“Ermənistan artıq Rusiyanın vassalı deyil” – Natiq Miridən Paşinyanın siyasətinə şərh

21 Sentyabr 2026 16:17 (UTC+04:00)

"Paşinyanın bu açıqlaması reallığı əks etdirir. Çünki regionda mövcud status-kvo dəyişib. Nikol Paşinyan demək istəyir ki, Qarabağ münaqişəsinin həllinə qədər Qarabağ məsələsi həm Ermənistan, həm də Azərbaycan üçün təsir və təzyiq vasitəsi rolunu oynayırdı. Lakin artıq bu vasitə aradan qalxıb. Üstəlik, Ermənistan bu təzyiq alətindən qurtulduqdan sonra iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində şaxələndirmə siyasəti həyata keçirir. Bunun əsas məqsədi Rusiyadan asılılığı aradan qaldırmaqdır. Rusiyanı narahat edən əsas məqam da məhz budur. Rusiya Qarabağ probleminin həlli nəticəsində bu ərazini itirməsini və bununla da Nikol Paşinyana qarşı istifadə edə biləcəyi təzyiq vasitəsinin aradan qalxmasını hələ də qəbul edə bilmir. Rusiya rəsmilərinin, o cümlədən Prezident Vladimir Putinin çıxışlarında bu məsələyə dəfələrlə ağrılı şəkildə toxunulub. Onlar Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsi və bunun nəticəsində Rusiyanın təsir imkanlarının zəifləməsi ilə barışmaqda çətinlik çəkirlər. Məhz yeni status-kvo şəraitində Nikol Paşinyan bütün sahələr üzrə şaxələndirmə siyasəti həyata keçirməklə Rusiyadan asılılığı tamamilə aradan qaldırmağa çalışır. Hədəf budur. Bu siyasət reallığa söykənirmi? Bəli. Çünki Ermənistanın bunun alternativi yoxdur. Rusiyadan asılılıq siyasətinin hökm sürdüyü dövrdə Ermənistan müstəqil dövlət kimi fəaliyyət göstərmək imkanları baxımından ciddi məhdudiyyətlərlə üzləşirdi və Rusiyanın vassalı kimi çıxış edirdi".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdə yeni mərhələnin başladığını bildirib. Onun sözlərinə görə, Moskva ilə İrəvan arasındakı əlaqələrin əvvəlki formatda davam etdirilməsi artıq mümkün deyil və bu dəyişiklik hakimiyyətdə olan şəxslərdən asılı deyil. Paşinyan qeyd edib ki, Ermənistanın Rusiya ilə əvvəlki münasibətlər modelinə qayıtması üçün ölkənin yenidən hər hansı münaqişəyə cəlb olunması tələb olunur. Baş nazirin fikrincə, Ermənistanda sülh şəraiti davam etdiyi müddətdə iki ölkə arasında münasibətlərin əvvəlki səviyyəyə qayıtması real deyil. Ermənistan hökumətinin başçısı regional nəqliyyat kommunikasiyaları ilə bağlı vəziyyətə də diqqət çəkib. O bildirib ki, Ermənistan dəmir yollarının Rusiya konsessiyasında olması ölkənin regional layihələrdəki imkanlarına təsir göstərən amillərdən biridir. Paşinyan dəmir yolu xəttinin Ermənistan ərazisinə Nrnadzor istiqamətindən daxil olaraq Aqarak tərəfdən çıxması variantını gündəmə gətirib. Onun sözlərinə görə, bu marşrutun reallaşması halında beynəlxalq yükdaşımaların Ermənistan ərazisindən birbaşa Türkiyəyə deyil, Naxçıvan üzərindən Türkiyəyə yönəlməsi mümkündür. Baş nazir hesab edir ki, Rusiya ilə Qərb arasında davam edən qarşıdurma Ermənistanın regional nəqliyyat layihələrindəki mövqeyinə təsir göstərə bilər. Onun fikrincə, yaranmış geosiyasi vəziyyət nəticəsində Ermənistan hətta təşəbbüskarı olduğu layihələrdən birində də kənarda qala bilər.

Siyasi şərhçi bildirib ki, hazırda vəziyyət əvvəlki dövrlə müqayisədə dəyişib.

