ABŞ Prezidenti Donald Tramp ilə Venesuelanın müvəqqəti prezidenti Delçi Rodriges Birləşmiş Millətlər Təşkilatının 81-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkda görüş keçirib.
Görüş ABŞ-nin yanvar ayında keçirdiyi əməliyyatdan sonra iki lider arasında ilk birbaşa təmas olub.
Rodriges “X” sosial media platformasında etdiyi paylaşımda görüşü “tarixi” adlandırıb.
Trampla iki ölkə arasında münasibətlərin gücləndirilməsi, xüsusilə enerji, mədənçilik və təhlükəsizlik başda olmaqla strateji sahələrdə əməkdaşlığın inkişaf etdirilməsini müzakirə etdiklərini bildirən Rodriges Venesuelada baş verən zəlzələlərdən sonra ABŞ administrasiyasının göstərdiyi dəstəyə görə Trampa təşəkkür edib.
Rodriges Vaşinqtona Venesuelanın çoxtərəfli platformalara yenidən qoşulması prosesinə verdiyi dəstəyə görə də təşəkkür edib və iki ölkə arasında münasibətlərin dialoq yolu ilə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Mətbuat üçün qapalı keçirilən görüşdə ABŞ-nin dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, Trampın baş katibi Syuzi Uayls və baş katibin müavini Stiven Miller də iştirak edib.
Son dövrdə Vaşinqtonla Karakas arasındakı münasibətlərdə enerji sahəsindəki sazişlər ön plana çıxıb. Avqustun sonunda açıqlanan saziş çərçivəsində Venesueladakı 17 neft yatağı üçün təxminən 65 milyard barel təsdiqlənmiş ehtiyatı əhatə edən 100 illik konsessiyaların verilməsi nəzərdə tutulub.
ABŞ administrasiyasının açıqladığı məlumata görə, saziş sözügedən yataqların istismarını və Venesuelanın enerji sektoruna yeni investisiyaların yatırılmasını nəzərdə tutur.
Mövsüm,
AzNews.az