“Rusiyanın geri çəkilməsi real görünmür” -AÇIQLAMA

21 Sentyabr 2026 20:27 (UTC+04:00)

"İlk növbədə qeyd etmək lazımdır ki, hazırda baş verənləri yalnız Rusiya ilə Ukrayna arasındakı münaqişə kimi qiymətləndirmək düzgün deyil. Faktiki olaraq, Ukrayna ərazisində Rusiya ilə NATO bloku arasında qarşıdurma gedir. Avropa İttifaqına üzv dövlətlər də müxtəlif vasitələrlə bu prosesdə iştirak edirlər. Hərbi müstəvidən yanaşdıqda, Rusiya münaqişədə üstün mövqedədir. Belə ki, Rusiya Ukrayna ərazilərinin təxminən 20-25 faizinə nəzarət edir və onun hərbi qüvvələri Ukraynanın dərinliklərinə doğru irəliləməkdə davam edir. Siyasi baxımdan da Moskvanın mövqeləri güclüdür. Çünki danışıqlar prosesində əsas şərtləri irəli sürən tərəf Rusiyadır. Moskvanın tələbləri nəzərə alınmadan münaqişənin dayandırılması real görünmür. Bununla belə, müasir texnologiyalardan istifadə edən Ukrayna Rusiyanın dərinliklərinə zərbələr endirir. Bu hücumların əsas məqsədi Rusiyaya psixoloji və iqtisadi təzyiq göstərmək, strateji obyektlərə zərər vurmaq və Moskvanı danışıqlar masasında güzəştlərə məcbur etməkdir. Eyni zamanda, ABŞ başda olmaqla, NATO ölkələrinin və Avropa dövlətlərinin münaqişədə iştirakı yalnız hərbi dəstəklə məhdudlaşmır. Müasir texnologiyaların praktiki sınaqdan keçirilməsi baxımından da bu qarşıdurma müəyyən əhəmiyyət daşıyır. Son dövrlərdə ABŞ tərəfindən aparılan danışıqlar göstərir ki, Vaşinqton Rusiyanı Ukrayna ilə birlikdə danışıqlar masasına gətirməyə və müəyyən razılaşmaların, xüsusilə də atəşkəsin əldə olunmasına nail olmağa çalışır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Ukraynanın Moskva və ətrafına son dron hücumları Rusiyada gərginliyi artırıb. Rusiya rəsmilərinin məlumatına görə, sentyabrın 19-dan etibarən ölkə üzrə 1600-dən çox dron zərərsizləşdirilib, onlardan təxminən 450-si Moskva istiqamətində olub. Moskva meri Sergey Sobyanin hücumu paytaxta qarşı indiyədək ən böyük dron hücumlarından biri adlandırıb. Hücumlar zamanı “Qazprom”a məxsus Kapotnya neft emalı zavodu və Moskva vilayətindəki enerji infrastrukturu obyektlərinin də hədəfə alındığı bildirilir. Hadisə beynəlxalq mediada geniş əks-səda doğurub.

Siyasi şərhçi qeyd edib ki, Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələr Moskva üzərində təzyiq yaratmaq məqsədi daşıyır.

