Rusiyanın İrkutsk vilayətində ayıların insanların yaxınlığında peyda olması hallarının kəskin artması ilə əlaqədar yüksək hazırlıq rejimi elan edilib.
Aznews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru İqor Kobzev bildirib.
Onun sözlərinə görə, müvafiq fərman qonur ayıların təbii yaşayış mühitindən kənara çıxması faktlarının çoxalması fonunda qüvvəyə minib. Yırtıcılar müntəzəm olaraq yaşayış məntəqələrinin yaxınlığında, avtomobil yollarında, eləcə də bilavasitə yaşayış evlərinin yanında peyda olmağa başlayıblar.
Kobzev qeyd edib ki, ayıların aktivlik dövrü başlayandan bəri İrkutsk vilayəti sakinlərindən yırtıcıların görünməsi ilə bağlı 1,5 mindən çox müraciət daxil olub. Təkcə son sutka ərzində 56 belə hal qeydə alınıb.
"Ötən sutka ərzində 11 ayı ovlanıb. 2026-cı ildə ümumilikdə 191 ayı ovlanıb", - qubernator bildirib.
O, regionun sakinlərinə və qonaqlarına meşələrə getməkdən çəkinməyi, həmçinin kənd təsərrüfatı heyvanlarının ov sahələri ərazilərində otarılmasını istisna etməyi tövsiyə edib.