Cənubi Koreyadan ABŞ-yə 350 milyard dollarlıq investisiya: ilk layihə Texasda başlayır

22 Sentyabr 2026 13:35 (UTC+04:00)

Cənubi Koreyanın ABŞ ilə imzaladığı investisiya sazişi çərçivəsində ilk konkret addım atılıb.

Aylarla davam edən danışıqlardan sonra Seul administrasiyası investisiya paketinin ilk layihəsi olaraq Texasda inşa edilməsi planlaşdırılan təbii qaz elektrik stansiyasını müəyyənləşdirib.

İLK LAYİHƏ TEXASDAKI ELEKTRİK STANSİYASI OLACAQ

“Yonhap”ın Cənubi Koreya Milli Assambleyasındakı mənbələrə istinadən yaydığı xəbərə görə, Cənubi Koreyanın Ticarət, Sənaye və Resurslar Nazirliyi investisiya öhdəliyi çərçivəsində həyata keçiriləcək ilk layihənin təfərrüatlarını Milli Assambleyaya təqdim edib.

Buna əsasən, Texasda təbii qazdan istifadə etməklə elektrik enerjisi istehsal edəcək və 6,3 qiqavat quraşdırılmış gücə malik elektrik stansiyasının tikintisinə 22,3 milyon dollar investisiya yatırılması planlaşdırılır.

Layihə ilə bağlı anlaşma memorandumunun Cənubi Koreyanın Ticarət, Sənaye və Resurslar naziri Kim Jung-Kvan ilə ABŞ-nin ticarət naziri Hovard Latnik arasında keçiriləcək əlavə görüşlərdən sonra açıqlanması gözlənilir.

NÜVƏ VƏ LNG LAYİHƏLƏRİ DƏ GÜNDƏMDƏDİR

İlk investisiyadan sonra ABŞ-də nüvə reaktorlarının tikintisi, eləcə də mayeləşdirilmiş təbii qaz (LNG) layihəsinin də nəzərdən keçiriləcəyi bildirilib.

Cənubi Koreyanın ABŞ-yə investisiya planı ABŞ Prezidenti Donald Tramp ilə Cənubi Koreya Prezidenti Li Ce Myonqun 2025-ci ilin oktyabrında keçirdiyi sammitdən sonra qəbul edilmişdi.

350 MİLYARD DOLLARLIQ İNVESTİSİYA ÖHDƏLİYİ

Sazişə əsasən, Cənubi Koreyanın ABŞ-yə ümumilikdə 350 milyard dollar investisiya yatırması nəzərdə tutulur. Bu məbləğin 150 milyard dollarlıq hissəsinin iki ölkə arasında gəmiqayırma sahəsində əməkdaşlığa ayrılması planlaşdırılır.

İnvestisiya öhdəliyi ABŞ-nin Cənubi Koreya məhsullarına tətbiq etdiyi tariflərin azaldılması müqabilində qəbul edilib. Sazişdə həmçinin Cənubi Koreyanın nüvə sualtı qayıqları istehsal etməsi və uranın zənginləşdirilməsi ilə bağlı təhlükəsizlik tənzimləmələri də yer alır.

Mövsüm,

AzNews.az