Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb

21 Sentyabr 2026 16:03 (UTC+04:00)

Polşadakı diaspora nümayəndələrinin və Azərbaycan Respublikasının səfirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində Azərbaycana qarşı təxribatın qarşısı alınıb.

AzNews.az xəbər verir ki, Polşada istehsal olunmuş məhsulun üzərində artıq ləğv edilmiş separatçı rejimin təsviri olan çap materialının yerli satışda olması barədə məlumat ölkədəki Azərbaycan diaspora nümayəndələrinin sosial şəbəkələrində yayımlamasından dərhal sonra Azərbaycan Respublikasının Polşadakı səfirliyi bu materialların istehsalının dayandırılması və satışdan çıxarılması istiqamətində tədbirlər həyata keçirib.

“Məhsulun” istehsalı və eyni zamanda satışı ilə məşğul olan “Henry” şirkətinin direktoru Çezarı Popiel ilə əlaqə saxlanılıb və məsələ ilə bağlı Azərbaycan Respublikasının kəskin etirazı bildirilib. Qarşı tərəf məsələ barədə sosial şəbəkələr vasitəsilə məlumatlı olduğunu və yol verilmiş yanlışlıqla bağlı üzrxahlığını bildirərək, qeyd olunan məhsulun istehsalının və satışının dayandırılması barədə qərar qəbul edildiyini vurğulayıb.