İsrailin Baş naziri Benyamin Netanyahunun sentyabrın 23-də Nyu-Yorka çatması, sentyabrın 24-də isə BMT Baş Assambleyasının iclasında çıxış etməsi gözlənilir.
Səfər öncəsi Zöhran Məmdaninin Netanyahu ilə bağlı “Yeri Haaqa məhkəməsidir” ifadəsi müzakirələri yenidən gündəmə gətirib. İsrailli rəsmilər də Nyu-York merinə qarşı tənqidlərini davam etdirirlər.
Məmdaninin “yeri Haaqa” sözləri gündəmdədir
Məmdani Netanyahu BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka gələrsə, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun barəsində çıxardığı həbs qərarının icra edilib-edilməyəcəyi ilə bağlı şəhər qanunlarına uyğun hərəkət edəcəklərini bildirmişdi.
Nyu-York meri daha sonra şəhərin Netanyahu haqqında çıxarılmış BCM həbs qərarını icra etmək üçün müstəqil hüquqi səlahiyyətə malik olmadığını açıqlamış və bu istiqamətdə ABŞ federal hökumətinə çağırış etmişdi.
Məmdaninin açıqlamalarına reaksiya verən Netanyahu isə BCM-nin ABŞ və İsrail vətəndaşları üzərində yurisdiksiyasının olmadığını müdafiə etmişdi. ABŞ Prezidenti Donald Tramp da Netanyahunun ABŞ-də həbs edilməyəcəyini açıqlamışdı.
İsraildən Məmdaniyə reaksiya
İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon Məmdanini Nyu-Yorkda “yəhudi əleyhinə ab-hava yaratmaqda” ittiham edib və Netanyahuya qarşı etirazları tənqid edib.
Danon bildirib ki, Netanyahu BMT Baş Assambleyasındakı çıxışı zamanı ötən il olduğu kimi bəzi nümayəndə heyətlərinin zalı tərk edəcəyini gözləyir. 2025-ci ildə Netanyahu tribunaya qalxarkən çox sayda diplomat Baş Assambleyanın zalını tərk etmişdi.
Netanyahunun təyyarəsi Nyuark hava limanına enəcək
Netanyahunun bu il Nyu-Yorkdakı JFK hava limanı əvəzinə Nyu-Cersidə yerləşən Nyuark hava limanına enəcək olması da səfər öncəsi diqqət çəkən məqamlardan biridir.
İsrail mediasında bu qərarın təhlükəsizlik tədbirləri və təyyarənin dayanacağı ərazi ilə bağlı hazırlıqlarla əlaqəli olduğu bildirilir. Netanyahunun təhlükəsizliyinin təmin olunması üçün ABŞ Məxfi Xidməti, İsrail Baş nazirinin ofisi və mühafizə qrupu arasında koordinasiya aparıldığı qeyd olunur.
Nyu-Yorkda etiraz aksiyaları gözlənilir
Netanyahunun səfəri zamanı Nyu-Yorkda Fələstin tərəfdarı və müharibə əleyhinə qrupların etiraz aksiyaları keçirməsi gözlənilir. Müxtəlif koalisiyaların BMT Baş Qərargahının ətrafında və Netanyahunun qalacağı gözlənilən otelin yaxınlığında aksiyalar planlaşdırdığı bildirilir.
Məmdani isə etiraz aksiyalarına qatılmayacağını, lakin şəhərdə dinc nümayişlərin konstitusion ifadə azadlığı çərçivəsində olduğunu bildirib. Nyu-York meri Baş Assambleya həftəsi öncəsi şəhərdə hər hansı məlum təhlükəsizlik təhdidinin olmadığını da açıqlayıb.
Fələstin nümayəndə heyəti bu il də Nyu-Yorka gedə bilməyəcək
Netanyahunun BMT Baş Assambleyasının iclasında iştirakının gözlənildiyi bir vaxtda Fələstin Prezidenti Mahmud Abbas və nümayəndə heyətinin ABŞ-nin viza verməməsi səbəbindən Nyu-Yorka gedə bilməyəcəyi bildirilib.
BMT Baş Assambleyası Abbasın bu il toplantılara videobağlantı vasitəsilə qatılmasına imkan verən xüsusi qərar qəbul edib. Səsvermədə 152 ölkə qərarın lehinə səs verib, ABŞ, İsrail və Paraqvay isə əleyhinə çıxıb.
BCM-nin Netanyahu ilə bağlı qərarı
BCM 21 noyabr 2024-cü ildə Netanyahu və həmin dövrdə İsrailin müdafiə naziri olmuş Yoav Qallant barəsində Qəzzada törədildiyi iddia edilən hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərə görə həbs qərarı çıxarıb. Məhkəmə Netanyahuya qarşı mülki əhalinin aclığa məruz qoyulmasının müharibə metodu kimi istifadə edilməsi və mülki şəxslərə qarşı hücumlarla bağlı ittihamlar irəli sürüb. İsrail isə ittihamları rədd edir.
Netanyahunun sentyabrın 24-də BMT Baş Assambleyasında çıxış etməsi gözlənilir. Səfərin həm etiraz aksiyaları, həm də BCM-nin həbs qərarı səbəbindən beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənəcəyi gözlənilir.
Mövsüm,
AzNews.az