"ABŞ husilərlə danışıqlarda İran amilini də nəzərə alır " – EKSPERT

22 Sentyabr 2026 15:30 (UTC+04:00)

"Bab əl-Məndəb boğazı qlobal dəniz logistikasının və enerji daşımalarının əsas geostrateji dar boğazlarından biridir. Bu keçidin təhlükəsizliyi Vaşinqton üçün qlobal iqtisadiyyatın təchizat zəncirini və dəniz naviqasiyası azadlığını qorumaq baxımından birbaşa öhdəlikdir. Husilərin asimmetrik hərbi imkanları və strateji sahil xəttinə nəzarəti göstərdi ki, onları yalnız hava zərbələri ilə tam çəkindirmək mümkün deyil. Bu baxımdan, ABŞ-nin husilərlə təmaslarında dəniz marşrutlarının təhlükəsizliyi əsas prioritet kimi çıxış edir və Vaşinqton hərbi çəkindirmə ilə yanaşı, diplomatik kanallar vasitəsilə naviqasiya risklərini minimuma endirməyə çalışır. İkincisi, bəli, husilərlə aparılan danışıqlar de-fakto Tehranla dolayısı ilə saxlanılan strateji rabitə kanalı funksiyasını yerinə yetirir. Husilər İranın “Müqavimət Oxu” adlandırdığı regional şəbəkənin vacib və muxtar tərkib hissəsidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Nigar Allahverdiyeva deyib.

Qeyd edək ki, ABŞ ilə husilər arasında təmasların davam etməsi Yaxın Şərqdəki mürəkkəb təhlükəsizlik mənzərəsi fonunda diqqət çəkən məqamlardan biridir. Oman vasitəçiliyi ilə aparılan danışıqların gündəmə gəlməsi Vaşinqtonun Yəməndəki vəziyyətə yanaşması ilə yanaşı, İranla bağlı regional gərginliyin mümkün istiqamətləri barədə də suallar yaradır. Xüsusilə Qırmızı dəniz və Bab əl-Məndəb boğazında gəmiçilik təhlükəsizliyinin aktual olaraq qalması tərəflər arasında dialoqun əhəmiyyətini artırır. Bu prosesin hansı məqsədlərə xidmət etdiyi, İran faktorunun danışıqlardakı rolu və mümkün anlaşmanın regiondakı vəziyyətə təsiri hazırda müzakirə olunan əsas məsələlərdəndir.

Siyasi şərhçi bildirib ki, ABŞ-İran münasibətlərində birbaşa diplomatik təmasların məhdud olduğu bir şəraitdə Omanın vasitəçiliyi ilə aparılan danışıqlar gərginliyin idarə olunması baxımından mühüm rol oynayır.

"Vaşinqton bu yolla həm İranın proksi aktora təsir imkanlarını test edir, həm də regional böhranın nəzarətdən çıxaraq genişmiqyaslı münaqişəyə çevrilməsinin qarşısını almağa çalışır. Ən sonda demək olar ki, yaxın perspektivdə tərəflər arasında gəmiçiliyin təhlükəsizliyinə dair “səssiz razılaşmanın” (modus vivendi) əldə olunması mümkündür. Bu isə hücumların dayandırılması müqabilində müəyyən humanitar və iqtisadi güzəştlərin verilməsini nəzərdə tuta bilər. Buna baxmayaraq, uzunmüddətli dövrdə bu proses husilərin regional siyasi aktora çevrilməsini institusional olaraq möhkəmləndirir. Bütün bunlar ABŞ-nin husiləri leqallaşdırmaq istəyindən yox, qlobal ticarət yollarını qorumaq və İranla gərginliyi idarə olunan çərçivədə saxlamaq üçün atdığı soyuqqanlı siyasətdən (realpolitik) xəbər verir".

Rəfiqə Namazəliyeva,

AzNews.az