənc müəllifləri dəstəkləməyə, türk dünyasının zəngin musiqi irsinin təbliğinə töhfə verən beynəlxalq əməkdaşlıq məkanıdır.
Aznews.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Murad Hüseynov Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı zamanı jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini qurultayın yeni ideyaların və əsərlərin yaranmasına, eləcə də uzunmüddətli yaradıcılıq əməkdaşlığının başlanmasına mühüm töhfə verəcəyinə inandığını bildirib.
Qeyd edək ki, Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir. Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən qurultayda türk dövlətlərindən olan bəstəkar təşkilatlarının rəhbər şəxsləri, musiqişünaslar, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edir.