"Nikol Paşinyan “Real Ermənistan” konsepsiyası çərçivəsində, yəni qurmaq istədiyi IV Ermənistan Respublikasını daha müstəqil və suveren dövlətə çevirmək istəyir. Bunun üçün də hər hansı güc mərkəzinin iradəsindən birmənalı şəkildə asılı olmaq niyyətində deyil. Diqqət yetirsək, Rusiya Ermənistana qarşı iqtisadi təzyiqlərini davam etdirirsə, Ermənistan da buna cavab verir. Siyasi müstəvidə Rusiyanın Ermənistandakı təsir imkanları zəiflədilir. Rusiyayönlü hesab edilən qüvvələrin bir sıra liderləri ya həbs olunub, ya da onlara qarşı hüquqi proseslər davam edir. Bu prosesin davam edəcəyi gözlənilir. Digər tərəfdən, iqtisadi sahədə də Rusiyanın tətbiq etdiyi təzyiqlərə qarşı addımlar atılır. Rusiyaya məxsus inhisarçı şirkətlər tədricən milliləşdirilərək Rusiyanın təsir dairəsindən çıxarılır. Moskva isə artıq bununla bağlı narahatlığını açıq şəkildə ifadə etməyə başlayıb. Bütün bunlar Ermənistanı asılı vəziyyətdən çıxarmaq, müstəqil və suveren dövlətə çevirmək məqsədi daşıyır. Eyni zamanda, Ermənistan üçün təhlükəsizliyin təmin edilməsi də mühüm məsələdir. Bu təhlükəsizliyin təmin olunması isə Azərbaycan və Türkiyə ilə sülh münasibətlərinin qurulmasından keçir. Sülhün mövcudluğu bu gün Nikol Paşinyana hətta gələcəkdə Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini müzakirə etmək imkanı verir. Son həftələrdə 102 saylı Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsinin də müzakirə predmetinə çevrildiyini görürük. Halbuki əvvəllər belə bir müzakirə gündəmdə deyildi. Doğrudur, bu məsələni vaxtından əvvəl və tələsik şəkildə Vladimir Putin müzakirəyə çıxardı. Nikol Paşinyan və onun ətrafı isə bundan məharətlə istifadə edir. Onlar kinayəli şəkildə bildirirlər ki, əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq istəyirsə, bunu edə bilər və Ermənistan buna etiraz etməyəcək. Başqa sözlə, Ermənistanın artıq həmin hərbi bazaya əvvəlki kimi ehtiyacı olmadığı mesajı verilir. Bu isə o deməkdir ki, 102 saylı hərbi bazanın Ermənistanda qalması məsələsi gələcəkdə gündəmdə olsa belə, Rusiya bunun müqabilində Ermənistana müəyyən siyasi və ya iqtisadi güzəştlər etməli olacaq. Mən hesab etmirəm ki, Paşinyanın bu açıqlamaları münasibətləri qarışdırmaq məqsədi daşıyır və ya hansısa təxribatçı rol oynayır. Nikol Paşinyanın Moskvaya səfəri zamanı Rusiya-Ermənistan münasibətlərinin ciddi şəkildə yenidən nəzərdən keçiriləcəyi gözlənilir. Bu təklifi Paşinyan Bişkəkdə keçirilən görüşdə Vladimir Putinə də təqdim edib. O bildirib ki, Ermənistan-Rusiya münasibətlərində həm ortaq, həm də ziddiyyətli məqamlar mövcuddur. Buna görə də fikir ayrılıqlarının aradan qaldırılması mümkündürsə, müvafiq yollar tapılmalıdır. Əgər müəyyən məsələlərdə razılığa gəlmək mümkün deyilsə, münasibətlər hər iki dövlətin maraqları çərçivəsində davam etdirilməlidir. Bu proses düşmənçilik zəminində deyil, müstəqil dövlətlərin maraqları və qarşılıqlı anlaşma prinsipləri əsasında aparılmalıdır. Nikol Paşinyan da dolayısı ilə Ermənistanın öz maraqlarını müdafiə edir. Dünənə qədər Rusiya Qarabağ klanı vasitəsilə Ermənistanı özündən asılı vəziyyətdə saxlayırdısa, bu gün Ermənistan müstəqil dövlətdir. Bu baxımdan, iki ölkə arasındakı münasibətlər də müstəqil dövlətlər arasında münasibətlər səviyyəsində qurulmalıdır. Paşinyanın bu açıqlamaları əvvəlcədən Putinin diqqətinə çatdırılıb. Sadəcə, məsələləri ictimailəşdirməklə həm Ermənistan, həm də Rusiya ictimaiyyətinə müəyyən mesajlar verilir. Eyni zamanda, Rusiyadakı müxtəlif siyasi şəbəkələrin diqqətinə çatdırılır ki, Ermənistan artıq Rusiyanın əyaləti deyil. Söhbət iki müstəqil dövlət arasındakı münasibətlərdən gedirsə, bu münasibətlər də məhz həmin prinsip əsasında qurulmalıdır. Paşinyan iqtisadiyyat, təhlükəsizlik və enerji də daxil olmaqla, bütün sahələrdə şaxələndirmə siyasətinin həyata keçiriləcəyini özünün qırmızı xətti kimi bəyan edib. O, bu siyasətin alternativinin olmadığını da açıqlayıb. Bu səbəbdən, sözügedən açıqlamalarda münasibətləri qarışdırmaq məqsədi axtarmaq düzgün olmazdı. Hətta bu məsələlər gizli saxlanılsaydı belə, bunun Ermənistan üçün nə müsbət, nə də mənfi baxımdan xüsusi nəticəsi olacaqdı. Çünki bunlar Rusiya və Ermənistan dövlət başçıları arasında müzakirə olunacaq məsələlərdir. Paşinyan sadəcə bu mövzuları ictimailəşdirməklə hər kəsin baş verənlərdən xəbərdar olmasını istəyib. Bu mesajların həm Ermənistanda, həm Rusiyada, həm də Ermənistanın özünə müttəfiq hesab etdiyi Avropa İttifaqında eşidilməsi nəzərdə tutulur".

Rəfiqə Namazəliyeva,

AzNews.az