Fikrət Məmmədov vətəndaşları qəbul edəcək

1 Oktyabr 2013 09:16 (UTC+04:00)
Ədliyyə naziri Fikrət Məmmədov oktyabrın 3-də Sumqayıt şəhərində vətəndaş qəbulu keçirəcək.


Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Sumqayıt şəhəri, Abşeron, Qobustan, Xızı rayonlarında yaşayan vətəndaşların, habelə Şuşa şəhəri və Qubadlı rayonundan olan məcburi köçkünlərin ədliyyə, məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Sumqayıt şəhərinin Tarixi Muzeyində (ünvan: Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 4-cü mikrorayon) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar Sumqayıt regional ədliyyə şöbəsi, habelə Ədliyyə Nazirliyi vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.

AzNews.az