"Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın gələcəkdə daha da genişlənməsi mümkündür. Buna ciddi ehtiyac və zərurət var. Bakıda keçirilən sonuncu toplantı, eləcə də bundan əvvəl bu istiqamətdə baş tutan görüş və müzakirələr də bunu sübut edir".
Bu fikirləri Aznews.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik istiqamətində əməkdaşlığın dərinləşdirilməsi son dövrdə təşkilatın gündəliyində xüsusi yer tutur. Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısının Bakıda keçirilməsi də bu sahədə koordinasiyanın gücləndirilməsi baxımından diqqət çəkir. Prezident İlham Əliyev çıxışında müasir dövrdə ənənəvi təhdidlərlə yanaşı, kibertəhdidlər və yeni qeyri-sabitlik ocaqlarının meydana çıxdığını vurğulayıb və TDT məkanında ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılmasının əhəmiyyətinə toxunub.
Siyasi şərhçi bildirib ki, dünyada baş verən hadisələr türk dövlətlərinin ortaq təhlükəsizlik və hərbi əməkdaşlığı gücləndirməsini, eləcə də mövcud təhdidlərə qarşı birgə fəaliyyət göstərməsini zəruri edir.
"Qlobal proseslər türk dövlətləri üçün də müəyyən təhdidlər yaradır. Bu baxımdan, təhlükəsizlik məsələlərində əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, türk dövlətləri öz təhlükəsizliklərini, sabitliklərini, ərazi bütövlüklərini və suverenliklərini qorumaq üçün qüvvələrini birləşdirməlidirlər. Təhlükəsizlik sahəsində əməkdaşlıq mövcud siyasi və hərbi əlaqələrlə yanaşı, mühüm əhəmiyyət daşıyan ayrıca bir platformadır. Bu istiqamətdə Azərbaycanın və Türkiyənin siyasi iradəsi mövcuddur. Digər türk dövlətlərinin də əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını düşünürəm. Ümid edirəm ki, gələcəkdə bu proses daha da genişlənəcək və güclənəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az