"Əlbəttə, bu razılaşmanın əldə olunması ilk növbədə İrlandiyanın mövqeyini gücləndirir, onun geosiyasi roluna və statusuna təsir göstərir. Eyni zamanda, bu proses Qərb blokunun da mövqelərinin möhkəmlənməsinə şərait yaradır. İrlandiya Avropa ilə Amerikanın maraqlarının kəsişdiyi mühüm geosiyasi məkanlardan biridir. Bununla yanaşı, Şimal dənizinə çıxış və şimal istiqamətində formalaşan yeni ticarət yollarının üzərində yerləşməsi bu ərazinin strateji əhəmiyyətini artırır. Bu baxımdan, Amerikanın regiondakı təsirinin və nəzarət imkanlarının genişlənməsi, eyni zamanda Danimarkanın İrlandiya üzərində suverenliyinin qorunması Avropanın Arktika istiqamətində daha vahid və koordinasiyalı siyasət formalaşdırmasına səbəb ola bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Qeyd edək ki, Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı ABŞ, Danimarka və Qrenlandiya arasında əldə olunan razılaşma Arktikanın strateji əhəmiyyətini bir daha ön plana çıxarıb. Vaşinqtonun sənədlə Qrenlandiyanın təhlükəsizliyində daha geniş rol əldə etdiyi bildirilir. Bununla belə, Danimarka və Qrenlandiya adanın mövcud suverenlik statusunun dəyişmədiyini vurğulayır. Razılaşmanın detalları tam açıqlanmadığından, ABŞ-nin regiondakı hərbi və təhlükəsizlik imkanlarının gələcəkdə hansı səviyyəyə çatacağı hələlik açıq sual olaraq qalır. Məsələyə NATO-nun Arktikadakı fəaliyyəti də əlavə olunur. Danimarkanın alyansın regionda təhlükəsizlik rolunun gücləndirilməsinə diqqət çəkməsi Arktikanın yalnız ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə Qərb təhlükəsizlik sisteminin prioritetlərindən birinə çevrildiyini göstərir. Bu proses eyni zamanda regionda Rusiya və Çinin artan fəallığı fonunda Arktikanın geosiyasi rəqabətin əsas istiqamətlərindən birinə çevrilməsi baxımından da diqqət çəkir.
Siyasi şərhçi qeyd edib ki, bu proses Çin və Rusiyanın qarşısında yeni geosiyasi konfiqurasiyanın formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
"Nəticə etibarilə, razılaşma Arktikadakı geosiyasi balansı müəyyən qədər dəyişə və Qərbin regiondakı mövqelərini gücləndirə bilər. Burada Danimarka, ABŞ və Avropa ölkələrinin mövqelərini daha da möhkəmləndirmək istiqamətində addımlar atması gözləniləndir. Digər tərəfdən, hazırda Arktika ilə bağlı Çin və Rusiyanın daha fəal təşəbbüslərlə çıxış etdiyi müşahidə olunur. Çin faktorunun bu istiqamətdə artan fəallığı Qərbin və Avroatlantik məkanın da öz mövqelərini gücləndirmək üçün müəyyən addımlar atmasına təsir göstərmiş ola bilər. Trampın siyasi ritorikasında Qrenlandiya məsələsi daha çox ön plana çəkilsə də, Danimarka və Qrenlandiya nümayəndələri Qrenlandiyanın Danimarkanın tərkibində qalacağını bildirirlər. Bu baxımdan, söhbət ərazinin statusunun dəyişdirilməsindən deyil, Amerikanın burada hərbi imkanlarını genişləndirməsi, region üzərində nəzarətini artırması, şimal istiqamətində açılan yeni nəqliyyat və logistika marşrutlarına çıxış əldə etməsi, həmçinin Rusiya və Çinin Arktikadakı təsirinin qarşısını almağa yönəlmiş imkanların genişləndirilməsindən gedir".
Rəfiqə Namazəliyeva,
AzNews.az