"Digər tərəfdən, Ukrayna rəhbərliyinin açıqlamaları ölkənin silah-sursat təminatı ilə bağlı çətinliklərlə üzləşdiyini göstərir. Avropa İttifaqının maliyyə dəstəyi məsələsində tərəddüdlərinin artması və yardımın azalması ehtimalı da Kiyevin imkanlarına təsir göstərir. ABŞ və Ukrayna rəhbərliyi müvəqqəti atəşkəs əldə etməklə vaxt qazanmağa çalışır. Belə bir fasilə Ukraynaya yenidən silahlanmaq, hərbi potensialını bərpa etmək və müharibənin gedişatını dəyişmək üçün hazırlıq görmək imkanı verə bilər. Bu baxımdan, Rusiyaya qarşı təzyiqlərin artırılması atəşkəsə nail olmaq cəhdlərinin tərkib hissəsi kimi nəzərdən keçirilə bilər. Ukraynanın dron hücumları nəticəsində Rusiyanın neft, maşınqayırma və digər strateji sənaye sahələrinə müəyyən zərər dəysə də, bu problemlər qısa müddətdə aradan qaldırıla bilər. İqtisadi itkilərə baxmayaraq, Rusiya hərbi əməliyyatlarını davam etdirir və Ukrayna ərazisində irəliləməyə çalışır. Buna görə də məsələyə yalnız hərbi zərbələr və iqtisadi itkilər prizmasından yanaşmaq kifayət deyil. Rusiyanın ərazisindəki enerji və strateji obyektlərə hücumlar daha çox siyasi təzyiq yaratmaq və danışıqlarda mövqeləri gücləndirmək məqsədi daşıyır. Lakin bu hücumların Moskvanı geri çəkilməyə məcbur edəcəyini söyləmək çətindir. Avropa İttifaqının informasiya və psixoloji müharibə vasitələrindən istifadə etməsi də qarşıdurmanın daha geniş miqyas alması ilə bağlı müzakirələri gündəmə gətirir. Münaqişənin uzanması və Avropa dövlətlərinin birbaşa hərbi qarşıdurmaya cəlb olunması ehtimalı bəşəriyyət üçün daha ağır nəticələrə səbəb ola bilər. Rusiya xarici işlər naziri Sergey Lavrovun Avropa ilə Rusiya arasında müharibənin daha qısa müddətdə başa çata biləcəyi ilə bağlı açıqlaması da bu kontekstdə diqqət çəkir. Belə bir qarşıdurma nüvə silahından istifadə riskini gündəmə gətirə və nəticədə daha genişmiqyaslı fəlakətlərə yol aça bilər. Hazırkı vəziyyət göstərir ki, Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələr əsasən siyasi güzəştlərə nail olmaq məqsədi daşıyır. Bununla belə, Rusiyanın indiyədək nümayiş etdirdiyi mövqe Moskvanın geri çəkilmək niyyətində olmadığını göstərir. Çünki bu münaqişə Rusiya tərəfindən milli təhlükəsizlik məsələsi kimi təqdim olunur. Moskva müharibəyə böyük maliyyə və insan resursları sərf edib. Belə bir şəraitdə Rusiyanın geri çəkilməsi real görünmür. Digər tərəfdən, Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamaları Kiyevin ərazi məsələsində güzəştə getmək niyyətində olmadığını göstərir. Bu mövqelər nəzərə alındıqda, münaqişənin uzunmüddətli xarakter alması ehtimalı artır. Ukrayna hazırkı vəziyyətdə uzunmüddətli müharibə aparmaq üçün ciddi çətinliklərlə üzləşir. Zelenski dəfələrlə ölkəsinin silah-sursat təminatında problemlərin olduğunu bəyan edib. Avropa dövlətlərinin öz hərbi ehtiyatları ilə bağlı üzləşdiyi çətinliklər də Ukraynaya göstərilən dəstəyin davamlılığı məsələsini aktuallaşdırır. Bu baxımdan, Kiyev üçün müvəqqəti atəşkəs əldə etmək və yenidən güclənmək mühüm əhəmiyyət daşıyır. Lakin Rusiya rəsmiləri də bu ehtiyacı anlayır və müvəqqəti atəşkəsə razılaşmaqda maraqlı görünmürlər. Moskva münaqişənin köklü həllini tələb edir, amma hazırkı şəraitdə belə bir həllin əldə olunması real görünmür.MNəticə etibarilə, Rusiyanın ərazisinə endirilən lokal zərbələr Moskvanın geri çəkiləcəyi anlamına gəlmir. Bu hücumlar müəyyən iqtisadi və infrastruktur problemləri yaratsa da, Rusiyanın hərbi əməliyyatlarını dayandırmasına səbəb olmur. Əksinə, Moskvanın uzaqmənzilli raketlərdən istifadə etməklə Ukraynanın dərinliklərindəki strateji obyektlərə zərbələr endirməsi ölkəyə və əhaliyə daha böyük ziyan vura bilər. Mənim qənaətimə görə, Zelenskinin siyasəti münaqişənin həllini çətinləşdirən amillərdən biridir. Onun Qərbin və ABŞ-nin maraqlarından çıxış etməsi ilə bağlı mövqeyim ondan ibarətdir ki, bu yanaşma Ukrayna xalqının və dövlətinin maraqları ilə ziddiyyət təşkil edir. Hesab edirəm ki, Zelenskinin hakimiyyətdə qalması münaqişənin həlli perspektivlərinə mənfi təsir göstərir və onun hakimiyyətdən getmədiyi təqdirdə münaqişənin real həlli mümkün görünmür".

Rəfiqə Namazəliyeva,

AzNews.az