Məmmədəli Mehdiyev: "Dünya çempionatına yalnız qızıl medal üçün getmişdim"

21 Sentyabr 2026 14:02 (UTC+04:00)

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda veteran cüdoçular arasında keçirilən dünya çempionatında qızıl medal qazanan Məmmədəli Mehdiyevin (100 kq) əsas məqsədi fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq olub.

AzNews.az xəbər verir ki, idmançı bunu "Report"a açıqlamasında deyib.

"Bu turnirə gələndə ancaq qızıl medal haqqında düşünürdüm, başqa fikir ola da bilməzdi. Düzünü desəm, görüşlərin bu qədər çətin keçəcəyini gözləmirdim. Xüsusilə ikinci qarşılaşmada gürcüstanlı cüdoçu ilə gərgin mübarizə alındı. Lakin yarışa yaxşı hazırlaşmışdım və məğlubiyyət haqqında düşünmürdüm. Hədəf nə idisə, ona da çatdıq", - cüdoçu bildirib.

O, gələcək planlarından da söz açıb:

"Noyabrda keçiriləcək Avropa çempionatına qatılmağı planlaşdırırdım. Lakin Daxili İşlər Nazirliyi 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş qurumlararası yarış təşkil edəcək. Bu səbəbdən həmin turnirdə çıxış etməyi seçdim və qitə çempionatından imtina etdim".

Qeyd edək ki, Məmmədəli Mehdiyev yarışın ilk günündə M1 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.