Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Təhlükəsizlik Şurası katiblərinin Beşinci Toplantısına ev sahibliyi etməyimiz dünyada artan hazırkı gərginliklər fonunda olduqca vacib və əhəmiyyətli tədbir kimi qiymətləndirilə bilər.
TDT-nin son illərdə siyasi, iqtisadi, kommunikasiya bağlantılarının genişlənməsi, eləcə də təşkilatın fəal beynəlxalq platformaya çevrilməsi yönündə atılan prinsipial addımlar təhlükəsizlik faktorunu da ön plana çıxarır. Bakı toplantısı TDT daxilində təhlükəsizliklə bağlı mühüm məsələlərin həlli, qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi və vahid iş mexanizmlərinin təşkili baxımından mühüm əhəmiyyət kəsb edir.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə çıxış edən Prezident İlham Əliyevin xatırlatdığı kimi, Təşkilat çox böyük beynəlxalq nüfuza malik olan bir təsisatdır və beynəlxalq gündəliyi müəyyən edən müxtəlif formatlarda davamlı faydalı müzakirələr aparır, qlobal arenada öz potensialından maksimum istifadə edir. Təşkilata üzv ölkələrin potensialı kifayət qədər böyükdür və ilbəil güclənir, geniş coğrafi məkanda yerləşməsi isə Qərb və Şərqdə bağlantıların nizamlanmasına, yeni kommunikativ əməkdaşlıqların qurulmasına mühüm töhfə verir.
TDT-də təşəbbüskar və lider ölkələrdən biri olan Azərbaycan dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən, Mərkəzi Asiyadan Xəzər vasitəsilə enerji resurslarının beynəlxalq bazarlara tranzitini həyata keçirən dövlət kimi TDT ailəsində birgə əməkdaşlığın möhkəmlənməsində, rifahının yüksəlməsində xüsusi rol oynayır.
Son illərdə Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalaması isə qarşılıqlı əlaqələrin dinamikasını durmadan yüksəldir, çoxtərəfli əməkdaşlıq üçün əlavə resurslar səfərbər olunur.
Bütün bu amillər isə iqtisadi, nəqliyyat və enerji təhlükəsizliyi ilə bağlı yeni çağırışları meydana çıxarır. TDT-nin beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük vacib oynaması təşkilatın öz əlindədir və birgə koordinasiya bu fəaliyyəti gücləndirə bilər.
TDT ölkələrinin və xalqlarının mənəvi və milli prinsiplərə sadiq olması, onların oxşar dəyərlərlə tərbiyə olunması da sıx birliyi möhkəmləndirir. Əhalinin gənc və demoqrafik vəziyyətin müsbət olması, bir çox ölkələrdə əhalinin sürətlə azalmasının əksinə türk dövlətlərində təbii artımın dinamikası mühüm üstünlüklər yaradır. Cənab Prezidentin bəyan etdiyi kimi, bu amil də təşkilatın gücünü müəyyən edir. Dünyada belə təşkilatlar çox deyil və beynəlxalq təşkilatların siyahısına nəzər saldıqda nadir hallarda belə mənzərəyə rast gəlmək mümkündür.
TDT-nin uğurlu inkişafının digər mühüm amili güclü sabitliyin bərqərar olmasıdır. Dünyada artan xaotik proseslərə rəğmən, TDT ölkələrində möhkəm sabitlik, sülh və təhlükəsizlik mövcuddur. Bu ölkələrin yerləşdiyi geniş coğrafiyada ictimai asayişlə, müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır.
Ətraf regionlarda davam edən müharibələrin coğrafiyasının genişlənməsi fonunda sabitliyin qorunması həm də uzaqgörən təmkinli siyasətin nəticəsidir. Bu uğurlu siyasət, sabitlik və təhlükəsizlik həmrəyliyi nəticəsində iqtisadi həmrəylik də irəliləyir, investisiyalar, texnologiya və innovasiyaların qarşılıqlı axını təşviq edilir. TDT məkanında nəzərə çarpan iqtisadi artım templərinin, nəhəng sənaye quruculuğunun, maliyyə stabilliyinin əsas indikatorları da bu möhkəm təhlükəsizlik arxitekturasına əsaslanır.
Müasir geosiyasi proseslər TDT-nin ideoloji xarakterli təxribatlara qarşı hazırlığını da aktuallaşdırır. Rəqəmsal transormasiyaya keçid bir sıra hallarda ölkə hüdudlarından kənarda yerləşən, müxtəlif mərkəzlər tərəfindən maliyyələşən bir sıra media strukturları vasitəsilə ideoloji təxribatları artırır. Məqsədli şəkildə təşkil edilən hibrid təhdidlərin hədəfi ölkələrin dövlət quruluşunun sarsıdılmasına, ictimai həmrəyliyin pozulmasına, yad narrativlərin və dəyərlərin aşılanmasına yönəlib.
Azərbaycan bu istiqamətdə çox fəal mübarizə aparır və böyük uğurlar əldə edib. İdeoloji təxribatlar, informasiya müharibəsi isə bitməyib və sabitliyi pozmaq cəhdləri davam edir. Azərbaycan bu problemə TDT-nin ümumi problemi kimi yanaşdığından, üzv ölkələrin ardıcıl inkişafı naminə hər cür ideoloji təxribatlara qarşı birgə mübarizə aparmağı vacib hesab edir.
Beynəlxalq səviyyədə artan ədalətsizliklərə qarşı təkbaşına mübarizənin çətinləşdiyi bir dövrdə TDT ölkələrinin birliyi və gücünün artması bu gün daha çox əhəmiyyət daşıyır. Bu güc beynəlxalq hüququn normalarının ali prinsiplər kimi bütün dünya tərəfindən qəbul edilməsində mühüm rol oynaya bilər.
Beləliklə, yuxarıda sadalalan amilləri nəzərə aldıqda, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şurası katiblərinin Beşinci Toplantısı təhlükəsizliklə bağlı mümkün boşluqların və Türk ailəsinə zərər vurmağa çalışan yad ünsürlərin nüfuz edə biləcəyi pəncərələri müəyyənləşdirmək baxımından faydalı platforma hesab edilir.
Ramid Namazov
Milli Məclisin deputatı,
Milli Məclisin Xarici müdaxilələrə və
hibrid təhdidlərə qarşı Komissiyasının sədri