İsrail mediası ABŞ ilə İran arasında danışıqların yenidən başlaması cəhdlərinin nəticəsiz qalacağı təqdirdə, mümkün İran hücumuna qarşı Tel-Əvivdə həyəcan səviyyəsinin artırıldığını açıqlayıb.
“Channel 12” televiziyasının xəbərində ABŞ Prezidenti Donald Tramp ilə İran İslam İnqilabı Keşikçiləri Korpusu arasında qarşılıqlı təhdidlər artarkən, Tel-Əviv administrasiyasının İranla yeni qarşıdurma ehtimalına hazırlaşdığı iddia edilib.
Vaşinqtonla Tehran arasında “şiddətli gərginlik” yaşandığı qeyd edilən xəbərdə, Tehran və Vaşinqton administrasiyaları arasında danışıqların yenidən başlanması üçün pərdəarxası təşəbbüslərin olduğu bildirilib.
Xəbərdə bu təşəbbüslərin uğursuz olması halında İsrailin vəziyyətin sürətlə pisləşəcəyi ssenariyə hazırlaşdığı qeyd edilib. Həmçinin İranın ABŞ-yə güzəştə getmək niyyətində olmadığına dair mövqeyə yer verilib.
“Channel 12” israilli təhlükəsizlik rəsmilərinin “işlər nəzarətdən çıxa bilər” qiymətləndirməsini çatdırıb.
Telekanalın məlumatına görə, Tel-Əviv administrasiyası gərginliyin daha da artması halında İranın İsrailə hücum etməsi ehtimalına qarşı müxtəlif variantları nəzərdən keçirir. Hazırlıqların ABŞ ordusu ilə koordinasiya şəraitində həm müdafiə, həm də hücum istiqamətlərini əhatə etdiyi iddia olunub.
Mövsüm,
AzNews.az