İran-Tramp görüşünün taleyini SEPAH müəyyən edəcək?

21 Sentyabr 2026 21:08 (UTC+04:00)

"ABŞ prezidenti ilə İran prezidenti arasında görüş, təbii ki, mümkündür. Amma burada əsas sual görüş zamanı hansı məsələlərin müzakirə olunacağı və İran prezidentinin bu prosesdə səlahiyyətlərinin nə qədər olmasıdır. Müharibənin dayandırılması və digər mühüm məsələlərlə bağlı qərarların qəbulunda İran prezidentinin imkanları məhduddur. Nəzərə alaq ki, İslamabad görüşündə iki liderin imzası ilə memorandum qəbul edildi və tərəflər atəşkəsə razılaşdılar. Amma sonradan SEPAH bu prosesin qarşısını aldı. İndi isə İran tərəfi ABŞ-a müəyyən şərtlər təqdim edib".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Qeyd edək ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində yüksək səviyyəli görüşlər keçiriləcək. Sentyabrın 23-də başlayacaq ümumi müzakirələrdə İran nümayəndə heyətinin də iştirak edəcəyi gözlənilir. Sessiya fonunda ABŞ Prezidenti Donald Trampın İran Prezidenti Məsud Pezeşkianla mümkün görüşü də gündəmdədir.

Siyasi şərhçi qeyd edib ki, hazırda tərəflər arasında konfidensial danışıqlar aparılır.

"Hələlik Tramp bu şərtlərə cavab verməyib. Bu baxımdan, söhbət daha çox SEPAH-ın irəli sürdüyü tələblərdən gedir və prosesdə SEPAH-ın mövqeyi mühüm əhəmiyyət daşıyır. Əgər SEPAH razılıq verərsə, Pezeşkianın ABŞ prezidenti ilə görüşməsi mümkündür. Amma SEPAH buna icazə verməsə, düşünürəm ki, İran prezidentinin belə bir görüş keçirməsi çətin olacaq. Digər mühüm məsələ isə görüşün nəticəsidir. Belə bir görüş konkret və müsbət nəticəyə hesablanmalıdır. Əgər mümkün nəticələr əvvəlcədən müəyyən edilməyəcəksə və tərəflər arasında ciddi razılaşma əldə olunmayacaqsa, belə bir görüşün keçirilməsi mənasız ola bilər. Hələlik müharibə davam edir. SEPAH isə ABŞ-la danışıqlarda bərabər mövqedə çıxış etməyə çalışır və Vaşinqtonun şərtlərini qəbul etməkdənsə, öz tələblərini irəli sürür".

Rəfiqə Namazəliyeva,

AzNews.az